İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Misir səfəri -Qahirə-Bakı yaxınlaşmasının arxasında nələr var?- MÜHÜM FAKTLAR

1746 09.06.2024 13:46 Yazarlar A A

Prezident İlham Əliyevin iyunun 7-də Misir Ərəb Respublikasına baş tutan iki günlük səfəri bir çox aspektlərdən xüsusilə diqqəti cəlb edir.

Formal olaraq səfər çərçivəsində Azərbaycan və Misir arasında bir sıra sahələrdə, o cümlədən, elektrik və bərpaolunan enerji, iqtisadiyyat, sərmayə və azad zonalar, informasiya və kommunikasiya texnologiyaları, gənclər və idman və digər bir sıra sahələrdə əməkdaşlıq sənədləri imzalanıb.

Səfər çərçivəsində keçirilən mətbuat konfransında iki prezident əməkdaşlığın dərinləşməsi, iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqda bəyanatlar veriblər. O da məlumdur ki, Azərbaycan-Misir əlaqələri hər zaman isti olub, iki ölkə arasında ciddi soyuqluq mövcud olmayıb. Bu mənada 8 iyun səfərini bir mənada əməkdaşlığın dərinləşdirilməsi cəhdi kimi qiymətləndirmək olar.

Lakin hər nə qədər dövlətlər arasında münasibətlər yaxşı olsa da,  məsələn, erməni mövzusu burada da mövcuddur. Sayları çox olmasa da, ərəb ölkələri arasında Livandan sonra erməni diasporu Misirdə də ciddi təsirə malikdir. Bu mənada  Yaxın Şərq və Şimali Afrikanın ən böyük ölkəsi olaraq Misirlə əlaqələrin dərinləşməsi Azərbaycan üçün faydalıdır.

17178347673094319840_1200x630.jpg (715 KB)

Hər nə qədər son onilliklərdə əvvəlki hərbi-siyasi nüfuzu azalsa da, Misir hələ də regionun ən güclü dövlətlərindən biri hesab olunur.

Hazırda dünya ordu reytinqində 14-cü sırada olan Misir silahlı qüvvələri 2020-ci ildə hətta ilk “onluğa” daxil olub. 1 milyona yaxın üzvü olan Misir ordusu 215 döyüş təyyarəsinə (ümumilikdə 1054), 4200 tanka və 11 mindən çox zirehli maşına sahib olaraq regionun ən böyük ordusu hesab olunur. Maraqlıdır ki, böyük iqtisadi çətinliklərə baxmayaraq, Misir bu gün ən yeni texnika və silah almaqda davam edir.

Əhalisinin sürətlə artması (110 milyonu ötüb – K.R.) səbəbi ilə ciddi iqtisadi çətinlikləri olsa da, hazırda Misir iqtisadiyyatı Afrika qitəsində Nigeriyadan sonra ən böyük iqtisadiyyat hesab olunur. Son illərdə bu ölkədə iqtisadi artım 4-5 faiz arasında dəyişir. Misir iqtisadiyyatının 50 faizindən bir az çoxu turizm və xidmət sektoru, 35,6 faiz sənaye, 11 faizini isə kənd təsərrüfatı təşkil edir. Ölkənin ümummilli gəliri 400 milyard dollardan bir qədər çoxdur. 110 milyonluq ölkə üçün bu, o qədər də böyük rəqəm olmasa da, son illərdə artım tempi var.

Hökumət Misirdə iqtisadi sıçrayış hədəfi “Misir vizyonu 2030” proqramı elan edib. Misir 2025-ci ilə qədər Yaxın Şərq və Şimali Afrikada sənaye iqtisadiyyatı və texnoloji məhsulların əsas ixracatçısı olmağı planlaşdırır. Son illərdə Misir xaricdən böyük həcmdə - 140 milyarddan çox xarici sərmayə cəlb etməklə ciddi uğurlara imza atıb.

1717833462_17178331462940926531.jpg (183 KB)

Ancaq xarici borcun həcminin artması (165,361 milyard dollar xarici borc – K.R.) ölkədə ciddi valyuta qıtlığına və milli valyutanın sürətlə dəyərdən düşməsinə səbəb olub.

Xüsusən də ötən ilin oktyabrında Həmasın İsrailə hücumundan sonra başlayan müharibə və bu ilin əvvəlində Yəmən husilərinin Qırmızı dənizdə İsrailə və müttəfiqlərinə yük aparan gəmiləri hədəfə alması səbəbindən, Misirin əsas gəlir mənbəyi hesab olunan Süveyş kanalından keçən gəmilərin sayı azalıb. Bu da ölkə iqtisadiyyatı üçün çətin sınaq olub.

Bütün bunlar həm də Misiri regiona açılmağa, tərəfdaşlıq sərhədlərini genişləndirməyə vadar edir. Başqa sözlə, bir qədər əvvəl Misir prezidentinin Azərbaycana səfəri və indi Azərbaycan prezidentinin bu ölkəyə səfəri və verilən açıqlamalar onu göstərir ki, Qahirə üçün Azərbaycanla əlaqələrin inkişafı prioritet istiqamətlərdən biridir.

Bu arada, İlham Əliyev Misir səfəri zamanı əhəmiyyətinə görə, heç də prezident Əbdülfəttah əs-Sisi ilə görüşdən geri qalmayan bir görüş keçirdi.

Söhbət Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə keçirilən görüşdən gedir.

18ee6c84c92ce9acbc0c818ad4012102.jpg (156 KB)

İslam aləmində, ümumiyyətlə, dünyada ilk universitet hesab olunan əl-Əzhər Universiteti müsəlman aləminin elm və düşüncə mərkəzləri sırasında ciddi ağırlığa, hətta lider mövqeyə malikdir. Bu elmi-dini mərkəzin nüfuzu heç də Misir dövlətindən az deyil. Bu mənada prezident İlham Əliyevin əl-Əzhər Universitetini və onun rektorunu ziyarət etməsi, verilən dostluq, əməkdaşlıq mesajları mühüm əhəmiyyət kəsb edir. Əl-Əzhər islam aləminin əsas söz sahibi elm mərkəzlərindən biri olaraq qalır və müsəlman dünyası ilə siyasi-diplomatik əlaqələri dərinləşdirməyə çalışan Azərbaycan üçün əl-Əzhərlə yaxın əlaqələr vacibdir.

Bu görüş zamanı məlum oldu ki, Azərbaycan COP29 çərçivəsində dini liderlərin növbəti görüşünü təşkil etməyə hazırlaşır. Təbii ki, bu cür qlobal səviyyəli toplantıda əl-Əzhər Şeyxinin iştirakı əhəmiyyət kəsb edir. Şeyxin ət-Tayyib bu ilin noyabrında Bakıya gələcəyini və COP29 çərçivəsində dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparılacağını bildirib.

Nəticə etibarı ilə son 10 ildə inqilablar, çevriliş və iqtisadi sıxıntılar yaşamasına baxmayaraq, Misir hələ də müsəlman aləminin aparıcı ölkəsi olaraq qalır. Misir həm Yaxın Şərqdə ərəb-İsrail münaqişəsinin kilid ölkəsi, Afrika və Asiya arasında keçid ölkə kimi, eyni zamanda sürətlə artan əhalisi, güclü ordusu ilə regionun güclü dövlətidir.

İlham Əliyevin Misir səfərinin daha bir mühüm elementi Qəzza münaqişəsi və Azərbaycanın mövqeyi ilə bağlıdır. Məlum olduğu kimi, Qəzzada davam edən müharibə fonunda Azərbaycana qarşı ittihamlar artır. İlham Əliyev məhz Qahirədə İsrail-Fələstin münaqişəsinin həlledici ölkəsinin paytaxtında Azərbaycanın münaqişə ilə bağlı mövqeyini bir daha qeyd etdi və bu məsələdə Misirlə eyni mövqeni bölüşdüyünü xüsusi vurğuladı. Çünki Azərbaycan da Misir kimi İsraillə siyasi-diplomatik əlaqələrə malik ölkədir. Qahirə ilə yaxınlaşma və Qahirədən dəstək almaq Bakıya qarşı Fələstin mövzusunda ittihamları zəiflədir. Çünki Misir İsrail-Həmas müharibəsində əsas vasitəçi ölkədir və Azərbaycanın Fələstin məsələsində Qahirəni dəstəkləməsi Bakı üçün ağıllı gedişdir.

Nəticə etibarı ilə Misir səfəri həm iki ölkə əlaqələrinin inkişafı, həm də Misir rəhbərliyinin COP29-da iştirakı və ümumilikdə Azərbaycana beynəlxalq platformalarda dəstək verməsi, həm də Fələstin-İsrail münaqişəsi fonunda Azərbaycanın Misirlə həmrəylik nümayiş etdirməsi bu səfərin önə çıxan əsas məqamları oldu.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR