İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin nüvə silahlarını Belarusa niyə göndərir...

826 08.04.2023 10:18 Yazarlar A A

SSRİ-nin parçalanması ərəfəsində, məşhur yenidənqurmanın həlledici illərində Rusiyanın dünyanı nüvə silahı ilə təhdid etməsini xatırlaya bilmirəm. Ha çalışıram, belə bir şey yadımna düşmür. Əksinə, o illərdə SSRİ-nin kənarlardakı, xüsusən də müttəfiq respublikalardakı nüvə arsenalı Rusiyanın içərilərinə daşınırdı.

Bunu öz müsahibələrində yenidənqurma liderləri dəfələrlə təsdiq ediblər. Sonradan nüvə silahı hətta Ukraynadan da alındı – bir neçə milyard dolların müqabilində Kiyev nüvə silahından imtina etdi. Bu gün böyük ehtimalla həmin nüvə silahı Ukraynadakı vəziyyəti tamam dəyişə bilərdi, çünki bu silahın əsas siyasi gücü məhz təcavüzdən çəkindirməkdir – qeyd edək ki, təhlilçilər arasında belə bir baxış da var...
Bu günlərdə isə belə məlum oldu ki, deyəsən, artıq tərs proses başlayıb. Rusiya yenidən nüvə silahını öz əraziləri bildiyi ölkələrdə yerləşdirir. Belə bir ərazi ilk olaraq Belarus oldu. Moskva bu ölkəyə nüvə başlıqları daşıyan raketlər göndərir. Belə bir zərurət nədən yarandı?

Avropada deyirlər ki, Aleksandr Lukaşenko qitənin sonuncu diktatorudur. Bu isə o deməkdir ki, “qoca qitə” Belarus diktatorunun “nüfuz sferası”na müdaxilə etmək hüququnu özündə saxlayır və o, səbəbdən Moskva indidən Qərbin öz satellitinə müdaxiləsinin qarşısını almaq istəyir.

Amma görünür, Kreml nüvə silahını Belarusda ona görə yerləşdirir ki, buranı həm də öz ərazisi bilir və onu üzük qaşı kimi əhatə edən NATO ölkələrini yaxın məsafədən və daha bir ünvandan hədəfə götürməyə çalışır.

Burada “çəkindirmək” cəhdindən daha çox nüvə balanslaşdırılması cəhdi hiss olunur. Ona görə ki, artıq nüvə silahı özünün keçmiş çəkindirici missiyası ilə dünyadakı prosesləri pozitiv istiqamətə yönəldə bilmir.

“Nüvə tabusu” nə Qərbi dayandıra bilir, nə də Rusiyanı - əgər onun həqiqətən də belə gücü olsaydı, Qərb Ukraynada bir neçə “rəngli inqilab” edə bilməzdi, yaxud da Rusiya Ukraynada müharibəyə başlamazdı...

Qərəz, dünyada çox qəliz proseslər gedir. Belə demək mümkünsə, dünya yeni geosiyasi arxitekturaya “hamilə”dir: bir tərəfdən, birqütblü dünya özünü saxlamağa çalışır, digər tərəfdən, yeni qütb olmağa iddialı güclər meydana çıxıb. İlk iddiaçı, əlbəttə ki, Rusiyadır. İndi məlum olur ki, bu dövlət öz geosiyasi iddialarına, sadəcə, fasilə veribmiş. Digər bir qütb kimi isə Çinin adı çəkilir.

Hamı güman edir ki, Pekinin əsas iddiaları Tayvanla bağlıdır. Əsasən belədir; bəli, Pekin Moskvanın Ukraynadakı təcrübəsini öyrənməyə çalışır. Amma məsələ təkcə Tayvanda deyil, Pekinin diqqəti getdikcə Çin səddindən daha çox kənarlara yönəlməkdədir.“Səmaaltı imperiya” “qara qitə”də - Afrikadakı geosiyasi boşluğu doldurmağa çalışır. Bundan başqa, bir neçə həftədir ki, bir məsələ siyasi gündəmdən düşmür. Söhbət Pekinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırmasından gedir. Bütpərəstlər iki müsəlman dövləti arasında bir neçə ildir ki, davam edən soyuqluğa son qoymağa çalışdılar. Amma burada bir neçə məqam var.

Ən birincisi budur ki, ər-Riyad da, Tehran da dini, teokratik rejimlərdir. Hər iki dövlət təriqətçi siyasi ideologiyaya söykənib – biri şiə dövlətidir, digərisə sünni. Ona görə də əksər təhlilçilər belə hesab edir ki, çətin, onların ulduzları barışa...

İkincisi, bu prosesdə başqa bir məqam da var. Qərb dairələrini daha çox bu məqam narahat edir.
Söhbət ondan gedir ki, Yaxın Şərq müstəvisində daha bir iddialı geosiyasi aktor görünür ki, bu, da Çindir. Hazırda bu müstəvidə daha çox Rusiyanın, Türkiyənin və İranın səyləri nəzərə çarpır. Çin burada dördüncü, bəlkə də birinci olmağa çalışır və bunun üçün xeyli resursları da var.

Qərbi, əlbəttə, bu məsələ narahat etməyə bilməz, ona görə ki, Çin-Rusiya – İran üçbucağı real ola bilər. Amma güman etmirik ki, Pekin bu məsələdə çox da uzağa getmiş olsun. Ona görə ki, “səmaaltı imperiya” öz nəhəng iqtisadiyyatı ilə Qərbə çox inteqrasiya edib, bu səbəbdən də belə bir bazarı itirmək istəməz.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR