İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ təcrübə poliqonu deyil, cənab Putin

1697 26.11.2022 13:24 Yazarlar A A

Dünən Azərbaycan Prezidenti bir daha bəyan elədi ki, Bakı heç bir ölkə ilə, heç bir beynəlxalq təşkilatla Qarabağdan danışmayacaq. “Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”. Bunu da İlham Əliyev net şəkildə bildirdi.

Mesaj sözsüz ki, ilk növbədə ölkəmizə qarşı ifritə siyasətini davam etdirən Rusiyaya ünvanlanıb. Qarabağ anklavında bir ovuc erməni separatçısı ilə əl ələ verib “dövlətcik” oyunu oynayan, suverenliyimiz və ərazi bütövlüyümüz əleyhinə yüz hoqqadan çıxan şimal qonşumuza; sülh müqaviləsinə israrla “status” bəndi soxuşdurmaq istəyən Kremlə; Bakının sərt etirazlarına rəğmən, bülletenlərində iki ildir həyasızcasına saxta erməni toponimlərindən, “Dağlıq Qarabağ”, “Qarabağ ordusu” ifadələrindən istifadə edən Rusiyanın Müdafiə Nazirliyinə!

Dövlət başçısının yuxarıdakı xəbərdarlığı Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayevin ölkəmizə səfərindən cəmi bir gün sonraya təsadüf eləməsi ilə də diqqət çəkir. Demək, ehtimal böyükdür ki, rus diplomat bu dəfə də Bakıda “status” söhbəti edib.

Amma əbəs yerə. Belə oyunlar keçməz. Əgər Moskvada xəyal edirlər ki, Azərbaycan dövlətinin altına 1923-cü ildəki kimi yenə “muxtariyyət” bombası qoya biləcəklər, yanılırlar. Azərbaycan artıq Azərbaycan SSR-i, hansısa “müttəfiq respublika” deyil ki, Kremlin direktivləri ilə oturub-dura. BMT-nin, digər beynəlxalq və regional təşkilatların, o sırada Türk Dövlətləri Təşkilatının üzvü olan, özünə güvəni, güc-qüdrəti olan müstəqil dövlətdir. Bölgənin açar ölkəsidir. Nəhayət, qardaş Türkiyə ilə hərbi-strateji müttəfiqliyə malik, onunla “ət-dırnaq” qədər yaxın, doğma ölkədir.

Düzdür, Qarabağda müvəqqəti də olsa, bizim razılığımızla Rusiya hərbi kontingenti yerləşib. O da uzağı, 2025-dək. Təkrar edirik, MÜVƏQQƏTİ! Yəni Moskva unutmasın ki, bu, heç də Gümrüdəki kimi, Rusiya hərbi bazası deyil. Azərbaycanda Rusiya hərbi bazası yoxdur! Sonuncu rus bazası Qəbələ RLS idi ki, o da 2012-də çıxarıldı. Özü də Putinin dönəmində! Odur ki, müddət bitəndə, razılığımız olmazsa, rus “sülhməramlıları” da şələ-kütlələrini götürüb geri dönməli olacaqlar.

WhatsApp Image 2022-11-26 at 13.20.27.jpeg (52 KB)

Hərgah, istisna deyil ki, ona qədər Kreml Azərbaycana qarşı hansısa məkrli oyun qursun. Məsələn, dünən belə bir fikrə rast gəldim ki, əgər Azərbaycan anklavda antiterror əməliyyatına başlasa, Rusiya orada 1-2 hərbçisini qəsdən qurban verə və bu bəhanə ilə Qarabağa ordu yeridə bilər. Təbii ki, ərazimizdə əbədi qalmaq üçün (Cənubi Osetiya ssenarisi).

Moskva heç bir quru sərhədi olmayan Qarabağda bu boyda riskə gedərmi? Hər şey qırağa, Kremldə bəyəm Şuşa Bəyannaməsini oxumayıblar? Bu, Putinin öz imzasını unutduğu 22 fevral (2022) Moskva Bəyannəməsi deyil e. Şuşa Bəyannaməsidir. Türkiyə isə Rusiyadan fərqli olaraq tarix boyu öz öhdəliyinə, imzasına sadiq qalan ciddi dövlətdir - o ki ola Azərbaycanla bağlı götürdüyü və parlamentin də ratifikasiya elədiyi öhdəliyə. Osmanlı Türkiyəsi 1918-ci ildə özünün ağır durumunda belə bizə qardaş köməyi göstəribsə, indiki qat-qat güclü vəziyyətində o, tərəddüdsüz bina gedəcək. Azərbaycan soxulan qarşısında Türkiyəni görəcək və əksinə!

Yeri gəlmişkən, İlham Əliyev dünənki çıxışında “Türkiyənin ordusu bizim ordumuz, bizim ordumuz Türkiyənin ordusudur” ifadəsini də işlətdi. Əla ismarışdır və yenə öncəliklə “Ukrayna bataqlığı”nda çapalayan və hələ uzun müddət orada qalacaq Rusiyaya ünvanlıdır.

Məgər Moskva barmaqla sayılan tərəfdaşlarından olan Azərbaycan və Türkiyənin ona qarşı “İkinci cəbhə” açılmasını arzulayır? Hansı ki, Qərb üçün göydən düşmə olardı. Biz hələ nüvə dövləti, qardaş Pakistanın, İsrailin, lap elə Qərbin özünün bizə dərhal işə düşəcək hərbi vı başqa dəstəyini demirik. Bu ki, Rusiya üçün tam fəlakət olar və imperiyanın sonunu tezləşdirər.

Düşünmürük ki, Kremldə bütün bunları hesablaya bilən başlar yoxdur. Odur ki, məsləhətdir Rusiya Qarabağda özünü ağıllı və sakit aparsın, qaşınmasın. Əsəblərimizlə oynamasın, ərazi bütovlüyümüzə və suverenliyimiz əleyhinə çirkin planlar qurmasın. Donbas, Krım ssenarilərinin Qarabağa daşınmasına əbəs cəhdlər göstərməsin. Nəhayət, olan-qalan tərəfdaşlarını küsdürməsin.

Qarabağ sizə cürbəcür eksperimentlər aparmaq üçün poliqon deyil, cənablar! Qarabağ nə Donbas və Krım, nə də Abxaziya, yaxud Cənubi Osetiyadır, yoldaş SSRİ sevdalısı Putin və... nida işarəsi!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR