İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə imzalanmış müttəfiqlik sənədinin iki ili

448 23.02.2024 12:00 Siyasət A A

Həmin ərəfədə Rusiya ilə saziş imzalamaq Azərbaycan üçün vacib idi - əsas səbəblər... 

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya liderlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ikinci ili tamam oldu. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var. 

Moskva bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürüblər. Bəyannamədə xüsusi olaraq vurğulanıb ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürüb. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində də qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq ediblər. 

Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyi idi. Hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürüb.

Sənədin iki illiyinə ekspertlərin baxışını aldıq.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu sazişi Azərbaycan üçün faydalı hesab edir: “Bəyanatın əsas bəndlərindən biri bu idi ki, iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməlidir. Digər bənd isə hər iki ölkənin öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alması öhdəliyi idi. Ancaq biz nə gördük? İkinci Qarabağ müharibəsindən sonra bölgədəki separatçılar Rusiya hərbi kontingenti ilə məsləhətləşmələr aparırdı. Bundan başqa, Rusiya hərbi kontingenti separatçıların silah və hərbi texnika daşıyan nəqliyyat vasitələrini müşayiət edirdi. Və ya müharibədən sonra Ermənistan Azərbaycan ərazisinə minalar keçirib ərazilərdə basdırmışdı. Halbuki Rusiya hərbi kontingenti buna imkan verməməli idi. Bütün bunlar iki ölkə arasında imzalanan sazişə zidd idi. Vladimir Putin bəyannamə imzalanmadan əvvəl İlham Əliyevlə görüşdə demişdi ki, onun Rusiya imperiyasını bərpa etmək istəyi yoxdur. Halbuki bu saziş imzalanandan iki gün sonra Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladı və Kreml sözünün üstündə dayanmadı. Buna baxmayaraq, həmin ərəfədə Rusiya ilə saziş imzalamaq Azərbaycan üçün gərəkli idi. Çünki Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazansa da, separatizmə hələ son qoymamışdı. Rusiya İkinci Qarabağ müharibəsinin 44-cü günündə Azərbaycana mane oldu. İşimizi yarımçıq qalmışdı. Ona görə də saziş imzalanmalıydı ki, Rusiya sonrakı mərhələdə Azərbaycan Ordusuna mane olmasın. Sazişə baxmayaraq, Moskvadan Azərbaycan əleyhinə açıqlamalar verilir, Rusiya xarici işlər naziri Sergey Lavrov deyirdi ki, guya "Qarabağ Azərbaycanın daxili məsələsi deyil". Bundan başqa, Qarabağ separatçılarının lideri Araik Arutyunyan tez-tez Moskvaya çağırılır və onunla məsləhətləşmələr aparılırdı. Halbuki müttəfiqlik sazişinə görə Araik Arutyunyan elə Moskva hava limanına ayaq basan kimi həbs olunub Azərbaycana təhvil verilməli idi. Bütün bunlar Azərbaycanda Rusiyanın siyasəti ilə bağlı ciddi suallar yaradırdı. Rusiyanın bu siyasəti müttəfiqlik bəyanatına zidd idi".

E.Şahinoğlu bir vacib məqama da toxundu: “Kreml regiondakı yeni reallığı qəbul etsə də, Şuşa Bəyannaməsindən narahat idi və Bakının Moskva ilə oxşar bəyanat imzalamasını istəyirdi. Rəsmi Bakının Türkiyədən sonra Rusiya ilə “müttəfiqlik bəyanatını” imzalamaqda əsas məqsədi Qarabağda yerdə qalan problemlərin həllini sürətləndirmək idi. Azərbaycan bu ərəfədə Laçın dəhlizinə alternativ yol tikməliydi ki, Laçın şəhəri və ətrafındakı kəndlər Azərbaycanın nəzarətinə keçsin. Bundan başqa, həmin ərəfədə ermənilər bir sıra yaşayış məntəqələrini boşaltmalıydılar, separatçılar tərk-silah edilməli və Qarabağın tamamında Azərbaycan qanunlarının icrası təmin olunmalı idi. Bütün bunların reallaşması üçün Rusiya Azərbaycana mane olmamalı idi. Azərbaycan üçün müttəfiqlik bəyanatının əsl mahiyyəti bundan ibarət idi. Müttəfiqlik bəyanatı imzalansa da, Rusiya hərbi kontingentinin Qarabağda separatçılarla birgə fəaliyyəti, separatçıların hərbi texnikalarını qoruması Azərbaycanda narazılıq doğururdu. 

Azərbaycan 2023-cü ilin sentyabr ayında bir gün ərzində Qarabağın tamamına nəzarəti bərpa etdi. Rusiya Azərbaycana mane olmadı. Həmin müttəfiqlik bəyanatının həm də Azərbaycan üçün əsas faydası bu oldu. 

Rəsmi Bakının Moskva ilə müttəfiqlik bəyanatını imzalamasında bir marağı da var idi. Azərbaycan Rusiya hərbçilərinin 1 ildən sonra Azərbaycan ərazisini tərk etməsini istəyir. İki il əvvəl imzalanan müttəfiqlik sazişinə görə Kreml Bakının istəyini yerinə yetirməlidir. Saziş imzalanarkən Vladimir Putin İlham Əliyevlə görüşdə bunları demişdi: “Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz bütün silahlı qüvvələrimizi oradan çıxartdıq”. Bu o deməkdir ki, Rusiya Azərbaycan rəhbərliyinin Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsi istəyini yerinə yetirməlidir". 

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev 

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev müqavilədəki öhdəliklərin hər iki tərəfə lazım olduğunu söylədi: “İki il ərzində həmin müqavilənin necə işləməsinə baxanda orada öhdəliklərdən doğan müsbət məqamları da, neqativ məqamları da görə bilərik. Bu da əslində rəsmi Kremlin bu müqavilədən yalnız öz məqsədləri üçün istifadə etməkdə qərarlı olduğunun göstəricisidir. Yəni bu dövr ərzində bizim üçün müqavilədən doğan pozitiv fəaliyyət olubsa, bu konkret olaraq Rusiya maraqlarına uyğun olduğu üçün, yaxud neqativ fəaliyyət olubsa maraqları ilə üst-üstə düşmədiyi üçün baş verib. Amma elə məqamlar da olub ki, açıq-aşkar bizim maraqlarımıza zərbə vurmaqla üzərlərinə götürdüyü öhdəlikdən yayınıb. Tutaq ki, müqavilədə "Hər iki ölkə öz ərazisində hər hansı təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısını alacaqlar" maddəsi var. Amma Azərbaycanın cinayətkar elan etdiyi, ərazi bütövlüyünə təhdid yaradan, beynəlxalq axtarışa verdiyi separatçı Araik Arutyunyan bu müqavilənin imzalanmasından sonra dəfələrlə Moskvaya səfər etmişdi. Bu kimi hadisələr çox olub. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi mütəmadi olaraq etiraz bəyanatlarını səsləndirib. Misallar çox göstərmək olar. Yəni Rusiya müqavilənin şərtlərindən irəli gələn hər hansı bir öhdəliklərə əməl edirsə, o bu müqaviləyə sadiq olduğu üçün deyil, marağında olduğu üçün əməl edir. Həmçinin marağında olmadığına da əməl etmir. Hesab edirəm ki, müqavilə hazırlanarkən, imzalanarkən rəsmi Bakı bu razılaşmanın necə işləyəcəyini əvvəlcədən hesablamışdı. Amma bayaq dediyim kimi, bu müqavilədə olan bəzi müddəalar bizim üçün cox vacib olduğundan və regiondakı mövcud vəziyyət nəzərə alınmaqla bu addım atılmışdı. O səbəbdən hesab edirəm ki, hələ bir müddət müqavilədəki öhdəliklər hər iki tərəfə lazım olacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR