İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Ukraynada qandallanan agentinin xəyanət dosyesi

1766 14.04.2022 10:10 Gündəm A A

Ukraynanın “Müxalifətçi Platforma - Həyat uğrunda” partiyası Siyasi Şurasının sədri, Vladimir Putinin qızının “xaç atası” və Rusiya prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk həbs edilib. Bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında paylaşıb. O qeyd edib ki, xüsusi əməliyyatı Ukraynanın Təhlükəsilik Xidməti (UTX) həyata keçirib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Medvedçukun siyasi fəaliyyətini ardıcıllıqla sadaladı: “Ukrayna parlamentinin II, III, IV və ən son 2019-cu ilin avqustunda seçilən IX çağırışının deputatı olan 67 yaşlı qocaman siyasətçi Medvedçuk, həm də 1998-2000-ci illərdə Ali Radanın (parlamentin) vitse-spikeri, 2000-2001-ci illərdə Ali Radanın birinci vitse-spikeri, 2002-2005-ci illərdə Ukrayna prezident administrasiyasının rəhbəri kimi yüksək vəzifələr tutub. Yəni o, 1994-2005-ci illərdə Ukrayna prezidenti olan Leonid Kuçmanın adamıdır. Onun dövründə baş nazir postunu tutan, 2010-2014-cü illərdə isə Ukrayna prezidenti olaraq Rusiya tərəfindən dəstəklənən Viktor Yanukoviçdən fərqli olaraq, 2005-2010-cu illər arasında hakimiyyətdə olan prezident Viktor Yuşşenkonun dövründə Medvedçuk siyasi rəhbərlikdən uzaq qalıb. Ukraynada milli kimlik duyğusunun inkişafına, 1918-ci ildə Rusiya İmperiyasından ayrılaraq müstəqil milli dövlət quran Ukrayna millətçilərinə sonrakı illərdə rəhbərlik edən Banderaya Yuşşenkonun ona xüsusi rəğbətinin olması və onu 2010-cu ildə Ukraynanın milli qəhrəmanı elan etməsi xüsusi diqqətəlayiqdir. Onun hakimiyyətə gəlməsini əngəlləmək üçün 2004-cü ildə yüksək dozada zəhərlənməsi faktı artıq sübut olunub. Məhz həmin illərdə Medvedçukun adı Kuçma ilə birgə çəkilir, seçki saxtakarlığının təşkilində günahlandırılırdı.

Həmin dövrdə Yuşşenkonun qələbəsi təmin ediləndən sonra Yanukoviç-Kuçma ittifaqı hakimiyyəti geri qazanmaq, ən azı seçkilərin nəticələrini boykot etmək, Milli Məclisi paralizə edərək Kuçmanın iqtidarını fövqəladə vəziyyətlə əlaqədar ən azı 1 il daha uzatmaq üçün xüsusi plan hazırlamışdılar. Bu plana görə, Kiyevdəki Kuçma etirazçılarına kontr-etirazçı kütləsi yaratmaq üçün Rusiya ilə sərhəd Donetskdən mədən işçiləri gətiriləcək və ”Narıncı inqilabçılar" dağıdılacaqdı. Daha sonra maraqlı bir şey baş verdi. Donetskdəki fəhlələr Kiyevə gələn maşınlara oturduqdan sonra onlara “vodka” paylandı. Kiyevdə də onları araq dolu yeşiklərlə gözləyirdilər. Onlar o qədər içmişdilər ki, heç özlərində deyildilər. Daha sonra Yuşşenkonun köməkçilərindən biri etiraf etmişdi:  “”Vodkalar" heç də təsadüf deyildi. Biz anladıq ki, artıq hər şey planlaşdırılıb və onların Kiyevə daxil olmasının qarşısını almaq mümkün deyil. Ona görə belə davrandıq. Ümumiyyətlə, Ukraynada Qərb agenturası yaxşı işləyir".

Daha sonra Kuçma, daxili işlər naziri general Popkov və Medvedçuk arasında telefon danışığı baş tutmuş və hərbi kəşfiyyatın müəyyən hissəsinin hökumətin nəzarətindən çıxdığı bildirilmişdi. Beləliklə, Ukraynada “Narıncı inqilab” baş verdi və o vaxtdan bu “Narıncı inqilab”ın əks cəbhəsində yer alan adlardan biri də Medvedçuk idi.

Medvedçuk 2021-ci ilin may ayında vətənə xəyanətdə, Rusiya və Putinlə həmrəylikdə ittiham olunaraq ev həbsinə alınmış, lakin 24 fevral 2022-ci il tarixində Rusiyanın Ukraynada başlatdığı geniş hərbi əməliyyatlardan sonra həbsdən qaçmağı bacarmışdı. Qərb mediası onun uzun illər siyasi elitada qəbul edildiyini və ona Kiyev rəhbərliyinin çətin də olsa, dözdüyünün səbəbini onun Kremlin ən yüksək eşelonları ilə isti münasibətlərinin olması və qeyri-rəsmi vasitəçilik rolu ilə əlaqələndirir".

Siyasi ekspert rus agentinin azad olunma ehtimallarından da danışdı: “Zelenski 13 apreldə Ukrayna xüsusi xidmət orqanlarının operativ əməliyyatı sayəsində təkrar həbs olunan Medvedçukun Rusiya ordusu tərəfindən əsir alınan ukraynalılarla dəyişdirilməsini təklif edir. Putinin sözçüsü Peskov isə Ukraynadan çoxlu saxta məlumat daxil olduğu üçün bu mesajı araşdırmaq lazım olduğunu bildirmiş və hələ ki Rusiyadan rəsmi cavab addımı atılmayıb. Amma güman ki, yaxın zamanlarda belə bir razılaşma əldə olunaraq, ”xain" ilə əsirlər dəyişdiriləcək.

Sabah Fransada prezident seçkisidir - Makrona əsas rəqib o ola bilər

Şəhla Cəlilzadə: “Onun təkrar həbs olunmasının bu qədər səs yaratması əbəs deyil”

Medvedçuk 2022-ci ilin yanvar ayında rəsmi Moskvanın dəstəklədiyi digər üç Ukrayna siyasətçisi ilə birgə ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Onlar Qərb tərəfindən Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsindən az öncə dövlət çevrilişi cəhdində ittiham olunmuşdular. Müharibənin başlanmasından bir neçə gün öncəki müsahibəsində Medvedçukun açıqlaması da diqqətəlayiqdir: “Hərbi isteriya ilə Qərb partnyorları (Ukraynanın) milyardlar qazanıblar. ABŞ, Britaniya və digər dövlətlər Ukraynaya guya ”qapıda gözləyən işğal" təhdidinə müqavimət göstərmək üçün və hərbi isteriya yaradaraq yaxşı qazanc ediblər. Bütün lazımsız və faydasız silah-sursat yüksək qiymətlə Ukraynaya satılmış, özlərinə sərfəli ticarət sazişləri bağlanmışdır. Qərb Ukraynaya 4 milyard dollar həcmində maliyyə dəstəyi ayırıb. Lakin bu, heç də “yeni il hədiyyəsi” deyil. Ukrayna iqtisadiyyatı onların sayəsində 12 milyard dollar artıq itirib".

Aydın olduğu kimi, Medvedçuk Ukraynada rusiyameyilli siyasi elitanın qorunub saxlanmasında, Ukraynanın rusiyameyilli siyasət həyata keçirməsində rol oynayan əsas şəxslərdən biridir və onun təkrar həbs olunmasının bu qədər səs yaratması əbəs deyil".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR