İnsanlara hürriyət, millətlərə istiqlal!

Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim olunub FOTO

449 13.07.2024 13:02 Siyasət A A

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim edilib. O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunub.

Musavat.com xəbər verir ki, mükafatın təqdimatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində keçirilib.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Pyotr Qlıboçkonun xidmətlərindən danışıb. “Son illər Azərbaycanda səhiyyə sisteminin müasir əsaslarla inkişaf etdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən innovativ layihələr, tibbi təhsilin yüksəldilməsi və peşəkar tibb kadrlarının hazırlanmasına yönələn tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət və qayğısının bariz nümunəsidir”, - deyə nazir diqqətə çatdırıb.

Azərbaycanın səhiyyə sistemində çalışanların peşəkarlığının artırılmasının ümdə məsələlərdən biri olduğunu qeyd edən Teymur Musayev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Nazir, eyni zamanda, bu təhsil ocağını bitirən həkimlərin ölkə səhiyyəsinə mühüm töhfələr verdiyini bildirib.

Teymur Musayev 2021-ci ildə Bakı filialının ilk buraxılışında Rusiya Federasiyasının səhiyyə naziri ilə birgə 87 mütəxəssisə diplomların təqdim olunması mərasimində iştirakını da xatırladıb.

Nazir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edib.

Universitetin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görüldüyünə görə təşəkkürünü bildirib, bu mükafatın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Rektor İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinə verdiyi yüksək dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığını ifadə edib. Universitetin nüfuzlu professor-müəllim heyətinin Bakı filialında tələbələrə dərs keçdiyini diqqətə çatdıran Pyotr Qlıboçko qeyd edib ki, burada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Rektor vurğulayıb ki, gələcəkdə də Azərbaycanda peşəkar tibb kadrlarının yetişdirilməsi işinə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı öz töhfəsini verəcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR