İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri “ana”larından imtina etdilər

1879 24.02.2023 09:40 Siyasət A A

“Highgate Consult” agentliyinin sorğusunun üzə çıxardığı nəticələrə Bakıdan reaksiyalar

2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində “Highgate Consult” sosioloji agentliyi Qarabağdakı ermənilər arasında müxtəlif mövzularda sosioloji araşdırma aparıb. “Hrapak” qəzetinin məlumatına görə, Qarabağda məskunlaşmış ermənilərdən bu mövzuda rəy öyrənilib. Siyahıda bu suallar verilib: Qarabağdakılar özlərini erməni, "artsax" vətəndaşı, Ermənistan vətəndaşı, yoxsa xristian hesab edirlər?

Cavablardan belə məlum olub ki, əksəriyyət özünü qətiyyən Ermənistan vətəndaşı saymır. Əlbəttə ki, bu nəticə təsadüfi deyil. Qarabağ ermənilərinə Ermənistan pasportlarının verilməsi dayandırılıb ki, buna da səbəb ötən il oktyabrın 7-də Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Praqa Bəyannaməsini imzalamasıdır. Bu bəyanata əsasən, İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Beləliklə, İrəvan eyni vaxtda “Qarabağda yaşayanların Azərbaycan vətəndaşları olduğunu” qəbul edir. Ermənistan hökuməti Paşinyanın nəzarətində olan “Hraparak” qəzeti vasitəsilə Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını almağı da təklif etmişdi. Qarabağ erməniləri də hesab edirlər ki, Ermənistanın indiki rəhbərliyi onlardan üz döndərib və onların taleyi baş naziri Nikol Paşinyan üçün heç də əhəmiyyətli deyil. İrəvanda da Qarabağda məskunlaşmış ermənilərin “ana vətəndən” üz döndərdiklərinin fərqindədirlər. Təsadüfi deyil ki, bir müddət əvvələ kimi “Azərbaycanla sülh müqaviləsinə Qarabağ məsələsi daxil edilməyə bilər” deyən Paşinyan hökuməti yenidən köhnə havaya qayıdıb. Bildirilir ki, Bakıya göndərilən son sülh təklifində də yenidən ermənilərin təhlükəsizliyi məsələsi əksini tapıb. Bakı isə bunu birmənalı rədd edir və Qarabağı daxili məsələsi, erməniləri isə öz vətəndaşı hesab edir. Qaçaq milyarder Ruben Vardanyanın Xankəndinə yerləşməsindən sonra Qarabağ ermənilərinin vəziyyəti daha da pisləşib. Onlar gec-tez anlamalıdırlar ki, təkcə “ana”dan deyil, qondarma “arsax”dan da imtina etməyin və Azərbaycan vətəndaşlığını almağın zamanıdır...

Vüqar İskəndərov: Yenidən sərtləşmələrə gedilməməsi üçün vaksinasiya  prosesi davam etdirilməlidir - AZƏRTAC

Vüqar İsgəndərov 

YAP-çı deputat Vüqar İsgəndərov “Yeni Müsavat”a açıqlamasında dedi ki, Xankəndi və ətraf rayonlar Azərbaycanın suveren ərazisidir: “Hazırda orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Dəfələrlə Azərbaycan tərəfi onlara ərazisində yaşayan digər azlıqlar kimi konstitusiyamızın müddəalarına uyğun bərabərhüquqlarından istifadə haqqında fikirlər səsləndirib. Cənab Prezident Münhen konfransında da qətiyyətlə bir fikrə fokslandı. Bu Rusiyadan göndərilmiş avantürist, cinayətkar, çirkli pulların yuyulmasında dünyada tanınmış adam Vardanyandır ki, əsas məqsədi Qarabağın erməni əhalisi ilə Azərbaycan arasındakı münasibətlərə zərər vurmaq, onu zədələmək və bu məsələni düyünə salmaqdır. Ona görə də Cənab Prezident qətiyyətlə bildirdi ki, bu adam ərazilərimizdən getməlidir. Düşünürəm ki, bu məsələ öz həllini tapacaq. Qarabağda daxili siyasətdə Arutyunyan, Vardanyan və digər şəxslərlə bağlı problemlər mövcuddur. Paşinyan, Arutyunyanın yanında olan komandası Vardanyanın oradan getməsini arzulayırlar. Sonunda bu baş verəcək. Bu gün əsas olan Paşinyan iqtidarının reallığı anlaması və beynəlxalq hüquq normaları ilə Xankəndi və ətrafında yaşayan erməni əhalisinin Azərbaycan vətəndaşı olduqlarını qəbul etməsidir. Artıq onun komandasının bəzi üzvlərinin fikirlərində bu reallığın qəbul olunmasının işartılarını görməkdəyik. Hətta Paşinyana yaxın mətbu orqanlar ara-sıra Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını yazırlar. Bunlar çox incə siyasi məqamlardır. Azərbaycan tərəfi bu məsələdə Ermənistanı fakt qarşısında qoyub. Bu, beynəlxalq hüquqla tənzimlənir. Azərbaycan ərazisində yaşayan insanlar dinindən, irqindən, milliyyətindən asılı olmayaraq ölkə vətəndaşlarıdır. Kim istəsə, vətəndaşlığımızı qəbul edib yaşayacaq, kim də istəməsə, qapı açıqdır. Harada ürəkləri istəsə, yaşaya bilərlər. Bizim bu məsələdə siyasətimiz konkretdir. Düşünürəm ki, Qarabağdakı erməni əhalimiz bu gerçəkləri anlayırlar. Onlar artıq başa düşürlər ki, əgər gələcəkdə xoş, layiqli yaşamaq istəyirlərsə, yeganə yaşayacaqları yer Azərbaycan ərazisi olan Xankəndi və digər yaşadıqları ərazilərdir”.

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı erməni əhalisinin ümidlərinin tamamilə puç olduğu qənaətindədir: “Ermənistan hakimiyyəti Qarabağla bağlı reallığı qəbul edib və sülh sazişində ərazi bütövlüyünün tanınması, bu torpaqların da Azərbaycan ərazisi kimi tanınmalı olduğunu bilirlər. Lakin indi Qarabağdakı erməni əhalisi ilə bağlı məsələni sülh mətninə daxil etmək cəhdləri, fikrimcə, bundan kart kimi istifadə etmələridir. Paşinyan hakimiyyətinin məqsədi sərhədin delimitasiyasını və kommunikasiyanın açılmasını istədikləri şəkildə həyata keçirməkdir. Nikolun özü də "Ermənistan ərazisini qorumağın vacibliyi" haqda dəfələrlə çıxış edib. Onlar istəyir ki, kommunikasiya açılanda Zəngəzurdan dəhliz verməsinlər və bu yolda nəzarət-keçid məntəqəsi qursunlar. O cümlədən delimitasiya prosesini SSRİ dağılanda mövcud olan sərhədlərlə aparsınlar. Halbuki 44 günlük müharibədən sonrakı dövrdə Bakı Ermənistan tərəfindən qanunsuz irəli çəkilən sərhədin bərpası istiqamətində addımlar atıb. Lakin SSRİ dövründə Ermənistana otlaq və əkin sahəsi adı ilə verilən ərazilərimiz, o cümlədən anklavlarımız var. Paşinyan hakimiyyəti bu əraziləri qaytarmaq istəmir. Məhz buna görə sülh mətninə Qarabağı daxil etməklə, bundan Bakıya qarşı kart olaraq istifadə etməyə cəhd edirlər. Yəni Azərbaycan Zəngəzur dəhlizi və sərhədin delimitasiyası məsələsində Ermənistanın istəklərini qəbul edir, Ermənistan da Qarabağdan imtina edir. Hərçənd Bakının bu oyundan xəbəri var və məhz buna qarşı bütün platformalarda əks-manevrlər edir. Misal üçün, Zəngəzur və Laçın dəhlizlərinin eyni rejimdə işləməsi də əks-manevrlərdən biridir. Eləcə də Qarabağdakı erməni əhalisinin daxili məsələmiz olduğu bütün platformalarda qəbul etdirilir. Qarabağdakı erməni əhalisi də artıq Paşinyan hakimiyyətinin onları “qumar masası”nda gediş kimi istifadə etdiyini anlayırlar. Erməni əhalisinin əvvəllər ümid etdikləri separatçı rejim və Rusiya sülhməramlıları da Azərbaycanın qarşısında duruş gətirə bilmir, xüsusilə Laçın yolunda aksiyanın başlanmasından sonra bunun əyani şahidi oldular. Bütün bunlar ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsini daha da yaxınlaşdırır".

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov ermənilərin narahatlığının əsassız olmadığını qeyd etdi: “Son proseslər erməniləri, xüsusilə Qarabağ ermənilərini daha çox narahat etməyə başlayıb. Onlar başa düşürlər ki, Azərbaycan diplomatiyası hər ötən gün öz məqsədinə daha çox yaxınlaşır. Biz diplomatiyada haqlı olaraq artıq hücum taktikasını seçmişik. Bunu ermənilər də anlayır. Bu mənada onların narahatlığı və təlaşı heç də əbəs deyil. Əlbəttə, ermənilərin düşüncəsinin dəyişməsində, onların həqiqəti anlamalarında Laçın yolundakı dinc aksiyaların da mühüm rolu var. Həmin aksiya ermənilərə hər şeydən əvvəl psixoloji zərbədir. Onlar Azərbaycan xalqının qətiyyəti ilə üz-üzədirlər. Həmçinin Qarabağda baş verən siyasi proseslər, qondarma respublikanın başçısı Araik Arutyunyan, "dövlət naziri" Ruben Vardanyan, Vitali Balasanyan və başqaları arasındakı mübarizə də erməni xalqını narahat edir. Onlar nəinki qondarma respublikanın, heç Ermənistanın gələcəyinə inanmırlar. Fikrimcə, narazılıqlar getdikcə artacaq. Bu, erməni camaatının artan miqrasiyası ilə müşahidə oluna bilər. Həmçinin gələcəkdə mövcud hakimiyyət əleyhinə aksiyalar da başlaya bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR