İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Paşinyana verdiyi ümid – Azərbaycan DQMV-ni ona görə ləğv etməyib ki...

4259 23.11.2022 21:17 Yazarlar A A

Rusiya prezidenti Vladimir Putin bu gün İrəvanda KTMT-nin (“Rus NATO-su”) dövlət başçılarının toplantısında çıxış edib.

Çıxışında o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsinə də toxunub. Bu xüsusda 31 oktyabr üçtərəfli Soçi görüşünü xatırladaraq deyib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi sammitini müsbət qiymətləndirir.

Putinin sözlərinə görə, Soçi sammitinin yekunu, o cümlədən birgə bəyanat gələcək kompromislər üçün yaxşı zəmin yaradıb. Rusiya lideri ardınca bildirib ki, delimitasiya, nəqliyyat blokadasının götürülməsi və humanitar problemlərin həlli ilə bağlı sazişlərin ardıcıl icrası nəticəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür. Kreml başçısı ümidvar olduğunu bildirib ki, bu, tərəflərin sülh müqaviləsi imzalamasına imkan verəcək.

Ancaq bir şərtlə: əgər Rusiya və onun rəhbəri səmimi şəkildə “xoşbəxt sonluq”da maraqlı olsa və sülh prosesinə kömək eləmək əvəzinə, pəl vurmasa.

Əfsus ki, biz neçə vaxtdır ikinci variantı görürük. Soçidəki axırıncı üçtərəfli görüşdən də aydın oldu ki, Kremlin hədəfi Bakı və İrəvan arasında qısa zamanda sülh sazişinin imzalanmasından daha çox Azərbaycanda, Qarabağda öz legitim hərbi mövcudluğunu saxlamaq və qeyri-müəyyən müddətədək uzatmaqdır. Rusiyanın irəli sürdüyü və üzdəniraq “status” məsələsini ehtiva edən “sülh sənədi” variantı, üstəgəl, Soçi görüşünə bir gün qalmış Xankəndində Azərbaycan əleyhinə düzənlənən mitinq təxribatı, habelə “Vardanyan projesi”, süni “Rus icması” layihəsi, Qarabağ anklavında “Rus mərkəz”lərinin açılması buna şəkk-şübhə saxlamır.

İndi biz nəyə inanaq, cənab Putin, əlahəzrət faktlara, sərt reallıqlara, gördüyümüzə, yoxsa quru və boş sözlərə, eşitdiklərimizə?

Rusiya iki ildən çoxdur 10 noyabr kapitulyasiya sənədi ilə öz üzərinə götürdüyü yazılı öhdəliklərə tüpürübsə, o sırada Qarabağdakı silahı bandit dəstələrini hələ də tərksilah eləməyibsə, tam tərsinə, “sülhməramlılar”la həmin dəstələr artıq “ət-dırnaq” kimi olubsa, qısası, yazılı vədlər unudulubsa (!), biz Putinin hansısa şifahi vədini necə ciddiyə ala bilərik?

Başqa yandan, hansı “gələcək kompromislər”dən, yəni qarşılıqlı güzəştlərdən danışır Rusiya lideri? Azərbaycan daha nəyi güzəştə getməlidir ki, Ermənistana? Öz torpağının, suverenliyinin bir hissəsini?

Bizim İrəvana sonuncu güzəştimiz 2020-ci il noyabrın 8-də ordumuzun Xankəndi yaxınlığında dayanması və işğalçı ordunun tam darmadağınına getməməsi olub. Putinin xahişi ilə. Vəssalam. Başqa güzəşt olmayacaq, gözləməyin! Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün hələ də kapitulyant ölkəyə dözüm göstərirsə, Qarabağdakı quldur dəstələrinin tərksilah olunmamasına hələ də səbir edirsə, bu artıq bizim böyük humanistliyimizi göstərir, nəinki zəifliyimizi və ya hansısa güzəştə hazırlaşdığımızı. Çünki bu dəfə səbrimiz 30 il çəkməyəcək. Heç 5 il də sürməyəcək.

Yox, əgər cənab Putin Azərbaycanın kompromisi deyəndə “status” məsələsinə işarə edirsə, yenə yanılır. Azərbaycan DQMV-ni ona görə ləğv eləməyib ki, 44 günlük Vətən müharibəsindən sonra, böyük Zəfərdən və bunca sayda şəhidlərdən sonra onu təzədən bərpa edək. Özü də oradakı Rusiya hərbi kontingenti ilə birgə!..

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR