İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Xocalıdan mesajı - Qarabağda sülhməramlılara olmayan tələbat...  

11099 21.07.2023 07:30 Siyasət A A

Rusiya Cənubi Qafqazda əmin-amanlıq, sabitlik, sülh istəyirmi? Bu sualla sorğu keçirsək, nəinki Azərbaycanda, bütün dünyada respondentlərin azı 80 faizi “yox” cavabını verər. Çünki Rusiya tarix boyunca elə bir siyasət aparıb, davranışlar göstərib ki, hamı onun xislətinə yaxşı bələddir.
Radikal imperialist təfəkkür, işğalçılıq ənənəsi, dinc yaşayışa imkan verməmək şakəri Rusiyanın dəyişməz xəttidir.
Düzdür, dünyanın böyük bir hissəsi hazırda Rusiya Federasiyasını məhz buna görə zəiflətmək, çökdürmək üçün çalışır. Bu periodda Kreml daha da qəddar görünür və dişlərini daha çox şərqi Avropa ölkələrinə, paralel olaraq Cənubi Qafqaza qıcamaqdadır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bugünkü açıqlaması bir daha təsdiqləyir.

1673527006_233382_5oxter16z2.jpg (30 KB)

“Rusiya sülhməramlılarının bölgədəki fəaliyyətinə daha çox tələbat var”.
Bunu Rusiya XİN-in sözçüsü iyulun 20-də keçirdiyi brifinqdə deyib. O, heç yeri olmadığı halda Türkiyə prezidenti Ərdoğanın ötən həftə sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyi barədə açıqlamasına reaksiya verib.
Rusiya XİN-nin rəsmi nümayəndəsi deyib: “Rusiya sülhməramlıları Qarabağda mühüm sabitləşdirmə rolunu davam etdirirlər. Əsas funksiyası atəşkəsi qorumaq və hərbi əməliyyatların qarşısını almaqdır. Regionda davam edən gərgin vəziyyəti nəzərə alaraq, onların bölgədəki fəaliyyətinə daha çox tələbat var”.

Zaxarova bildirib ki, Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də Türkiyənin maraqlarına uyğundur. “Bu baxımdan, biz Ağdam rayonunda Rusiya-Türkiyə müştərək mərkəzində tərəfdaşlığı qeyd edirik”.
Yeri gəlmişkən, əvvəla, Cənab Ərdoğan bu məsələni heç də yeni siyasi gediş, Rusiyaya yeni mesajı kimi, yaxud təhdid kimi deməyib.
Bir jurnalistin sualına cavab olaraq deyib ki, Rusiya sülhməramlı qüvvələri (SQ) Qarabağdan 2025-ci ildə çıxmalıdır. Əgər Türkiyə Prezidenti sülhməramlıların Qarabağdan 2023-də, 2024-də çıxacağını demiş olsaydı, burada sensasiya axtarmaq olardı. Ancaq 2025-ci ildə sülhməramlılar Qarabağı 10 noyabr bəyanatına uyğun olaraq avtomatik tərk etməlidirlər. Üçtərəfli Bəyanatda qeyd edilib ki, 2025-ci ildə tərəflərdən biri razı olmadığı halda, sülhməramlı kontingent Qarabağı tərk etməlidir...

Bəs indi Rusiya XİN nədən narahatdır? Zaxarova bu açıqlamanı niyə verir?

Daha əvvəl də Rusiya rəsmiləri buna oxşar reaksiyalar vermişdilər. Moskvanın Cənubi Qafqazla bağlı apardığı siyasət artıq gün kimi aydındır: Rusiya bu bölgədə öz nüfuzunu qoruyub saxlamaq, Qərbin burada güclənməsinə müqavimət göstərmək üçün Ermənistandan, Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərdəki separatçı rejimdən alət kimi istifadə etməyi tərcih edir. Bunu artıq hər kəs bilir...

sulhmartks.jpg (262 KB)
Hansı ki, Rusiya sülhməramlı kontingenti bölgəyə gələndə onun qarşısında qoyulan öhdəliklər vardı. Bunlar 10 noyabr Üçtərəfli Bəyanatda konkret olaraq əksini tapıb. Sülhməramlıların görməli olduğu əsas iş qanunsuz erməni silahlı dəstələrini zərərsizləşdirmək, onları ərazidən çıxarmaq, dinc əhalinin inteqrasiyasına dəstək vermək idi. Bəs sülhməramlılar bölgəyə gəldikləri 2 il 8 ayda nə etdilər? Separatçıları dəstəklədilər, onları davamlı olaraq təxribatlar törətməyə sövq etdilər.
Sülhməramlılar hətta 5-6 aydır tam açıq oynayırlar, məsələn, konkret olaraq videoçəkilişlər qarşısında separatçıların mövqelərinə gizli yollarla hərbi təminat daşımasına yardım göstərirlər. Xankəndidə SQ-nin qərargahı önündə Rusiya bayrağının yanında qanunsuz olaraq Ermənistan bayrağını, təxribat olaraq separatçı rejimin əsgi parçasını dalğalandırırlar... Belə sülhməramlı olmur axı. Bu cür danışılmamışdı...
Beləliklə, sülhməramlıların arzuolunmaz davranışları, daha dəqiqi separatçılara dəstəyi səbəbindən Ermənistan sülhdən qaçır, Qarabağdakı ermənilər inteqrasiya etmək, Azərbaycanın qanunları altında yaşamaq istəmirlər. Bu vəziyyəti bölgədə məhz Rusiya bir siyasət olaraq yaradır. Faktiki olaraq sülhməramlılar bölgədə dinc yaşayışa mane olurlar.
Mənzərə kifayət qədər aydındır: Rus sülhməramlıları bölgədə qaldıqca reinteqrasiya daha da gecikəcək, separatçı rejim dəstəklənəcək, bölgədə sülh, əmin-amanlıq olmayacaq. Ona görə də optimal variant kimi Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar, danışıqların baş tutması üzərində işlənilir. Bu, Avropa İttifaqı Şurasının, Amerika Birləşmiş Ştatlarının da irəli sürdüyü versiyadır. Heç də təsadüfi deyil, çünki Rusiya ortada olduqca sülh əlçatmaz görünür...
Təbii, Azərbaycan, onun Prezidenti İlham Əliyev vəziyyəti ən incə detalına qədər səbrlə izləyir, analiz edir və uyğun metodlar seçilir. Qarşıda, böyük ehtimalla qısa zamanda məhz mövcud reallıqlara uyğun konkret addımlar atılacaq.
Bunu Rusiyada da anlayırlar və artıq Kreml özünü sığortalamaq, vacibliyini duyurmaq üçün hərəkətlənib. Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinqdə sülhməramlılar haqqında səsləndirdiyi fikirləri də bu qəbildən qiymətləndirlə bilər.
Reallıqda isə ötən 2 il 8 ayda sülhməramlı kontingent öz davranışları ilə sübut etdi ki, onlara Qarabağda heç bir tələbat yoxdur. Əksinə...
Bəli, Zaxarova onu düz deyir, regionda gərgin vəziyyət var. Ancaq bu gərginliyi formalaşdıran, Ermənistanı, separatçı rejimi buna sövq edən məhz Rusiya özüdür. Bu bir aksiomdur...

fotio.jpg (44 KB)

Və sonda: İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub. Qətiyyən təsadüfi deyil, ciddi bir mesajdır!

Elşad MƏMMƏDLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR