İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin “Bakı Enerji Həftəsi”ndə dünyaya verdiyi mühüm mesajlar - deputatın şərhi

372 05.06.2024 14:57 Siyasət A A


İyunun 4-də “Bakı Enerji Həftəsi” yaradılmasının 30 ili tamam oldu. 1994-cü ildə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan “Bakı Enerji Həftəsi” təkcə Azərbaycanın enerji gündəliyinin yox, eyni zamanda, geosiyasi gücünün müzakirə edildiyi ciddi bir beynəlxalq platformaya çevrilibdir.

Dünən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil & Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində cənab Prezidentin ünvanına daxil olan təbrik məktubları, tədbirdə dünyanın aparıcı ölkələrinin və şirkətlərinin yüksək səviyyəli təmsilçilərinin iştirakı və ölkəmiz haqqında deyilən sözlər yuxarıda qeyd etdiyim fikirləri bir daha təsdiq edir.
Açılış mərasimində çıxş edən Prezident İlham Əliyev son 30 illik dövrdə görülən nəhəng işlərə, əldə olunan nailiyyətlərə, dövlətimizin dünyanın enerji xəritəsinin formalaşmasında oynadığı əhəmiyyətli rola qiymət verdi, müstəqil siyasət aparan Azərbaycanın etibarlı tərəfdaş olmasını bir daha xatırlatdı: “1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. Müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi. 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və İrimiqyaslı iqtisadi islahatlara, yeni demokratik Konstitusiyanın qəbul edilməsinə, senzuranın ləğvinə və enerji sektoruna investisiyaların cəlbinə şərait yaratdı. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər”.

“Bizim sözümüz imzamızdır” deyən cənab Prezident iqlim dəyişikliyı ilə mübarizənin və bu məqsədlə yaşıl enerjiyə keçidin ölkəmizin əsas hədəflərindən və prioritet məqsədlərindən biri olduğunu qeyd etdi və dünyaya çox vacib barış və anlaşma mesajı verdi: “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.
Bütün bunlar bir daha Azərbaycanın qlobal rolundan və müəyyən etdiyi gündəliyin geniş əhatə dairəsindən xəbər verir. Əminik ki, ölkəmiz bundan sonra da cənab İlham Əliyevin Liderliyində dünyada kiçik ada dövlətlərinin müstəmləkəçilik əleyhinə apardıqları mübarizədə onların yanında olacaq və bu xalqaların pozulmuş hüquqlarının bərpasına sona qədər dəstək verəcək.
Artıq, dünya siyasətinə təsir etmək gücündə olan yeni Azərbaycan reallığını qəbul etməyin və bununla hesablaşmağın vaxtıdır!

Azay Quliyev, millət vəkili

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR