İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qara dəniz üzərindən Ermənistana silah daşınmasına göz yumulmayacaq, TÜRKİYƏ isə...” - İLGİNC DETALLAR

3958 23.02.2024 15:54 Siyasət A A

Nikol Paşinyanın Fransaya səfəri zamanı fransızlar yaxın vaxtlarda Ermənistana hərbi texnika və silah-sursat göndəriləcəyini anons edib. Bununla bağlı Fransanın müdafiə naziri İrəvana gələcək.

Bundan əvvəl fransızlar Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərini Poti limanı vasitəsilə göndərmişdilər. Bu dəfə də silahların gəmi ilə Qara dəniz vasitəsilə göndəriləcəyi gözlənilir. Gürcüstanın Qərbin təzyiqi ilə yenidən silah-sursat və texnikanı Ermənistana buraxmayacağına zəmanət yoxdur. Qara dənizlə daşınan bu silahların Azərbaycana qarşı yönələcəyini nəzərə alsaq, bu məsələdə yəqin ki, qardaş Türkiyə nəzarəti gücləndirəcək, Qara dəniz hövzəsi ilə silah daşımalarına xüsusi diqqət edəcək.

BASTİON.jpg (147 KB)

İkinci marşrut İran ərazisi ola bilər, amma Tehranın regionda Ermənistanla Fransanın qurduğu oyundan artıq xəbəri var. Bəzi məlumatlara görə, İranın kəşfiyyat orqanları Fransanın Ermənistanda hərbi baza yaratmaq planları haqda dəqiq bilgilər əldə edib. Yəqin ki, İran öz sərhədində NATO bazasının yaradılması planının tərkib hissəsi olan Ermənistana silah daşımalarına imkan yaratmaz.

elcin.jpg (272 KB)

Mövzuya münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın şərti sərhəddə davamlı olaraq atəşkəsi pozması, o cümlədən hərbi ritorikanın artırılması üçüncü qüvvələr tərəfindən ötürülən tezislərin icrası istiqamətində atılan addımlar kimi dəyərləndirilməlidir.

Ekspertin fikrincə, hazırda əsas məqsəd Ermənistanı silahlandırmaq üçün bəhanə yaratmaqdan ibarətdir:

“Ermənistanın silahlandırılması təkcə Azərbaycana qarşı deyil, bütün bölgə dövlətlərinə qarşı yönəlmiş addımdır. Məqsəd bu ölkədən plasdarm kimi istifadə etməklə həm bölgədə Rusiyanın təsirini azaltmaq və Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq, həm də İrana qarşı bu və ya digər formada addımlar atmaqdan ibarətdir. Bəlli olduğu kimi, Ermənistanın sərhəddə baş verən bütün hadisələrə görə Rusiyanı ittiham etməsi, guya Azərbaycanla atəşkəsin pozulduğu ərazilərə Avropa İttifaqı müşahidə missiyasının daxil ola bilməməsi məsələsini qabartması və günahı rus sülhməramlıların üstünə atması da bunu açıq büruzə verir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini tam, Gürcüstan ilə sərhədlərinin isə bir hissəsini Rusiya sərhədçiləri qoruyurlar. Onlar Rusiya sərhədçilərini uzaqlaşdırmağa və həmin ərazilərə xarici ölkələrin, o cümlədən Fransanın xüsusi xidmət orqanları, yaxud hərbçilərini yerləşdirməyə çalışırlar. Bu, Ermənistanın məhvinə aparan yolun başlanğıcı kimi dəyərləndirilə bilər”.

E.Mirzəbəyli hesab edir ki, silahların Ermənistana çatdırılması məsələsində ənənəvi güzəşt xarakterli addımlar olmayacaq:

““Bastion” zirehli avtomobilləri faktiki olaraq heç nəyə yaramır. Bundan sonra əgər söhbət raket, hava hücumundan müdafiə sistemləri, yaxud hücum silahlarından gedəcəksə, o zaman Qara dəniz üzərindən Ermənistana silah daşınmasına göz yumulmayacaq. Rusiya və Fransa arasında son günlər Qara dəniz müstəvisində yaranmış qarşıdurmanın təməlində həm də bu faktorlar var. Rusiya artıq bəyan edib ki, Fransanın hərbi təyyarələrinə qarşı güc tətbiq edə bilər. Bu, təkcə hərbi təyyarələr deyil, silah daşıyan gəmilərə qarşı da həyata keçirilə bilər. Güman edirəm ki, adekvat addımın Türkiyə tərəfindən sərgilənməsinə ehtiyac var, çünki bölgədə Ermənistan üzərindən həyata keçirilən siyasətin təməli bölgə dövlətlərinə qarşı yönəlib. Bir sözlə, siyasətin yalnız Azərbaycana qarşı yönəldiyini vurğulamaq doğru olmazdı”.

SERHEDİ SON.jpg (67 KB)

Qeyd edək ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Nazirlikdən verilən məlumata görə, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

“Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik”, - Azərbaycan Müdafiə Nazirliyindən qeyd olunub.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR