İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror 63 minlik dələduzluqda ittiham olunan maklerə cəza istəmir

1150 01.11.2022 12:07 Kriminal A A

Bakıda tanışını aldadaraq külli miqdarda pulunu ələ keçirən makler hakim önünə çıxarılır. Onun cinayət məsuliyyətindən yayınması ilə bağlı bu ilin fevral ayında xəbər vermişdik. Mövzu ictimailəşəndən sonra dələduzluqda ittiham olunan Murad Abdullayev barəsində cinayət işi açıldı. Amma zərərçəkmiş tərəf indi də məhkəmədə süründürməçiliyə məruz qalır.

Musavat.com xəbər verir ki, zərərçəkmiş şəxs Azad Qəribov bununla bağlı Məhkəmə Hüquq Şurasına, baş prokurora müraciətlər edib.

Azad Qəribov deyir ki, onu aldadan Murad Abdullayev keçmiş iş yoldaşıdır. Murad ona iş görməyi təklif edib. İş isə torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikmək olub. Tərəflər tikilən evi sataraq qazanc əldə edəcəklərmiş:

“Mənim bu işlə məşğul olmağa vaxtım yox idi. Pulu mən qoyacaqdım, evi də Murad tikdirəcəkdi. Razılaşdıq, torpaq alındı, ev tikildi. Razılığımıza əsasən, ev satılanda 30 faiz qazanc olaraq Murada çatacaqdı. Ona hissə-hissə ümumilikdə 55 min manat pul vermişəm. Binəqədidə “DSK yolu” Yeni yaşayış massivində 2 sot torpaq aldı və ev tikildi. Ev 2021-ci ilin iyul ayında tamamlandı. Evi satışa qoymaq mərhələsinə çatanda aldadıldım”.

Azad Qəribov bildirir ki, Murad evi tanışı, həm də qohumu olan Şöhrətə satmağı təklif edib:

“Evin qiymətini 63 min manat kimi müəyyənləşdirdik. Murad dedi ki, Şöhrətdən min manat beh alıb. Pulun 62 min manatını 2021-ci ilin avqust ayının sonuna qədər hissə-hissə olmaqla verəcəkdi. Bu zaman mən Murada Şöhrətdən mənsiz pul almamasını tapşırdım. Həmin ərəfədə Murad xahiş etdi ki, evi Şöhrətin qızının adına keçirək. Çünki Şöhrət qızını həmin evə köçürəcəkdi. Mən də insanlıq edib razılaşdım.

Evi Şöhrətin qızının adına keçirdik. Şöhrətə də dedim ki, mənim xəbərim olmadan Murada pul verilməsin. Bu barədə ona səsli mesaj göndərmişəm. Amma bir müddət sonra Şöhrət mənə dedi ki, guya səsə qulaq asmayıb və Murada əlavə 37 min də pul verib. Murad da Şöhrətə deyib ki, bu barədə mənə məlumat verməsin. İkisi birləşərək mənə müxtəlif yalanlar dedilər. Bu azmış kimi, işi araşdıranda öyrəndim ki, evi 63 minə yox, 48 minə satıblar. Pulun 20 minini qaytarsalar da, qalan məbləği müxtəlif bəhanələrlə qaytarmırlar”.

Azad Qəribovun çoxsaylı şikayətlərindən sonra Murad Abdullayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq: külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin icraatındadır.

Azad Qəribov bildirir ki, Murad Abdullayevin onun 63 000 manat dəyərində olan evini ələ keçirməsi həm istintaqla sübuta yetirilib, həm də onun özü bunu etiraf edib, amma məhkəmə işi uzadır.

İşin əsas maraqlı tərəfi budur məhkəmə istintaqı yekunlaşsa da, prokuror artıq üçüncü dəfədir ki, təqsirləndirilən şəxsə cəza istəməkdən yayınır. Bunu isə işlərinin çox olması ilə izah edir.

“Murad Abdullayev peşəkar dələduzdur. Adam nəinki məni, onlarla adamı aldadıb, bir çox qurumlarda adamla əlaqədar araşdırma materialları var. Bir qism zərərçəkənləri müxtəlif vədlərlə aldadaraq vaxt alırlar ki, şikayət etməsinlər” - deyə zrərəçəkmiş bildirir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR