Rusiya mənbələri Kramatorsk rayonuna daxil olan Prişib kəndi ətrafında Rusiya ordusunun mövqelərini əks etdirən yeni görüntülər yayıb. Musavat.com “SP”nəşrinə istinad xəbər verir ki, iddialara görə, kadrlar kəndin qərb çıxışında və kəndin cənubundakı meşə zolağında Rusiya hərbçilərinin mövqe tutduqlarını göstərir.
Bir sıra rusiyalı hərbi ekspertlər hesab edirlər ki, bu görüntülər Rusiya Silahlı Qüvvələrinin Prişib üzərində nəzarəti ələ keçirdiyini və bunun Slavyansk istiqamətində yeni hücum xəttinin formalaşmasının başlanğıcı ola biləcəyini göstərir. Lakin bu məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Xəbərdə qeyd olunur ki, Prişib strateji baxımdan mühüm mövqedə yerləşir. Kənd Severski Donets çayının sağ sahilində yüksəklikdə yerləşdiyindən ətraf əraziyə vizual və atəş nəzarəti təmin edir. Mənbənin iddiasına görə, Rusiya qüvvələri çayı kiçik qruplar və yüngül üzmə vasitələri ilə keçərək meşə zolaqları vasitəsilə gizli şəkildə sağ sahildə dayaq məntəqəsi yaradıblar. Bildirilir ki, bu taktika Ukrayna müdafiəsinin zəif nöqtələrindən istifadə etməyə imkan verib.
Ukraynanın DeepState layihəsi də həmin istiqamətdə vəziyyətin mürəkkəbləşdiyini, Rusiya qüvvələrinin meşə zolaqlarında möhkəmlənməsinin Ukrayna ordusunun logistikasını çətinləşdirdiyini təsdiq edib. Məqalədə həmçinin Ukrayna tərəfinin Prişib bölgəsində əsasən 63-cü və 66-cı mexanikləşdirilmiş briqadalar, eləcə də 120-ci ərazi müdafiə briqadasının bölmələri ilə müdafiə təşkil etdiyi iddia olunur.
Rus mənbələrinin yazdığına görə, Severski Donets üzərindəki keçidlərin vurulması Ukrayna qüvvələrinin sursat və ehtiyat qüvvələrlə təminatını çətinləşdirib.

Maraqlıdır ki, Azərbaycanda da Prişib adlı şəhər olub. Vikipediya məlumatında bu barədə bildirilir ki, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb.
Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. 1840-cı ildə Prişib kəndinin əhalisi Rusiyanın Orenburq quberniyasından zorla köçürülərək Lənkəran qəzasının Astraxanbazar ərazisinə gətirilmişdir. XX əsrdə toponim Prişib adlandırılmışdır. Sovet İttifaqı dağılandan sonra rusların çoxu Rusiyaya köçüb getsələr də, Göytəpədə rus üslubunda tikilmiş palıd evlərin çoxu durur. Ali Sovet 29 aprel 1992-ci il tarixli qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılb.
Musavat.com






