İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Avropaya qarşı qaz silahını işə saldı - Kreml Qərbin “ürəyindən” vura bilir?

873 28.07.2022 09:40 İqtisadiyyat A A

Rusiyanın Avropaya nəql edilən qazı azaltması qərarı “qoca qitə”ni həyəcanlandırıb, Aİ Putinin qaz oyunlarına boyun əyməmək üçün qənaət rejimi variantına üstünlük verib; doğrudanmı Avropanı soyuq və qaranlıq qış gözləyir? - Natiq Cəfərlidən fərqli şərh

Rusiya təbii qaz amilindən Avropaya qarşı bir silah kimi istifadə edir. Ən təəccüblüsü isə Ukraynaya təcavüz etdiyinə görə Rusiyaya qarşı hər cür sanksiyalara əl atan kollektiv Qərb Kremlin bu cür davranışını qınayır və onun etik olmadığını bəyan edir. Lakin Rusiyanın iyulun 26-da Avropaya (konkret olaraq, Almaniyaya) nəql edilən qazı azaltması qərarı “qoca qitə”ni həyəcanlandırıb və hərəkətə keçirib.

“Yeni Müsavat”ın iqtisadiyyat şöbəsi yazır ki, Rusiya bunu satılan qazın ödənişlərinin ləngidilməsi ilə izah edib. Musavat.com-un Rusiya qaynaqlarına istinadən verdiyi məlumata görə, ‘’Qazprom’’ 27 iyuldan etibarən Almaniyaya ‘’Şimal axını-1’’ qaz boru xətti üzərindən ancaq 20 faiz qaz verəcək. Avropalı ekspertlər hesab edirlər ki, Putinin bu qərarı Almaniya iqtisadiyyatını darmadağın edə biləcək nəticələrə gətirib çıxara bilər. Bu qərarın alınmasında təbii ki, Rusiyanın formal bəhanələri var. Lakin heç şübhəsiz, əsas səbəb Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlıdır. İndi aydın olur ki, Putin bu savaşı niyə uzadırmış - o, Avropanı qaranlıq və soyuq qışa hazırlayır. “Rusiya batır - qoy dünya da batsın” fəlsəfəsi burada açıqca hiss olunmaqdadır...

Təcili toplaşan Avropa İttifaqının enerji nazirləri isə buna qarşılıq olaraq, qarşıdan gələn aylarda qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəliblər. Aİ Şurasının Çexiya sədrliyinin Twitter hesabında “Bu, qeyri-mümkün bir missiya deyildi! Nazirlər qarşıdan gələn qış ərəfəsində qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəliblər”, - deyə qeyd olunub. Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela vurğulayıb ki, Aİ hər zaman həmrəydir: “Bugünkü qərar açıq şəkildə göstərdi ki, üzv dövlətlər Rusiyanın enerji təchizatından silah kimi istifadə edərək Aİ-ni parçalamaq cəhdinə qarşı duracaqlar. Qazın azaldılması təklifinin rekord müddətdə qəbul edilməsi, şübhəsiz ki, ümumi enerji təhlükəsizliyimizi gücləndirdi. İndi qaza qənaət etmək hazırlığımız yaxşılaşacaq. Bu qış Aİ vətəndaşları və sənayesi üçün daha ucuz və asan olacaq”.

Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirləri inflyasiya və enerji  məsələlərini müzakirə ediblər - AZƏRTAC

Bildirilir ki, Macarıstan istisna olmaqla, Aİ ölkələri 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək qaz istehlakını 15% azaltmaq barədə Avropa Komissiyasının təklifini dəstəkləyiblər. Belə görünür ki, Avropa İttifaqı ölkələri qışda donmaq təhlükəsi ilə üz-üzə qalmaqdan qurtarmaq üçün alternativ qaz ixracatçılarından da asılılığı siyasi olaraq məqbul hesab etmirlər. Burada bir məqamı xatırladaq ki, Aİ Azərbaycandan aldığı qazı xeyli artırıb və yeni müqavilələr imzalayıb. Ancaq təbii ki, bu bəs etmir, Azərbaycan Avropanın qaz təminatında mühüm rol oynasa da, hələlik bu tələbatın kiçik bir faizini ödəyə bilir.

Aİ Rusiyadan gələcəkdə də qaz almamaq, Putinin qaz oyunlarına boyun əyməmək üçün qənaət rejimi variantına üstünlük verib. Bunun açması nədir? Siyasi qərarla bunu həyata keçirmək mümkün olacaqmı? Bəs qaza tələbatın azaldılması konkret hansı metodlarla, hansı yollarla həyata keçiriləcək?

Bu arada London Siyasi Araşdırmalar Mərkəzinin baş elmi işçisi Aleksandr Markovski deyib ki, Qərb ölkələri Moskva ilə maliyyə və enerji qarşıdurmasına girməklə Rusiyanın Ukraynadakı “strateji tələsinə” düşüblər: “Rusiyanın məntiqi stratejidir. Sanksiyalar enerji və digər xammalın qiymətlərini artırıb və indi ölkənin böyük büdcə profisiti var. Vaxt Moskvanın tərəfindədir. Avropada ”papaqatma əhval-ruhiyyəsi" tezliklə sərt reallıqla üzləşəcək, bundan sonra qitə əhalisi soyuq, qaranlıq və ac qışa qərq olacaq".

Gerçəkdən də belədirmi: yəni zaman Rusiyanın xeyrinə işləyirmi və doğrudanmı Avropanı soyuq və qaranlıq qış gözləyir? Necə olur ki, kollektiv Qərb Rusiyanın öhdəsindən gələ bilmir və Kreml qaz silahı ilə Avropanı ‘’ürəyindən’’ vura bilir?

Natiq Cəfərli Azər Qasımlının ittihamlarına cavab verdi: "İlqar Məmmədovu  yaxından tanımaq imkanı olmayıb"

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropa Birliyində qaz bazarının həcmi 500 milyard kubmetrdir: “Ona hər il bu qədər qaz lazımdır. 170-180 milyardını hər il Rusiyadan alırdı. İndi onun alternativini tapmadan sanksiyalar tətbiq etmək əks effekt verməyə başladı. Rusiya ”Şimal axını-1" layihəsi ilə 55 kubmetr qaz nəql edirdi, sonra 40 faizə düşmüşdü, artıq 20 faizə enib. Nəticədə Avropa bazarında qazın qiyməti 2400 dollara qalxdı. Bu da Rusiyaya sərf etməkdədir. İndi daha az satır, amma baha satdığından daha çox qazanır. Bax, belə bir vəziyyət yaranıb". N.Cəfərlinin sözlərinə görə, qazla bağlı alternativ mənbələrə çıxmaq üçün zaman lazımdır: “Misir, Əlcəzair, Azərbaycan, ABŞ-ın sıxılmış qazına üstünlük verilir, amma Avropa Birliyi ölkələri nə qədər dözə biləcək? Üstəlik, Rusiya getdikcə bu yanaşmanı artıracaq. Bundan əlavə, Avropa Birliyi qaz istehlakını azaltmaq qərarı verdi. Bu yolla nəticə əldə etmək istəyirlər, amma 11 ölkə bu qərardan imtina etdi. İspaniya, Portuqaliya və digər dövlətlər qazın istehlakını azaltmağın tərəfdarı deyillər, çünki Rusiyadan almırlar, başqa mənbələrdən əldə edirlər. Odur ki, Rusiya bu silahdan istifadə edəcək. Üstəlik, enerji qiymətlərinin qalxması Avropa əhalisinin hökumətlərinə təzyiqlərini artıracaq. Son sorğuya görə, Almaniyada əhalinin 53 faizi hökumətdən Rusiya ilə anlaşmağı tələb edir”.

Ekspert hesab edir ki, Rusiyaya qarşı yeganə və həlledici sanksiya neft və qaz qiymətlərinin aşağı səviyyələrdə qalması ola bilərdi: “İrana qarşı enerji sanksiyaları götürülürdü, nəticədə İranın neft bazarına çıxaracağı əlavə 2,5 mln. barel neft qiymətləri aşağı səviyyədə tutmağa kömək edəcəkdi. Bundan başqa İranın böyük qaz potensialına investiya qoymaqla bu ölkənin dünyaya, əsasən AB ölkələrinə qaz nəqlini təşkil etmək olardı, Venesuelaya qarşı sanksiyalar da götürülməlidi, nəticə bu ölkə dünyaya indiki kimi günə 700-800 min barel deyil də, 3 mln. barel neft sata bilərdi, bu da qiymətləri aşağı salacaqdı, Liviyada vətəndaş müharibəsi beynəlxalq güclər tərəfindən aradan qaldırılırdı, ölkə birləşirdi, nəticədə Liviya dünya bazarına əlavə 1-1,5 mln. barel neft çıxara bilərdi, OPEC təşkilatına qarşı beynəlxaq cinayət işi açılmalı, bu təşkilatın kartel sövdələşməsi ilə qiymətləri yüksəltmək cəhdi anti-inhisar qanunlarına və bazara nəzarət qaydalarına görə cinayət sayılmalı, qurum ləğv edilməli idi və ya qurumun ölkələrə kvota qoymaq yetkisi tam əlindən alınmalı, OPEC ancaq neft bazarının elmi proqnozlaşdırılması, yeni texnologiyaların mübadiləsi işi ilə məşğul olmalıdır. Əgər dünyanın, ABŞ və AB-nin fikri Rusiyaya ziyan vurmaq idisə, məhz bu addımlar atılmalı idi.

Etmədilər, öz ayaqlarına güllə vurdular, dünyada inflyasiyanı şişirdilər, çünki daha böyük gündəmləri, hədəfləri var - Yeni Enerji Keçidi. Bu keçidin baş tutması, özəl sektorun marağının artması üçün mütləq neft-qaz qiymətləri baha olmalıdır, ucuz ənənəvi enerjidaşıyıcıları alternativ enerjiyə keçidin əsas düşmənidir. Həm də ucuz neft səyahətləri artırır, uçuşları çoxaldır, maşınlardan daha çox və daha intensiv istifadəyə səbəb olur ki, bu da qlobal gündəmi yaradan bir ovuc güclü oyunçular üçün yolverilməzdir, onların hədəflərinə uyğun deyil. Deməli, əsas hədəflər başqadır, Rusiyanın aqressiyasının qarşısını almaq deyil, çünki bu gün baha neft-qaz qiymətləri Rusiyaya sanksiyalardan öncəki zamana görə 2,5 dəfə çox pul qazandırır, həm də enerjinin fiziki azlığı, çatışmazlığı Rusiyaya əlavə təzyiq alətləri verir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR