İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin nəinki xaricə getməkdən, hətta Rusiya daxilində hərəkət etməkdən belə ehtiyatlanır”

613 29.08.2023 09:11 Siyasət A A

Siyasi şərhçi: “Putin böyük texniki imkanları olan dövlətlərin ona qarşı qəsd hazırlayacağından ehtiyat edir, ona görə rahat yaşamaq imkanını xeyli dərəcədə itirib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək. “Yeni Müsavat” bildirir ki, bu barədə TASS diplomatik mənbələrə əsasən məlumat yayıb. Səfər çərçivəsində Soçidə Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq. Liderlərin xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir. Putinlə görüş ərəfəsində Ankara Ukrayna, ABŞ və AB ilə taxıl sazişi üzrə təmasları gücləndirib. “İşlər Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Ticarət Nazirliyi vasitəsilə aparılır. Ərdoğan və Putin arasında aparılan danışıqlar ərəfəsində taxıl təşəbbüsünün həyata keçirilməsi ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində işlər intensivləşib”, - məlumatda qeyd olunub.

Rusiya Prezidenti Vladimir Putinin Rusiyaya avqustun sonlarında səfər edəcəyi barədə indiyə qədər bir neçə təkzib olunmayan xəbərlər yayılıb. Beləliklə, Rusiya Prezidentinin Türkiyəyə səfəri baş tutmadı, nəticədə Türkiyə Prezidenti Rusiyaya səfərə gedəsi oldu. Bir sıra yerli və xarici siyasi analitiklər hesab edir ki, Putinin Türkiyəyə səfərə gəlməməsinin səbəblərindən biri onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin bir müddət öncə çıxardığı qərardır. Məlumdur ki, adıçəkilən məhkəmə Vladimir Putinin həbs olunması barədə qərar qəbul edib və dünya dövlətlərinin bir çoxu qarşısında bu qərarı yerinə yetirmək tələbi qoyulub. Putinin Rusiyadan kənara çıxmamasının səbəblərindən biri kimi xarici səfərlərinin onun təhlükəsizliyi baxmından riskli olmasına Kremldə yaranan əminlikdir. Siyasi analitiklər hesab edir ki, məhkəmə qərarı və təhlükəsizliyindən dolayı keçirdiyi narahatlıq Putinə Rusiya sərhədlərindən kənara çıxmağa maneələr yaradır.

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov 

Məsələ ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya Prezidentinin Türkiyə səfəri haqqında məlumatlar bu il ərzində bundan əvvəl də bir neçə dəfə yayılıb. Sonradan bu səfərlər baş tutmayıb. Baxmayaraq ki, bu xəbərlər yayılanda Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbs olunması haqda qərarı hələ qəbul etməmişdi: “Bu səbəbdən mən hesab edirəm ki, Putinin növbəti dəfə məhz Türkiyəyə səfərinin reallaşmamasının kökündə Beynəlxalq Cinayət Məhkəməsinin qəbul etdiyi qərar dayanmır. Digər bir çox ölkələrə səfərə gedə bilməməsində isə bu qərarın da təsiri şübhəsizdir. Putin yaxşı başa düşür ki, dünyada onu həbs eləməyəcək bir neçə dövlət varsa, onların öndə gedənlərindən biri məhz Türkiyədir. Putin Ərdoğana güvəndiyini dəfələrlə bəyan edib və o, Türkiyəyə səfər etsə belə, Türkiyə dövləti onu həbs etməzdi. Putinin Türkiyəyə səfər etməməsinin, eləcə də hətta Rusiyanın özünün daxilində son dərəcə az hərəkət etməsinin kökündə həyatına təhlükə ilə bağlı keçirdiyi qorxular dayanır. Vladimir Putin nəinki xaricə getməyə, hətta Rusiya daxilində hərəkət etməyə də ehtiyat edir, nadir hallarda qısa müddətə yerləşdiyi təhlükəsiz yerdən kənara çıxmağa çalışır. Bəzən mətbuat kənara çıxanın Putinin özü olub-olmadığını da şübhə altına alan iddialar səsləndirir. Bu səbəbdən hesab edirəm ki, Rusiya liderinin Türkiyəyə səfərinin də təxirə salınmasının əsas səbəbi onun həbs olunması ilə deyil, təhlükəsizliyi ilə bağlı keçirdiyi narahatlıqlardır. Bu məsələ isə şübhəsiz Türkiyədən qaynaqlanmır və Türkiyəyə etimadsızlıqdan söhbət getmir. Dediyimiz kimi, Putin hətta öz ölkəsinin daxilində səfərləri minimuma endirib”.

Siyasi şərhçi hesab edir ki, bu narahatlıqlar hələ uzun müddət davam edəcək. Nə qədər ki, Ukrayna müharibəsi bitməyib, Ukraynada dinc insanların qanı tökülür, Ukrayna hər gün Rusiya tərəfindən darmadağın edilir, Putin Ukrayna üçün bir nömrəli hədəfdir və o da bu qorxunu yaşamaq məcburiyyətindədir: “Üstəlik, Putin də yaxşı dərk edir, dünyada da kifayət qədər reallığı dərk edənlər var ki, Ukrayna və Rusiya arasında ədalətli sülhün imzalanmasında ən böyük maneə Vladimir Putinin özüdür və onun hakimiyyətdən hansısa formada uzaqlaşdırılması məsələsi dünya kütləvi informasiya vasitələrində müzakirə olunur. Gəlinən qənaət də bundan ibarətdir ki, Putinin dinc şəraitdə hakimiyyətdən uzaqlaşdırılması qeyri-mümkündür və onun hakimiyyətdən kənarlaşdırılmasının yeganə yolu onun fiziki cəhətdən aradan götürülməsidir. Təbii ki, bu da onu qorxudur və səfərlərdən çəkindirir. Putin çox böyük texniki imkanları olan dövlətlərin ona qarşı qəsd hazırlayacağından ehtiyat edir. Ukraynanın gün-gündən artan dron hücumları da onu düşünmək və Rusiya sərhədlərindən kənara çıxmamaq məcburiyyətindən qoyur. Bütün bunlara görə də Putin rahat yaşamaq imkanını xeyli dərəcədə itirib. Ona görə də hələ çox səfərlərdən imtina etmək məcburiyyətində qalacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR