İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin ölümü onların arasında razılaşdırılıb - Hərbi ekspertdən açıqlama

1367 24.08.2023 17:58 Siyasət A A

 

Priqojinin qətlə yetirilməsi istər Rusiya daxilində, istərsə də dünya ictimaiyyətində bir çox sual yaradıb. “Əsas vaqnerçi”nin ölümünün Putinin ölkədə, orduda (döyüş ovqatı), siyasi elitada və dünyada reytinqinə necə təsir edəcəyi müzakirə mövzusudur.  Belə ki, Priqojin 24 avqustda ölüb, iki ay öncə eyni tarixdə o, Moskvaya yürüş təşkil etmişdi. Priqojin açıqlamasında yürüşün məqsədinin “Vaqner”in məhv olmasının qarşısını almaq və öz qeyri-peşəkar hərəkətləri ilə çoxlu sayda səhvlərə yol vermiş rəsmiləri cəzalandırmaq olduğunu bildirmişdi.

Analitiklər hesab edirlər ki, müxalifətçi Boris Nemtsovun qətli kimi bu qətl də Putinin sifarişi ilə həyata keçirilib.  Təbii ki, Putin bunu heç vaxt boynuna almayacaq. Digər ehtimala görə Priqojinin ölümünü Ukraynanın üstünə atmaq Putinə sərf edən variantdır ki, rus ordusunda ruh düşkünlüyü yaranmasın, Putinə inamsızlıq artmasın, çünki Baxmutun işğalı "Vaqner"in adına bağlanır.

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Musavat.com-a bildirdi ki, Putinin reytinqi getdikcə aşağı düşəcək, çünki mütləq əksəriyyət Priqojinin terror aktı ilə öldürülməsini Putinin adı ilə bağlayır. Ekspert hesab edir ki, Priqojinin Afrikadan Moskvaya gəlməsi, Moskvadan Sankt-Peterburqa uçması ilə bağlı xəbəri 2-3 nəfər bilə bilərdi ki, onların arasında Putin, Şoyqu var: “Bunun  Putin və Şoyqu arasında həll olunmuş məsələ olduğunu təxmin edirəm. Şoyqu ötən həftənin 6-cı günündən guya məzuniyyətdədir. Bu arada Rusiya rəhbərliyinə o qədər də xoş münasibət bəsləməyən hava hücumundan müdafiə qüvvələrinin komandanı general Sergey Surovikinin vəzifəsindən azad edilməsi təsadüfi deyil. Cəmiyyət Putinin nə qədər qorxunc biri olduğunu bir daha gördü. Digər tərəfdən sui-qəsd nəticəsində başqalarının da ölməsi Rusiyada qəbul edilmiş qaydadır-bir nəfərə görə saysız insan qurban verilə bilər. Rusiyanın peşəkar ordusu bir neçə nəfərin-Putinin, Şoyqunun, Gerasimovun avantürasının qurbanıdır. Boris Nemsovun öldürülməsi ilə bağlı Rusiyada absurd fikirlər səslənirdi. Hətta kameraların işləmədiyinə dair gülünc açıqlama da verilmişdi. Kremlin düz yanında kameraların işləməməsi mümkün deyil. Rusiya siyasiləri terroru dəstəklədiklərini  növbəti dəfə sübut etdilər. Xatırlayırsınızsa, Priqojin Moskvaya yürüş təşkil edəndə Co Bayden bildirmişdi ki, Priqojin diqqətli olmalıdır, çünki bunu ona bağışlamayacaqlar. Priqojinin ölümü cinayətkarlığın artmasına səbəb olacaq. Bu, adi hadisə deyil, silahlı qüvvələrin komandiri və yaradıcısına qarşı edilən sui-qəsddir. Ayrı-ayrı ərazilərdə bunun təsiri olacaq. Bundan sonra Putin daha ehtiyatlı davranacaq, Rusiya daxilində yerdəyişmələr həyata keçirəcək”.  

Kremlə yaxın tanınmış rusiyalı politoloq Sergey Markovun “Priqojini Ukrayna aradan götürüb” şərhinə isə hərbi ekspertin cavabı belədir: “Sergey Markovun fikri gülüncdür. Ukrayna Priqojinin haradan-haraya getməsini necə bilə bilərdi? O, sadəcə olaraq Kremlin tapşırığını yerinə yetirir. Sergey Markov özünü Azərbaycan sevdalısı kimi təqdim edib, amma bu günə kimi bir dəfə də olsun Rusiyanın Qarabağdakı hərəkətlərindən bir cümlə belə deməyib, ancaq Ermənistandan danışıb. Ermənistan bizim üçün ciddi rəqib olmasa da, arxasında duran qüvvə haqqında danışılmır. Hadisədən dərhal sonra Markovun hadisə ilə bağlı Ukraynanı hədəf göstərməsi qeyri-ciddi, əsassız iddiadır”.

Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Priqojinin ölümünü belə şərh edib: “Priqojin “Vaqner”in beyni, onun işinin əsas təşkilatçısı, idarəetmədə əsas mexanizm idi. Ona görə də onun öldüyü təsdiqlənərsə, bu, şirkətə mənfi təsir göstərəcək. Müxtəlif versiyalar, o cümlədən hücum ehtimalı da var. Hadisə Ukraynanın Müstəqillik Günü ərəfəsində baş verib. Hesab edirəm ki, bu, təsadüf deyil. İkincisi, Priqojinin yeri və hərəkəti bir sıra güclü Qərb kəşfiyyat orqanları tərəfindən izlənildi. O, ABŞ, Böyük Britaniya, Fransa və Qərb blokunun bir sıra digər dövlətlərinin milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün müvafiq göstərişlər var idi. İstintaq tez bir zamanda baş verənlərin əsl səbəbini müəyyən etməlidir. Uçuş səviyyəsində təyyarənin uçuşunu dayandırması və yerə çırpılması terror aktından xəbər verir. Videodakı səsə görə, təyyarənin mühərrikləri son ana qədər işləyirdi. Eyni zamanda, hadisə şahidləri deyirlər ki, ardıcıl iki partlayış səsi eşidilib, nəticədə qanad qopub. Bilmək istərdim: aviasiya təhlükəsizliyi tədbirlərinə nə dərəcədə əməl olunub? Bütün müayinə prosedurları müvafiq protokollara uyğun həyata keçirilir. Ən mühüm gizli aspektlər, o cümlədən dövlət orqanları ilə koordinasiya, müvafiq xidmətlər, maliyyə, şəxsi müqavilələr, səlahiyyətli şəxslərlə yazışmalar hamısı birbaşa Priqojinlə bağlı idi. Şübhəsiz ki, Priqojin artıq tarixə düşüb-həm Rusiya, həm də beynəlxalq miqyasda: mənfi, yaxud müsbət olması isə mübahisəlidir.

Amma “Vaqner” kimi effektiv və güclü strukturun dünya tarixində presedenti olmayıb. Prinsipcə, bu, Priqojinin təşkilati və intellektual imkanlarını göstərir. Ancaq sual yaranır: indi bu irsi necə məhv etmək olar? Bir çox öhdəliklər və əlaqələr Priqojin və “Vaqner”in komandirlər şurası tərəfindən şəxsən qurulub. Şirkət üçün itkilər də əhəmiyyətlidir, çünki Priqojinlə yanaşı, komandirlər arasında əsas fiqurlar da təyyarədə ola bilər. Hesab edirəm ki, Rusiya dövləti bu mirasa praqmatik yanaşmalıdır. Onu itirmək olmaz. Ən azı “Vaqner” bir sıra məsələlərin həllində bir vasitə kimi (xüsusən Afrikada) Rusiya üçün unikal, faydalı bir mexanizm olaraq, qorunub saxlanılmalı və gələcəkdə istifadə edilməlidir. Əsas məsələ bunun necə ediləcəyi, kimə həvalə olunacağıdır. Bu, günün əsas sualıdır. Mən tam əminəm ki, bu barədə öz vəzifəsinə görə düşünməli olanların hamısı Rusiyanın maraqları baxımından ən optimal və düzgün qərar verməlidir”.

Ekspert hesab edir ki, Yevgeni Priqojin mifoloji şəxsiyyətə çevriləcək: “Yevgeni Priqojin həm qəhrəman, həm də yaramazdır. Onun bütün həyatı, qeyri-adi həyat yolu adi ölüm və ya sıradan bir qəza ilə deyil, faciəli sonluqla nəticələndi. Parlaq yaşadı, ölümü də heç də az parlaq olmadı. İndi Priqojin mifoloji fiqura çevriləcək. Müxtəlif şərhlərin olacağını istisna etmirəm. Əslində, biz onları indi müşahidə edirik: nə baş verib, kimlər faydalanıb.

Əlbəttə ki, bu aviasiya fəlakətinin qavranılmasına emosional yanaşmalara baxmayaraq, “Vaqner” qrupunun Rusiya dövlətinin, məsələn, Afrikada və bir sıra ölkələrdə xarici siyasət və müdafiə maraqlarını həll etmək üçün təsirli bir silah olduğunu başa düşmək vacibdir. Buna görə də, fikrimcə, “Vaqner” Qrupu, əlbəttə ki, Rusiya Federasiyasının müvafiq strukturlarının nəzarətinə verilməklə qorunub saxlanılmalıdır, vəziyyətin məhz qeyri-standart həllər tələb etdiyi bir vasitə kimi istifadə edilməlidir.  Üsyan hər kəsin yaddaşında qalır, ona hüquqi qiymət verilir. Bu halda söhbət bu hekayənin sonundan gedir. Və buna baxmayaraq, “Vaqner” bir alət, silah kimi milli maraqlar uğrunda mübarizənin forma və metodlarının arsenalında, belə bir formatın nəzərdə tutulduğu yerlərdə olmalıdır. İstisnasız dünyanın bütün aparıcı ölkələrində belə alətlər var və biz Qərblə qlobal geosiyasi qarşıdurmada onlardan imtina etməməliyik”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR