İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ probleminə” mədəni rədd cavabı verildi - Çin olmayan arzu

695 22.08.2023 11:21 Siyasət A A

Çin Tayvandakı separatizmdən narahatdır və  Qarabağ ermənilərinə heç vaxt dəstək verə bilməz

BMT Təhlükəsizlik Şurasında uğursuzluq Ermənistan qədər Parisi də məyus edib. Fransa XİN rəhbəri Ketrin Kolonna çinli həmkarı Van Yi arasında telefonla danışıb. Məlumata görə, nazirlər “digər məsələlər” sırasında Qarabağdakı vəziyyəti də müzakirə ediblər.

Maraqlıdır ki, Çin tərəfi telefon söhbətində qısaca olaraq Qarabağla bağlı müzakirə edildiyini bəyan edib. Fransa XİN isə Parisin sevdiyi “humanitar böhran”dan bəhs edildiyi barədə məlumat yayıb. 

Məlumdur ki, Pekin konkret regionlarda öz maraqlarına malik olsa da, digər ölkələrin işlərinə qarışmağa həvəsli deyil və prosesləri sakitcə izləməyə üstünlük verir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə marşrutlardan biri də Xəzər dənizi vasitəsilə Qazaxıstandan Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxır. Və Ermənistanın bu qədər inadla qarşı çıxdığı Zəngəzur dəhlizinin açılması Pekinə Cənubi Qafqaz vasitəsilə Avropaya çıxış üçün daha bir imkan verəcək. Minval.az-ın bununla bağlı təhlilində deyilir ki, Pekin nəzəri olaraq “Bir kəmər, bir yol”un əsas halqalarından biri olan Azərbaycanın xeyrinə, belə demək mümkünsə, susur. Bu arada Ermənistan Azərbaycanın və Türkiyənin üzvü olmadığı, Çinin aparıcı rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qarabağla bağlı müzakirələrdə aktiv rol alacağına ümid edir. Nəzəri cəhətdən Pekin bu barədə danışmağa, belə bir sxemə uyğun olaraq ərazi bütövlüyünü qoruyan və regionda gərginliyin dərəcəsini azaldan Bakı və İrəvanla təmaslara başlaya bilər. Amma Ermənistan buradan da umduğunu ala bilməyəcək-ŞƏT buna kömək etməyəcək. Çin indi Tayvandan, yəni separatizmdən narahatdır, ona görə də Qarabağ ermənilərinə heç vaxt dəstək verə bilməz.

Çin nüfuzlu ölkədir, baxmayaraq ki, Qərb opponentləri onu dünyada “şər qüvvə” kimi təqdim etməyə çalışırlar. “Ancaq Çin siyasətində axmaqlar yoxdur” və Fransa XİN rəhbəri onu Qarabağ məsələsində ermənilərə və Parisə sərf edən müzakirələrə cəlb edə bilməz.

Bəhruz Məhərrəmov: Fransanın Korsikada yerli dili qadağan etməsi insanlıq  əleyhinə cinayәtdir

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Çinin siyasətində Qərblə müqayisədə ciddi fərqlərin olduğunu göstərdi: “Çin hazırda dünyanın yüksələn gücüdür və çox ehtimal ki, yaxın perspektivdə bir nömrəli oyunçusuna çevriləcək. Lakin qlobal siyasətə təsir imkanları mübahisəsiz olan rəsmi Pekinin beynəlxalq münasibətlərdə baxışı Qərbin yanaşmasından köklü şəkildə fərqlənir. Çin mümkün qədər münaqişəli vəziyyətlərə, xüsusən öz regionundan kənarda baş verən mübahisəli məsələlərdə susmağa üstünlük verir və özünün birbaşa maraqları təhdid olunmayana qədər aqressiv davranışa üstünlük vermir. Çin xarici siyasətində daha çox ticari-iqtisadi formullara üstünlük verir və daha münbit ticari şərtlər uğrunda çalışır.

Bu mənada hazırda Çin üçün vacib olan yeganə və ən vacib nüans “Bir kəmər-bir yol” layihəsi və bu çərçivədə Zəngəzur dəhlizidir. Daha təhlükəsiz, daha qısa və ən səmərəli variant kimi Çin üçün Azərbaycan Prezidentinin bu ideyası alternativsizdir. Pekin eyni zamanda regionda söz sahibinin kim olduğunu və Cənubi Qafqazda maraqlarını kiminlə tərəfdaşlıqda təmin edə biləcəyini gözəl anlayır. Çin mediasının Azərbaycana artan marağı, 7 ay ərzində bu ölkənin iki transmilli media strukturunun cənab İlham Əliyevə müsahibə üçün müraciəti bu mənada, təbii ki, təsadüf deyil. Bu həm ölkəmizin artan nüfuzunun və cənab İlham Əliyevin qlobal miqyaslı lider kimi ciddi təsir imkanlarının artdığını, həm də Çinin regionda tərəf müqabili olaraq kimə fokuslandığını göstərir.

Belə bir şəraitdə Fransanın Çinlə Qarabağda humanitar böhran şousunu müzakirə etmək cəhdləri nəyi isə dəyişə bilməz və əslində bu məsələ Çini heç maraqlandırmır da. Çin Fransa ilə dialoqda qaldırılan məsələni, sadəcə, dinləyə bilər, açıq formada qərəzli çağırışlarla separatizmə dəstək vermək Pekin üçün lüzumsuzdur. Özü separatizmlə üz-üzə qalan və ərazi bütövlüyünə Qərb tərəfindən açıq şəkildə hörmətsizlik edilən Çinin Qərbin saxta humanitar fəlakət şousuna qoşulması ağlabatan deyil. Pekində gözəl anlayırlar ki, “demokratiya”, “humanizm”, “insan haqları” idealları ilə pərdələnən qlobal güclər əslində ikili standartlarla yaşayan riyakar imperialistlərdir. Bəşəri niyyətlərlə yaradıldığı iddia edilən “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” və s. kimi beynəlxalq təşkilatlar əslində iri dövlətlərin əlində, sadəcə, alətdir və onların təlimatları ilə Azərbaycandan daha çox elə Çin özü davamlı olaraq muzdlu Qərb mətbuatının hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır.

Bu mənada Fransanın Çinlə Qarabağ ermənilərinin “taleyini” müzakirəyə çıxarması Parisin uğursuz gedişindən başqa bir şey deyil və yanlış eyforiyaya səbəb olmaqla Ermənistanın özünü məhvə aparır".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli istənilən halda Çinin Türkiyə və Azərbaycanla münasibətləri korlamayacağını düşünür: “Hər qədim xalq özünə rəmz olaraq bir heyvan seçir. Məsələn, biz türklər boz qurd, ruslar ayı, fransızlar xoruz, çinlilərin isə milli heyvanı əjdahadır. Çin əjdahası da çox böyükdür, amma rus ayısı kimi ağılsız deyil. Çin öz böyüklüyünü onun, bunun ərazilərini işğal etməklə sübut etmir. Pekin nəhəngliyinin yolunu təkcə ərazisinin miqyası ilə deyil, həm də iqtisadi inkişafı ilə görür. Əsasən də Çin Xalq Respublikasının iqtisadi böyüməsi post Mao Tsedun dövrünə təvafüv edir. Çin dövləti əsasən çinlilər yaşayan ərazilərdə hökmranlıq ediblər. Başqa ölkələrin hesabına öz ərazilərini böyütməyiblər. Düzdür, bir az türklərdən (uyğurlar), bir az monqollardan (daxili Monqolustan) ərazilər qoparıblar, tibetlilərin torpaqlarını özlərinə birləşdiriblər, amma bununla da kifayətləniblər. Müasir Çin Rusiyadan fərqli olaraq hərbi ekspansiyadan daha çox iqtisadi ekspansiya yolunu tutub. Ukraynaya görə Qərb-Rusiya qarşıdurmasında Çin özünü elə göstərir ki, guya Moskvaya daha yaxındır. Lakin əslində isə hər iki tərəflə siyasi-ticari münasibətləri qoruyub saxlayır, bəzi məqamlarda isə inkişaf etdirir. Yəni gerçək Çin yuxarıda qeyd etdiyimiz kimidir və reallıqları nəzərə almaqda davam edərək balaca, ac, məğlub Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətləri korlayan deyil. Üstəlik unutmayaq ki, Azərbaycan və Çinin eyni yaxın müttəfiqi var-Pakistan. Sintizyan-Uyğur, Tibet, Tayvan kimi Çinin həm daxili, həm də xarici problemlərini də əlavə etsək, Pekinin erməni separatçılığını dəstəkləyəcəyini düşünmürəm. Mən hələ Vahid İpək Yolu projesinin Zəngəzur dəhlizindən keçəcəyini demirəm. Onda, ümumiyyətlə, Çinin Azərbaycan və Türkiyə ilə konfrontasiyaya gedəcəyini düşünmürəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR