İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadının ailədəki missiyası: kişinin ayağını yumaq hörmət əlamətidir, yoxsa...

843 28.05.2022 09:30 Sosial A A

 

Bir neçə gün öncə “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaşın verdiyi açıqlama yenidən cəmiyyətdə müzakirələrə səbəb olub. Aparıcı verilişdə boşananlar barədə deyib: “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.

Beləliklə, aparıcının bu fikirləri birmənalı qarşılanmayıb. Hətta həmkarları tərəfindən də sərt fikirlər səsləndirilib. Doğrudur, bəziləri əslində bunu qadının aşağılanması kimi deyil, ərinə hörmət kimi dəyərləndirsə də, böyük əksəriyyətin reaksiyası tənqidi oldu.

Bəs indiki dövrdə ailədə qadınlara bu cür yanaşma nə dərəcədə doğrudur? Ekspertlər necə düşünür, qadının kişinin ayağını yuması hörmət əlaməti, yoxsa aşağılanmaq kimi dəyərləndirilməlidir?

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Axır vaxtlar ki, söhbət gedir, olar ya olmaz deyə, sadəcə mahiyyətcə məsələyə düzgün yanaşılmır. Ailə ilə bağlı istənilən məsələdə niyə uğur qazana bilmirik? Çünki biz oturub ailəni 50 il əvvəlki normalarla müzakirə edirik. Bu, metodik cəhətdən səhvdir və bütün uğursuzluqlarımızın kökü buradan başlayır. Ailənin əbədi, əzəli funksiyaları var, hansı ki, bu funksiyalar min il əvvəl də, 50 il də var idi. İndi biz düşünməliyik ki, hazırda mürəkkəbləşən cəmiyyətdə hansı addımları atmalıyıq, nələri etməliyik ki, ailə öz ədəbi, əzəli funksiyalarını daha da yaxşı yerinə yetirsin. Yoxsa ki, 100 il əvvəl əgər hansısa norma ailənin davam etməsinə kömək edirdisə, indi əksinə təsir göstərə bilər.

Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələr ailələri dağıdır yanaşması doğru deyil”

Əhməd Qəşəmoğlu: “Ailəni 50 il əvvəlki normalarla müzakirə edirik ki, bu da metodik cəhətdən səhvdir, bütün uğursuzluqlarımızın kökü buradan başlayır...”

Məsələn, bir dəfə tanıdığım bir ailədə 70 yaşlı qayınata 30 yaşındakı gəlininə demişdi ki “bizim adət-ənənələrimiz var, gəl ayağımı yu”. Gəlin isə diksindiyindən bunu edə bilməmişdi və evdə qalmaqal olmuşdu. Mən də məsələyə  qarışdım, qayınataya zəng edib dedim ki, “Sənin huşun başındadır? Axı bu sən dediyin zəmanə, həmin qız deyil, niyə evdə gərginlik salırsan?” Beləliklə, bizim işimiz əsas ondan ibarətdir ki, kriteriya və meyarları aydınlaşdıraq. O addımlar ki, indiki zamanda ailəyə gərginlik gətirir, tərəflər arasında münasibətləri pozur, onu tətbiq etmək olmaz. Qeyd etdiyim kimi ailənin əbədi və əzəli funksiyalarını yerinə yetirməyə kömək edir, daha da gücləndirir, onları təqdir, təbliğ etməli, daha da inkişaf etdirməliyik, əgər başqa xalqlarda yaxşı xüsusiyyətlər varsa onlardan da yararlana bilərik və sairə. Yəni, bu məsələləri qarışdırmaq olmaz.

Konkret qadının ayaq yuması məsələsinə gəldikdə isə, elə bir ailə ola bilər ki, qadın ərini qeyri-adi dərəcədə sevsin, onun qayğısına daha çox qalıb ayaqlarını yusun və sairə. Bu, şəxsi münasibətdir, ona heç kim qarışmır, insanlar özləri bilər. Lakin indiki dövrün tələblərinə uyğun olaraq, gənc xanımların xüsusiyyətlərini nəzərə alaraq bu cür addımı məqbul saymıram. Yəni, müasir qızlarımız elə formalaşmayıb ki, ərinin ayağını yuyub suyunu içsin. Amma ümumiyyətlə sosial, cəmiyyət baxımından bu köhnəlmiş adət hesab edirəm və onun təqdir olunmasını normal saymıram. Daha bir məsələ, ümumiyyətlə, niyə bu cür ifadələr efirdən səslənməlidir? Səviyyəsiz verilişlərdə əlbəttə ki, səviyyəsiz ifadələr eşidəcəyik. Düşünməliyik ki, artıq gələcək o xalqındır ki, keyfiyyətli formada özünü  formalaşdırır".

Aydın Xan Əbilov – Yenicag.Az

Aydın Xan Əbilov: “Mövqe yanlış olanda, dövrün tələblərinə cavab verməyəndə, mütləq ictimai tənqidə məruz qalmalıdır”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı qeyd etdi:  “Əlbəttə ki, hər kəsin fikrinə hörmətlə yanaşırıq. Lakin bu mövqe yanlış olanda, dövrün tələblərinə cavab verməyəndə mütləq ictimai tənqidə məruz qalmalıdır. Qədim Roma, qədim Şərq, Yunanıstan, Misir cəmiyyətlərində o qədər mənasız, ağlasığmaz, indiki dövrün dəyərlərinə əks olan adət-ənənələr var ki, biz onları dirçəltməklə bağlı çalışsaq və yaxud  kimsə qədim dövrün adət-ənənələrinə uyğun fikir, mövqe ortaya qoyanda onu dəstəkləsək, onda gərək biz feodalizm, ibtidai icma dövrünə qayıdaq”.

Mehriban Zeynalova — Vikipediya

Mehriban Zeynalova: “Qadınlara qarşı zorakılığın artdığı, gender məsələlərinin qabardığı bir zamanda efirdən bu cür ifadələr işlətməyin yeri yoxdur”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirdi ki, qadının ərinin ayağını yuması seçim məsələsidir: “Vaxtilə mən də atamın ayağını yumuşam. Bunu ona görə etmişəm ki, atam yorğun gələndə onu əzizləyim, yorğunluğunu çıxartmağa çalışım. Amma bu norma, məcburiyyət kimi, aşağılamaq məqsədi ilə edilə bilməz, yolverilməzdir. Düşünürəm ki, cəmiyyət bu məsələdə daha çox ”kişinin ayağının suyunu içmək" ifadəsinə qıcıqla yanaşdı. Əlbəttə ki, ailə içərisində tərəflər özləri istədikləri kimi davrana bilərlər, amma qadınlara qarşı zorakılığın artdığı, gender məsələlərinin qabardığı bir zamanda efirdən bu cür ifadələr işlətməyin yeri yoxdur və mən də buna qarşı çıxıram. Çox yaxşı haldır ki, kişilər bu məsələyə qarşı çıxdılar, öz etirazlarını bildirdilər".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR