İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabil Hüseynli: “Bölgədə “rus dünyası” ideyası uğur əldə etmədi, əvəzində...”

762 21.08.2023 16:05 Siyasət A A


“Rusiya postsovet məkanında müxtəlif variantları sınaqdan keçirdi. Bu variantların içərisində “rus dünyası” variantı daha populyar idi. Bunlar Dnestryanı bölgədə, Abxaziyada, Osetiyada sınaqdan çıxarıldı. Bunun əsas qayəsi postsovet məkanındakı bölgələrin Rusiya pasportları ilə təchiz edilməsi, könüllü surətdə Rusiyanın tərkibinə daxil edilməsi prosesindən ibarət idi. Osetiyada bu variant işlədi və  Rusiyanın strateji maraqlarına müəyyən uğurlar gətirdi”.

Bunu  Musavat.com-a tanınmış politoloq Qalib Hüseynli bildirib. O qeyd edib ki, iki ildən artıq bir müddətdir ki, Qarabağın dağlıq bölgəsində, ermənilər yaşayan ərazilərdə ruslar rus pasportlarını yaymağa başlamışdılar: “Könüllü surətdə ermənilər rus  pasportu almaqla özlərinin sanki gələcəyini təmin edirlərmiş kimi düşünürdülər. Üstəlik, Rusiyanın əsas hədəfi “Dağlıq Qarabağ” bölgəsini bütünlüklə ruslaşdırmaq, gələcəkdə bu bölgənin özünün təsiri altında qalmasına şərait yaratmaq idi. Amma bu gün o niyyətlər pozulur, baş tutmur. Əhalinin hamısı da rus vətəndaşı olmaq fikrində deyilmiş. Onların çoxu Ermənistan vətəndaşıdır. Bu gün rus pasportlarını alanların ən çoxu qarışıq, beynəlmiləl ailələrdir. İndi əks proses başlayıb. Onlar bölgədə vəziyyətin getdikcə pisləşdiyini görərək bölgədən çıxırlar. İlkin dayanacaq yerləri yəqin ki, Ermənistan olacaq. Əllərində rus pasportları olduğuna görə Rusiyaya getməyə daha çox üstünlük verə bilərlər. Çünki onlar bu pasportlarla Rusiyanın istənilən şəhərində yerləşə bilərlər. Hətta Rusiyadan mənzil belə tələb edə bilərlər. Amma bizim üçün ən önəmlisi ondan ibarətdir ki, onların içərisində dağılma, ölkəni tərk etmə prosesi başlayıb”.

Politoloq əlavə edib ki, onlar təşviş içində pasportları ilə birlikdə bu bölgəni tərk edirlər: “Kifayət qədər gərgin bir prosesdir. Bu, həm “rus dünyası”  ideyasının bu bölgədə uğur gətirmədiyini göstərən bir prosesdir, həm də bütövlükdə bölgədə ermənilərin köçünün yeni bir vüsət almasını göstərən amildir. Çünki onlar bu torpaqda gələcəklərini görmürlər. Ona görə də imkan varsa, qaçıb aradan çıxırlar”.

Qeyd edək ki, bu gün Laçında məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid ediblər. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada dövlət qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr, yaşasınlar.

Afaq Mirayiq,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR