İnsanlara hürriyət, millətlərə istiqlal!

“PUA-ların qənimi gəlir...” - müharibənin gedişi indi də belə dəyişəcək?

3626 19.07.2024 08:13 Texnologiya A A

Hərbi ekspert: “Həmin silahların Azərbaycan Ordusuna  hansısa təhdid yaradacağı...”

Bəllidir ki, pilotsuz uçuş aparatları (PUA) müxtəlif ölçülərdə, konfiqurasiyalarda olur və fərqli məqsədlər üçün tətbiq edilir. Onlardan istifadə edənlərə böyük üstünlük, qarşı tərəfdə isə böyük başağrısı yaradır. 

Dronların, özəlliklə zərbə dronlarının əsas xüsusiyyətlərindən biri onların sadəliyi və məhv etdikləri hədəflərin dəyəri ilə müqayisədə qat-qat ucuz olmasıdır. Bundan əlavə, dronlar sözün həqiqi mənasında minlərlə sayda istehsal oluna bilər, onlara qarşı bu qədər miqdarda bahalı raket istehsalı isə mümkün deyil.

Budur, Cənubi Koreyanın Müdafiə Təchizatı Administrasiyasından (DAPA) kiçik dronları qısa məsafədən uğurla vura bilən lazer silahlarının kütləvi istehsalına başlanması ilə bağlı xəbərlər gəlib (Haqqin.az). Qurğu doqquz metr uzunluğunda və üç metr enində və hündürlüyündə paralelepiped korpusda yerləşən “Blok-I” adlanır. Tamamilə səssiz işləyir, istifadə üçün yalnız enerji təchizatı lazımdır. 

Belə bir möcüzə-qurğunun neçəyə başa gəldiyi bildirilmir, lakin əsas göstərici bir “atış”ın qiymətidir: lazer şüasının hədəfə birdəfəlik yönəldilməsi cəmi 1.5 dollara başa gəlir. Müqayisə üçün: “Patriot” raketdən müdafiə sisteminin istifadə elədiyi bir raket 3 milyon dollara başa gəlir.

DAPA artıq bəyan edib ki, gələcək yeni versiyalar daha böyük hədəfləri, o cümlədən təyyarə və ballistik raketləri vurmağa qadir olacaq ki, bu da müharibələrin aparma üsullarını kökündən dəyişəcək. Artıq daha böyük diapazona və dağıdıcı enerjiyə malik “Block II” layihəsi üzərində iş aparılır. Sınaqlar 100%-li effektivlik göstərir.

“Block I” və “Block II” Azərbaycan Ordusundakı PUA-lar üçün  təhdid yaradırmı? Bu nə qurğulardır belə? 

Polkovnik HHQ-nin yeni komandanı haqda nələr danışdı?

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, “Block I” və “Block II” əslində dünya silah sənayesində yeni bir silahdır: “Onun hansı məsafədə istifadə olunması barədə isə məlumat yoxdur. Tutaq ki, bir istiqamətdə həmin sistemi yerləşdirsələr, digər istiqamətdə uçan PUA-ları vurma qabiliyyətinə malik olacaqmı? Bax bu suala cavab yoxdur. "Blok"ların hansı məsafəyə uzağı vurması və əhatə dairəsi haqda da məlumat yoxdur. Yeni olduğu üçün həmin silahlar Azərbaycan üçün təhdid yarada bilməz. 

Azərbaycan Silahlı Qüvvələrinin PUA-ları, Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi və xaricdən aldığımız PUA-lar müxtəlifdir. “Block I” və “Block II” silahlarının onlardan hansına təsir edə biləcəyi məlum deyil. Tutaq ki, “Bayraktar” PUA 7-8 kilometr hündürlükdə uça bilir və havada 2-3 saat qala bilir. Onu vurmaq imkanları varmı? Adıçəkilən lazerlərin necə işə düşməsi, radarlarının olub-olmaması kimi məsələlər də hələ aydın deyil. Ona görə də bu gün həmin silahların Azərbaycan Ordusu üçün hansısas təhdid yarada biləcəyindən danışmaq tezdir. “Block I” və “Block II” silahlarının bütün texniki imkanları bəlli olmadan dəqiq nə isə söyləmək çətindir. İkincisi, Ermənistanın bu silahları əldə edə biləcəyi barədə bu gün danışmaq çətindir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR