İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ probleminin həlli niyə belə uzanır?

682 20.05.2023 10:45 Yazarlar A A

Bəzən adama elə gəlir ki, böyük dövlətlərin diplomatlarını nəticə yox, proses maraqlandırır– onlar sanki deyirlər ki, nəticə olmaya da bilər, daha vacibi görüşmək və danışmaqdır.

Bir tərəfdən bunu başa düşmək olar. Danışıqlar, müzakirələr olanda diplomatlar üçün iş olur, üstəlik, onlar siyasi gündəmin siyasi ulduzuna çevrilirlər. Amma otuz ildir ki, davam edən Qarabağ prosesini biz təkcə bununla izah etməzdik.

Problemin keçmişinə varmadan qeyd edək ki, hazırda çox intensiv proses gedir. Hətta erməni tərəfi gizlətmir ki, Qərb onlardan Azərbaycanın ərazi bütövlüyünü tanımağı, Bakı və Ankara ilə normal münasibətlər qurmağı və tezliklə sülh müqaviləsinin imzalamağı tələb edir. Odur ki, Qərbin, daha çox isə ABŞ-ın diplomatlarını daha diplomatik turistlər adlandırmaq olmaz. Onlar həqiqətən də prosesin irəli getməsində maraqlıdırlar. Bəs onda proses niyə dayanıb?

Səbəblər çoxdur və biz isə onlardan yalnız ikisini qeyd edəcəyik. Dünyanın bir çox münaqişələrinin ən azı bir əsrlik yaşı var – bəli, on illərdir ki, ərəb – İsrail, İsrail-Fələstin, İrlandiya və Kəşmir problemləri öz həllini tapa bilmir. Məsələ də bundadır ki, onları həll etmək o qədər də asan deyil. Bu problemlərə toxunanda yada ən çox müxtəlif geosiyasi maraqlar düşür. Amma problem təkcə geosiyasi maraqlarda deyil, tərəflər heç cür ortaq məxrəcə gələ bilmirlər. Azərbaycan- Ermənistan müstəvisində də çox ziddiyyətli proseslər gedir. Hətta indinin özündə hərbi gərginlik davam etsə də, baş nazir Nikol Paşinyan gah belə danışır, gah da elə! Onun əksər çıxışları sülh məzmunludur. Belə təsəvvür yaranır ki, Paşinyan öz cəmiyyətini sülhə hazırlamaq istəyir, çünki bu elə də asan məsələ deyil, müxalifət buna mane olur, kilsə etiraz edir, çox saylı diasporalar suyu bulandırır...

İkincisi, ortada daha bir maneə, Rusiya amili də var. Moskvanın istəyinə rəğmən ABŞ prosesdə onu qabaqlaya bildi, üstəlik, Brüssel prosesi bərpa olundu. Amma Kreml rahatlaşmır. Hazırda paralel Moskva prosesi də davam edir – yox, ona Vaşinqton və ya Brüssel prosesinin davamı kimi baxmaq olmaz, Kreml təşəbbüsü tamamilə öz əlinə almaq istəyir və bütün vasitələrlə çalışır ki, Qərbin səylərini heç etsin.

Belə vəziyyət əlbəttə ki, N.Paşinyan üçün “manevr imkanları” yaradır. Təkcə ona görə yox ki, Paşinyan da hər şeydən əvvəl ermənidir və onun da bir gözü Azərbaycan torpaqlarındadır. Yox, Paşinyan və komandası dəfələrlə bəyan edib ki, onların maraqlarına daha çox münaqişənin Qərb həll variantı, Qərbin apardığı proses cavab verir. Amma onlar Rusiyanın təhdid və təzyiqlərindən ehtiyat edirlər. Odur ki, proses, necə deyərlər, öz yerində saymaqda davam edir. Bu günlərdə Paşinyan bəyan etdi ki, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanıyır. Amma bu bəyanat Rusiyanın maraqlarına nə qədər cavab verir? Axı belə olan təqdirdə daha Rusiyaya burada yer qalmayacaq!..

Elə bu səbəbdən düşünmürük ki, ən yaxın günlərdə, xüsusən də Kişinyovda nəsə ciddi bir irəliləyiş əldə etmək mümkün olsun. Burada adamın yadına on illər bundan əvvəl baş vermiş bir detal düşür.
O vaxt danışıqlarda iştirak edən bir diplomatımız deyirdi ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrostan bizdən təəccüblə soruşdu ki, doğrudanmı, siz Dağlıq Qarabağa Tatarıstan kimi status verməyə hazırsınız?

Diplomat deyirdi ki, biz “hə” cavabı verdik. Amma ruslar Ter-Petrosyana nə dedilərsə, o, yenə də özünün “tam müstəqillik havası”nı çalmağa başladı...

O vaxtdan xeyli müddət keçib. Bakı indi Dağlıq Qarabağ ermənilərinə ən yaxşı halda mədəni haqlar verə bilər. Üstəlik, biz Rusiyaya, ABŞ-a və Fransaya deməliyik ki, muxtariyyat belə asan işdirsə, niyə ərazilərinizdə yaşayam ermənilərə onu vermirsiniz?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR