İnsanlara hürriyət, millətlərə istiqlal!

“Priqojin bu səbəbdən geri çəkildi, qarşıda dəhşətli ssenari var” – SENSASİON DETALLAR

3151 25.06.2023 20:29 Son xəbər A A

“Rusiyada baş verənlərin bir oyun olduğunu düşünmürəm. Orada oyuna bənzər elementlər demək olar ki, yox dərəcəsində idi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

qabil.jpg (172 KB)

Politoloqun fikrincə, cəmiyyətin Priqojinin qoşunlarını qarşılamasına baxanda görünür ki, insanlar Putindən boğaza yığılıb, onun getməsini arzulayır:

“Priqojin bu ovqatı tutmuşdu və ona görə də 25 minlik qoşunu ilə Voronej kimi böyük şəhəri, Rostov-Donu bir güllə atmadan belə götürdü. Bu, əhalinin onu bir qəhrəman obrazında, Putindən daha müsbət imicdə görməyi ilə bağlıdır”.

Politoloq hesab edir ki, prosesin bir mərhələsi başa çatıb:

“Bundan sonra Priqojinin Lukaşenko ilə razılaşdığı şərtlər var. O şərtlərə uyğun olaraq ilk növbədə müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov vəzifədən uzaqlaşdırılacaq. Sonra Ukraynada döyüşən qoşunların bir sıra komandirləri də dəyişəcək. Bunlar Priqojinin şərtləridir. O, öz düşərgəsinə çəkilib oradan Lukaşenkoya verdiyi göstərişlərin necə yerinə yetirildiyini seyr edəcək. Priqojin hazırda diktəedici mövqedədir. Üstəlik, onun ordusuna yeni təminatlar gələcək – bəlkə də yeni ağır texnika və s. Priqojinin daha da güclənməsi ehtimalı var”.

Qabil Hüseynli Yevgeni Priqojinin əsl niyyətindən danışıb:

“Priqojin Putini hakimiyyətdən uzaqlaşdırmaq istəyirdi. O, Lipetsk şəhərini götürsəydi, Moskvaya 200 kilometr qalacaqdı. Görünür, qüvvələri hesabladı, gördü ki, əlində olan potensialla Moskvanı götürə bilməz və yaxud Putin üzərində tam qələbə çala bilməz. Ona görə də ona təklif edilən kompromisi qəbul etdi. Amma bu kompromis Putinin xeyrinə deyil. Priqojin Putini yerdən-yerə vurdu, onu cəmiyyətin gözü qarşısında tamamilə nüfuzdan saldı. Cəmiyyətin özünü də nüfuzdan saldı ki, baxın, Putinin qurduğu cəmiyyət budur. Ukraynanı 3 günə alaram dedi, yerinə yetirmədi, döyüşləri bir neçə günə bitirəcəm dedi, döyüşlər artıq ikinci ilinə keçib. Verdiyi vədləri yerinə yetirmir, xalq ac-yalavac gündədir. Populist şüarlarla xalqın beynini öz xeyrinə dəyişə bilir. Oyanmış xalq Putinin getməsini istəyir”.

Politoloq bildirib ki, əlinə imkan düşən kimi Putin Priqojini aradan götürməyə cəhd edəcək:

“Putin onu zərərsizləşdirmək fikrini bir an belə ağlından çıxarmayacaq. O, KQB metodları ilə işləyən adamdır. Bir deyim var – pələngin quyruğundan yapışma. Yapışdınsa, buraxma. Hesab edirəm ki, Priqojin pələngin quyruğunu tam buraxmayıb, proseslər bundan sonra davam edəcək.

Hər halda Priqojin özünü qorumağı bacarır. Onun düşərgəsində bunkeri də var. Əgər yenidən Priqojinə qarşı hər hansı bir hərəkət olacaqsa, bu dəfə qoşunlar yenidən hərəkətə keçəcək və Moskvada dayanacaq.

Qarşıda dəhşətli bir ssenari var. Bu ssenaridə diktəedici tərəf Priqojindir, icraedici tərəf Putin və onun mafioz qüvvələridir. Hərbi-sənaye kompleksinin böyük bir hissəsi, istefada olan generalların, ehtiyatda olan zabitlərin demək olar ki, hamısı və cəmiyyətin müəyyən təbəqələri Priqojinə böyük rəğbət bəsləyir. Rusiya cəmiyyəti cinayətkarı bir gündə qəhrəmana çevirə bilir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR