İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa zəli kimi yapışan Vardanyan haqda ŞOK DETALLAR

2118 24.07.2023 16:00 Son xəbər A A

Ruben Vardanyan Rusiyadan Qarabağa gəldikdə ümumi rəy onun Kremlin desantı olaraq bölgəyə düşməsi yönündə idi.

Qarabağla tarixi, mənəvi, iqtisadi və hüquqi bağlılığı olmayan bu adamın birdən-birə özünü “Artsax”ın xilaskarı olaraq göstərməsi təsadüf deyildi. Rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə oturan qondarma və oyuncaq hökumətdə o, hətta “dövlət naziri” vəzifəsinə də təyin edildi.

Keçmişdə Rusiyada talanan pulların xaricə daşınmasını və ofşor şirkətlərə yerləşdirilməsini təşkil edən, buna görə yüz milyonlarla dollar pul qazanan bu adamın gəlişi təkcə Qarabağda rus varlığını qorumaq üçün deyildi.

Onun son bir ildəki fəaliyyətinə göz atdıqda yaxın və uzaq hədəflərə malik olduğunu asanlıqla görmək mümkündür. Yaxın hədəflərdən biri Rusiya ordusunu hər nə olursa olsun, 2025-ci ildən sonra da Qarabağda saxlamağa nail olmaqdır. İkincisi, Azərbaycanın Qarabağda tam şəkildə suverenliyini bərpa etməsini əngəlləməkdir. Nəhayət üçüncüsü, bütün bunlardan sonra proseslərdən “qəhrəman” kimi çıxacağı təqdirdə Ermənistanda hakimiyyətə gəlməkdir.

ruben son.PNG (843 KB)

Bunu əslində Vardanyanın son 6 ayda və ya yaxın zamanlarda verdiyi açıqlamalardan da görmək olar. Erməni milyonerin demək olar ki, bütün çıxışları sanki hesabat-proqram mahiyyəti daşıyır. Elə son 1 ayda yazdıqları və söylədiklərinin xilasəsi onun bölgəyə gəlişinin əsas məqsədinin nə olduğunu ortaya çıxara bilər. Vardanyan bu çıxışlarında Azərbaycana qarşı nifrət ritorikasından vaz keçməməklə bərabər, sülh danışıqları ilə bağlı rəsmi İrəvanı tənqid etməkdən çəkinmir.

Məsələn, bu ilin may ayının 29-da Vardanyan feysbuk səhifəsində bu cümlələri işlədib:

“Bəs rəsmi İrəvanın mövqeyi necədir? Azərbaycan daxilində Qarabağ sakinlərinin hüquqlarının guya mümkün müdafiəsi ilə bağlı demaqogiyanı davam etdirmək artıq mümkün deyil. Bizi məhv və ya kölə etmək istəyirlər... Biz bununla heç vaxt razılaşmayacağıq. Biz sona qədər mübarizə aparacağıq. Son xətt keçdi: siz ya Qarabağın müdafiəsinə qalxacaqsınız, ya da bütün erməni xalqının əleyhinə”.

Eyni gündə Vardanyan Ermənistanda hər kəsi özü ilə birləşməyə çağırıb. Bununla bağlı erməni saytları onun dediklərini “Geri çəkiləcək yer yoxdur, qərarlar qəbul etməliyik, hər gün hazırlaşırıq” başlığı ilə önə çıxarıb. Ümumiyyətlə, Vardanyanın bir sonrakı çıxışlarında görəcəyimiz kimi, o, Qarabağı Ermənistandan ayrı görmür və onu ümumi “erməni torpağı” olaraq təqdim edir.

“Onlar (Azərbayan - red.) hiss etməlidirlər ki, biz öz torpağımızda yaşamaq hüququmuzu qorumaq üçün hər cür yola getməyə hazırıq. Bu, səs-küy olmadan edilməlidir. Biz hər şeyə hazırlaşmalı və dünyaya başa salmalıyıq ki, bu gün baş verənlərin Azərbaycanın istədiyi yanaşmaya uyğun həlli yoxdur. Bu yanaşma bizim Azərbaycanın tərkibinə qatılmağımızdır. Lakin bu, bizlər üçün qəbuledilməzdir. İndi artıq bir şey bəllidir: sən ya ermənisən və “Artsax”ın (ermənilərin Qarabağa qoyduqları qondarma ad - red.) yanında dayanırsan, ya da “Artsax”ın yanında deyilsənsə, erməni deyilsən”, - Vardanyan bildirib.

Ruben Vardanyanın eyni gündə hər kəsi “ümumi düşmənə” (Azərbaycana) qarşı savaşmağa çağırması elə bu qəbildəndir. Qarabağlı belə olmayan bir adamın sözlərinə diqqət yetirək: “Biz ölkəmizi, “Artsax”ımızı qorumaq üçün hər şeyi etməliyik. Bunun üçün biz “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsini” yaradırıq, müxtəlif sferalardan olan insanlar ona qoşulur. Şəxsi maraqları bir kənara qoyaraq bir ideya ətrafında birləşək”.

Erməni iş adamının iyun ayının 1-də, Uşaqların Müdafiəsi Günündə yazdığı da diqqətçəkicidir. Burada Vardanyan az qala özünü Qarabağın tək ağası hesab edir:

“Mən, Ruben Vardanyan, bu uşaqların bundan sonra da burada böyüməsinə, təhsil almalarına, öz xoşbəxtliklərini tapmalarına, ailələr yaratmasına və yeni erməni nəsillərinin dünyaya gəlməsinə cavabdehəm”.

Ruben Vardanyan qarşıdakı məqsədə gedən yolda əsas rəqibinin Nikol Paşinyan olduğunu gizlətmir, bəzən açıq, bəzən də üstüörtülü şəkildə ona təniqdlər ünvanlayır. İyun ayının 17-də feysbuk səhifəsində yazdığı statusda Vardanyan Paşinyan hökumətini Azərbaycan qarşısında süst qalmaqda suçlayıb.

vardan.PNG (1.24 MB)

“Azərbaycanın hərəkətləri, rəsmi açıqlamaları, informasiya məkanında yayılan tezislər göstərir ki, rəsmi Bakı həm Qarabağ, həm də Ermənistan istiqamətində vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Təəssüf ki, bu çətin və taleyüklü məqamda Paşinyan və hökuməti cəmiyyətə düzgün siqnallar vermək, adekvat addımlar atmaq əvəzinə dövlətçiliyimizin əsaslarına qarşı tezislər yaymaqda davam edir. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı bəyanatından sonra Paşinyan Ermənistan dövlətçiliyinin mövcudluğunu şübhə altına alan çıxışlar da etməyə başladı. Mən dəfələrlə qeyd etmişəm ki, Qarabağdan imtina Ermənistan dövlətçiliyi üçün dağıdıcı olacaq. Paşinyan bunu öz hərəkətləri ilə sübut edir.

Paşinyan daxildən bizim dəyərlər sistemimizin sütunlarına zərbələr endirir... İmmunitetimizi zəiflədən, milli ləyaqətimizi qırmağa çalışan bir siyasət aparılır”, - deyə o yazıb.

Sonda yenə “xilaskar” çıxışı: “Qarabağı saxlamaq və Ermənistanı bu vəziyyətdən çıxarmaq potensialımız var. Biz bu yolla getməyə borcluyuq, çünki əks halda dövlətçiliyin itirilməsi ilə üzləşəcəyik və bunun əsas günahkarı özümüz olacağıq”.

Vardanyanın Qarabağdan sadəcə bir vasitə kimi istifadə etmək niyyəti onun sonrakı yazılarında da görünür. Erməni iş adamının iyun ayının 22-də “Əgər savadlı hərəkət etsək, Qarabağı saxlaya bilərik”, başlıqlı feysbuk yazısı sanki hansısa proqramın icrası və buna görə verilən hesabatı xatırladır. Burada deyəsən Vardanyan heç separatçıların qurduğu qondarma və oyuncaq “hökuməti” də saymır.

araik son.PNG (895 KB)

“Bu ümidsiz görünən vəziyyətdə mən kiçik bir proqram haqqında danışmaq istəyirəm. “Biz - bizim dağlar” agentliyi Qarabağda (separatçıların olduğu ərazilər - red.) yeni proqrama start verib və bu proqram çərçivəsində Xankəndi, Martuni (Xocavənd - red.), Martakert (Ağdərə - red.) və Əsgəran rayonlarının 70-dən çox uşaq bağçası və tibb müəssisələrində günəş enerjisi ilə işləyən su qızdırıcıları quraşdırılacaq. Bu o deməkdir ki, elektrik və qazın kəsilməsindən asılı olmayaraq, bu mühüm sosial qurumlar günəş enerjisi sayəsində alternativ şəkildə isti suya sahib olacaqlar. Bütün bunlar Azərbaycan tərəfinin səylərinin təsirini neytrallaşdıracaq”, - deyə o bildirib.

İyunun 28-dəki yazısında Vardanyan Azərbaycana qarşı faşist Njdedən gətirdiyi sitatlarla mübarizə aparmağa çağırıb. Bu yazısında o, vəziyyətin çıxılmaz həddə gəlib çatdığını da etiraf edib. Vardanyanın həmin statusunda artıq həm Rusiya, həm də digər beynəlxalq tərəfdaşlarına çağırışlar etdiyi də görünür.

İyul ayından başlayaraq erməni siyasətçi yenidən Ermənistan hökumətini açıq tənqidə keçib və Paşinyanı qorxaqlıqda suçlayıb.

“Qarabağ ermənilərinin bugünkü problemlərinə görə məsuliyyət yalnız bir şəxsin - nə siyasi idarəçilikdə, nə də beynəlxalq diplomatiyada təcrübəsi olan, yanlış müzakirəçinin üzərinə düşür. Qanuni əsaslar olmadan təkbaşına Qarabağı təslim etmək qərarına gələn bir şəxsin günahı ucbatından danışıqlar prosesi düz getməyib. Azərbaycanı güzəştlər yolu ilə sakitləşdirmə siyasəti sayəsində əsas dəyərlərin və erməni kimliyinin məhv olunması prosesi gedir. Qorxaqlığın, iradəsizliyin təzahürü istər-istəməz Azərbaycandan yeni hücum dalğasına səbəb olacaq”, - deyə o yazıb.

Vardanyan həmin tənqidini iyulun 8-də Ermənistanda keçirilən “Diaspora - “Artsax” - Ermənistan: əməkdaşlıq” 6-cı Beynəlxalq Tibb Konqresində də təkrarlayıb.

Ruben Vardanyan burada Ermənistan hakimiyyətini bəyanatlarına görə tənqid edib. Özünü gələcəyin lideri görən erməni siyasətçi burada tənqidlə geri qalmayıb, hətta situasiya ilə bağlı “çıxış yolu proqramını” da açıqlayıb. “Bu gün 77 istiqamət üzrə inkişaf proqramımız var, işçi qruplar işləyir, onlar artıq onlarla layihə həyata keçiriblər”, - deyə o söyləyib.

İyul ayının 15-də yazdığı statusda Vardanyan yenə də mövcud situasiyaya görə rəsmi İrəvanı ittiham edib və Ermənistanı danışıqlarda təmsil edən ekspertlərinin olmadığını bildirib. Maraqlıdır ki, Vardanyanın bu sözləri keçmiş xarici işlər naziri Vardan Oskanyanın danışıqlar prosesində nümayəndə olmaq istəyi ilə bağlı verdiyi bəyanatların tarixinə təsadüf gəlir.

İyul ayının 20-də Ruben Vardanyan hətta Qarabağın “qorunması” ilə bağlı 6 bəndlik planını da açıqlayıb. Bu planda Vardanyanın Qarabağda “hava dəhlizinin qurulması”, bölgədə beynəlxalq kontingentin yerləşdirilməsinin vacibliyini vurğulaması diqqət çəkir. Rusiya sülhməramlıların getməsinə az qalmış erməni tərəfdən bu tip təkliflərin veriləcəyi göləniləndir.

xankendi son.jpg (233 KB)

Ruben Vardanyana görə:

1. Humanitar hava dəhlizinin işə salınması mühüm əhəmiyyət kəsb edir. BMT-nin və ya digər beynəlxalq strukturların humanitar missiyaları birbaşa Xankəndiyə gəlib yardım göstərə bilməlidir.

2. BMT və ya digər beynəlxalq strukturun (AŞPA, Aİ) faktaraşdırıcı missiyası mümkün qədər tez Qarabağa göndərilməlidir. Yerdə vəziyyətin birbaşa müşahidəsi böhranın şiddəti haqqında daha aydın təsəvvür yaradacaq.

3. Vaşinqtondan Parisə, Moskvaya kimi beynəlxalq vasitəçilər dəyişiklik üçün Azərbaycana təzyiq etməlidirlər. Bunu etməsələr, onların vasitəçilik səyləri boşa çıxacaq.

4. Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyası BMT-nin rəsmi beynəlxalq mandatı almalıdır. BMT Dağlıq Qarabağda sülhməramlı missiyanın genişləndirilməsi variantlarını da nəzərdən keçirə bilər, (məsələn, Çin sülhməramlı kontingentinin cəlb olunması kimi)

5. Anlamaq son dərəcə vacibdir ki, böhranın humanitar tərəfindən nə qədər danışsalar da, mövcud problemlərin siyasi və tarixi əsası var. Bu faktı gözardı etmək olmaz.

6. Dünya şöhrətli və nüfuzlu ermənilər, xarici dostlar öz fəallıqları ilə Qarabağ məsələsində böyük rol oynaya bilərlər.

Vardanyan sonda hətta yalvarışla kömək üçün səslənib:

“Yalnız birgə səylə, çiyin-çiyinə dayanmaqla bu çətin tarixi mərhələdən çıxa bilərik”.

İyul ayının 21-dəki yazısında isə Ruben Vardanyan Azərbaycan - “Artsax” - Rusiya danışıqlarından dəm vurub. Buna görə hətta bir sıra “tələblər” də səsləndirib.

Ermənistan hakimiyyətindən Ermənistanla Azərbaycan arasında son 5 ildə aparılan danışıqların tarixinin bütün paketini tələb etmək lazımdır;

Qarabağ ermənilərinin adından Qarabağ haqqında hər hansı sənədin imzalanmasını istisna etmək;

Ermənistanla münasibətlərin hazırkı vəziyyətini aydınlaşdırmaq;

“Artsax” (oyuncaq separatçı rejim - red.) - Azərbaycan danışıqlar formatı, üçüncü tərəf, iştirakçılar, danışıqların gündəliyi və yeri ilə bağlı məsələləri aydınlaşdırmaq;

“Artsax” hakimiyyətinin “Ayakve” təşəbbüsünü dəstəklədiyini rəsmən bəyan etmək;

“Artsax-Rusiya-Azərbaycan” yeni üçtərəfli sazişin imzalanmasını tələb etmək;

“Artsax Respublikası”nın digər ölkələr tərəfindən tanınması prosesini gücləndirmək.

Bütün bunlardan sonra bir nəticəyə gəlmək olar. Qarabağ Azərbaycanın tam nəzarətinə keçdikdən sonra belə, Vardanyan kimilərin ritorikası dəyişməyəcək. Onlar üçün Qarabağ məsələsi daxildə siyasi alət olaraq qalmaqda davam edəcək. Görünür, Vardanyan da gələcək siyasi karyerasını bu ritorika üzərində quracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR