İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Priqojinin niyə öldürüldüyünə işarə verdi - Zelenskiyə də mesaj...

4167 25.08.2023 08:10 Yazarlar A A

İlk yayımlanma zamanı: 00:01

 

Məlum təyyarə qəzası haqda danışarkən üz ifadələri Putini yenə “ələ vermədi”, Ukrayna prezidenti niyə xarici səfərlərə dəvət edən ölkənin göndərdiyi təyyarə ilə uçur?

Yevgeni Priqojinin “havada cəzalandırılması” nə qədər Kremdaxili və şəxsi hesablaşma kimi izah edilsə də, bu, həm də Rusiyanın daxili və xarici düşmənlərinə verillmiş gözdağıdır, hədə mesajıdır. Rusiya bu təyyarə qəzasını travma kimi yaşamır, kimsə ağlaya, təəssüflənə bilər, amma Priqojin Kremlə müxlifət olan, Ukrayna müharibəsinə görə ölkəsini tərk edən, amma yenə də milyonların sevimlisi kimi qalan Primadonna (Alla Puqaçova) deyildi ki... 

DfMECm5nbANkieNgub4aYRVDSgAnXSh1.jpg (117 KB)

Məşhur bir deyim var: “Vuran qaçar, vurduran birinci xəstəxanaya gələr”. Putin bu gün qondarma “DXR” lideri Denis Puşilinlə Kremldəki görüşündə Priqojin və digər “Vaqner” rəhbərinin təyyarə qəzasında ölməsi haqda danışıb. Putin öncə Priqojinin və digər həlak olanların ailəsinə başsağlığ verib. Priqojini hələ 90-cı illərdə tanıdığını deyib, onu çətin taleyi olan, amma bacarıqlı iş adamı kimi xarakterizə edib. Rusiya dövlət başçısı iki ay əvvəlki qiyamı xatırlatmayıb, amma Priqojinin “səhvləri olduğuna” işarə edib. “Vaqner”çilərin Ukrayna müharibəsində xüsusi rolları olduğunu yada salıb.

Rusiya prezidenti həmçinin qeyd edib ki, hadisənin səbəblərini İstintaq Komitəsi araşdırır və bu araşdırma sonadək aparılacaq. Daha maraqlısı budur ki, Putin mediaya qəza ilə bağlı “pas atıb”: “O, təkcə bizdə deyil, xaricdə, xüsusən də Afrikada neft, qaz, qiymətli metallar və daşlarla məşğul olub. Elə dünən, bildiyimə görə, Afrikadan qayıdıb və burada bəzi məmurlarla görüşüb”. Yəni işarə edib ki, təyyarə qəzasında bu versiyanı da qurdalasınlar. Yəqin ki, yaxın günlərdə Rusiya mediasında bu versiyanı gen-bol görəcəyik. 

2408-prigojin.jpg (100 KB)

Priqojinin ölümü haqda danışarkən üz ifadələri Putini yenə“ələ vermədi” ki, bu da şübhəsiz, “KQB” məktəbində xüsusi tədrisin nəticəsidir...

İndi qayıdaq Priqojin olayının mesaj olmasına. Rusiyanın əsas hədəfindəki adamın Ukrayna prezidenti Zelenskinin olduğu heç kimə sirr deyil. Necə ki, 1943-cü ildə üç liderin Tehran görüşündə alman kəşfiyyatının əsas hədəfindəki dövlət başçısı Stalin olmuşdu. Yəqin ki, müasir müharibələrdə də kəşfiyyatlar bu cür sui-qəsdlər planlaşdırılar. 

756492340871628.jpg (628 KB)

Zelenski indiyədək şəxsinə qarşı baş tutmayan 10 sui-qəsddən danışıb. Ukrayna lideri müsahibələrinin birində “mən düşmənin bir nömrəli hədəfiyəm, ailəm isə ikinci hədəfdir”, deyib. ”Düşmən” dedikdə Zelenskinin kimi nəzərdə tutduğu aydındır. Rusiya müharibənin ilk günlərindən Zelenskini devirməklə Ukraynada “neofaşist rəhbərliyi” dəyişmək istədiyini gizlətmir. Ukrayna müdafiə nazirinin müşaviri CNN-ə müsahibəsində demişdi ki, “Vaqner” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Vladimir Zelenskiyə və baş nazir Denis Şmıqala sui-qəsd planlaşdırıbmış. Kiyev rəsmisi onu da deyib ki, prezidenti və baş naziri öldürmək üçün “Vaqner”çilər Ukraynaya göndərilmişdi, onların bir neçəsi hətta öldürülüb. Sui-qəsdlə bağlı bütün sübutlar isə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib.

İsrailin Netanyahudan əvvəlki baş naziri Naftali Bennetin bu ilin martında dedikləri isə əsl sensasiya idi. Bennett demişdi ki, Putinlə təkbətək görüşündə Ukrayna prezidenti Zelenskiyə sui-qəsd etmək niyyətinin olub-olmadığı barədə soruşub. Putin isə Zelenskini öldürməyəcəyinə hətta söz verib. Bennett Putinin bu sözlərini Zelenskiyə zəng edərək çatdırıb, bundan sonra isə Ukrayna lideri bunkerindən çıxıb. Zelenski bu iddaları qəbul etməsə də, İsrailin sabiq baş nazirinin sözlərinə inanmamaq üçün heç bir əsasımız da yoxdur. Niyə belə bir uydurma danışsın ki?

Zelenski əlbəttə ki, vaxtilə yaşadığı ölkənin qorxunc idarəetmə və cəzalandırma sistemlərindən xəbərsiz olmayıb. Baxmayaraq ki, aktyor kimi çıxışlarında Kreml rəhbərliyini də çox ələ salıb. Amma indi Zelenskinin özü də, statusu da çox dəyişib. 

_128102585_zelen1.jpg (68 KB)

Priqojindən fərqli olaraq Zelenski düşmənini xəfifə də almaz. Təsadüfi deyil ki, Zelenski xarici səfərlərinə dəvət edən ölkənin göndərdiyi təyyarəsi ilə uçur. Bu, əlbəttə ki, “müstəqil dövlətəm” deyən prezidentə yaraşan iş də deyil. Amma can şirin şeydir, Zelenskini indi dövlətin imici düşündürmür, həyatını qarantiya altına almağı hədəfləyir. Əlbəttə ki, o da həyatı, doğmaları üçün qorxur. O səbəbdən Priqojin olayı Zelenski və onun təhlükəsizliyinə cavabdeh olan ABŞ kəşfiyyatı üçün də bir xəbərdarlıq olmalıdır...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR