İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Laçından növbəti xəbərdarlığını etdi - “Ancaq irəli...”

1295 29.08.2023 13:42 Siyasət A A

Deputat: “Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər ermənilər və bölgə üçün yaxşı olacaq”

“Bu gün biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik”.

Bu sözləri Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib: “Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq”, - dövlət başçısı əlavə edib.

Prezident bununla başda Fransa olmaqla, Azərbaycanın bədxahlarına, separatçı rejimə gizli və aşkar dəstək verən, təxribatlara sövq edən və bununla rəsmi Bakını iradəsindən döndərə biləcəkləri xülyasına qapılan bütün ölkə və təşkilatlara açıq mesaj vermiş oldu.

Qərəzli və Azərbaycana təzyiqlər göstərmək istəyən qüvvələr bu xəbərdarlıqdan hansı nəticələri çıxaracaqlar? Çıxarmasalar nə baş verə bilər?

Siyasi şərhçilərin fikrincə, Ermənistanın “TIR şousu”na Fransanın qoşulacağı barədə xəbərlərin yayılması onu deməyə əsas verir ki, ermənilər kimi havadarları da nəticə çıxarmırlar. Nəticə çıxarmamaq sonda Ermənistana, Qarabağdakı silahlı ermənilərə ağır başa gələcək. 2020-ci ilə qədər də İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarmırdılar. Aqibətləri 44 gündə bəlli oldu. 44 günlük müharibədən sonra da Azərbaycan Prezidenti sülh çağırışları edib, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsi barədə çağırışlar edib. Ermənilərə bu çağırışlardan nəticə çıxarmağın onların gələcəyi üçün də vacib olduğu xatırladılıb. Nəticə yenə də çıxarılmayıb. Ona görə də keçən ilin sentyabrında Ermənistanın təxribatına sərt cavab tədbiri görüldü. Həmçinin Azərbaycan Ordusu öz ərazilərimizə aid bir sıra vacib yüksəklikləri azad etdi, keçən il Laçın şəhəri, Zabux kəndi azad edildi, bu il aprelin 23-də Laçın yolunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəmizi qurduq. Ermənistan və havadarları bütün bunlardan nəticə çıxarmalıdırlar. Birdəfəlik bilməlidirlər ki, Azərbaycanın dövlət başçısının sözləri söz xatirinə deyilən fikirlərdən deyil. Azərbaycan Prezidenti dediyini edir. Aprelin 23-dək ermənilər və havadarları elə düşünürdülər ki, Azərbaycanın Laçın yolu ilə bağlı xəbərdarlıqları reallaşdırılmayacaq. Ancaq onlara sübut olundu ki, bu xəbərdarlıqlar boşuna edilmir. Ermənilər və havadarları unutmasınlar ki, 2020-ci ilə qədər Azərbaycan dövlətinin lideri onlara xəbərdarlıqları daha uzaqdan edirdi, torpaqları işğalda saxlanan dövlətin başçısı olaraq edirdi, indi Laçından, Şuşadan edir, qalib ölkənin başçısı olaraq edir.

Hikmət Babaoğlu: istənilən demokratik cəmiyyətin uğurlu inkişafı məhz  xalq-iqtidar birliyi ilə mümkün ola bilər - "İki sahil"

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, avqust ayının 26- da işğaldan azad edilmiş  Laçın şəhərində  “Laçın Şəhəri Günü”  tədbirinin keçirilməsi ölkəmizdə yeni bir ənənənin başlanğıcı oldu. Bu ənənə hər il milli yaddaşımızın yenilənməsi, gənc nəsillərə tariximizin  əyani əsaslarda öyrədilməsi  olduğu kimi, həm də torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistana və onun himayədarlarına verilən göz dağı olacaq: “Tədbirdə çıxış edən Müzəffər  Ali Baş Komandanımızın nitqi də elə bu konseptual əsaslarda qurulmuşdu. Azərbaycan Prezidenti torpaqlarımızın işğaldan azad edilməsinin beynəlxalq hüquqa, haqqa və ədalətə  əsaslandığını dilə gətirərək qeyd etdi ki, bu gün  biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Səsləndirilən bu fikirlər əslində Azərbaycan Ordusunun gücünün, döyüş qabiliyyətinin və Azərbaycanın suveren hüquqlarını müdafiə etmək qabiliyyətində olmasının göstəricisidir. Yəni bu gün dünyada  beynəlxalq hüququn gücü yoxdursa, Azərbaycan Ordusu öz gücü ilə öz hüququnu təmin edə biləcək bir gücdür. Bunu dostların da, düşmənlərin də bilməsi və bu güclə hesablaşması lazımdır. Ona görə də Prezident İlham Əliyev bir daha xatırlatdı ki, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də ermənilər və bölgə üçün yaxşı olacaq. Bu  fikirlər əslində xatırlatmadan daha çox bir xəbərdarlıq idi. Özü də  təkcə Ermənistana deyil, həm də Ermənistanı sülhə doğru addım atmağa qoymayan havadarlarına. Belə havadarların antisülh mövqeyinin nələrlə nəticələnəcəyi isə əslində Ermənistanı narahat etməlidir. Çünki 44 günlük müharibəni daha qısa müddətdə başa çatdırmaqdan İrəvanı yayındıranlar Ermənistanın itkilərini dəfələrlə artırmaqla faktiki olaraq dövlət iflası səviyyəsinə gətirib çıxardılar. Halbuki Azərbaycanın humanist mövqeyi sayəsində onlar belə acı məğlubiyyətdən yayına  bilər, Azərbaycanın şərtlərini qəbul edərək sülhə doğru addım ata bilərdilər. İndi isə həmin havadarlar Ermənistanı sülh imzalamağa qoymurlar, ya  da yalançı vədlərlə BMT TŞ-də hansısa qətnamə əldə edəcəklərinə söz verirlər. Çox keçmədən isə Ermənistan başa düşəcək ki, yenə də hansısa neokolonistin, yaxud cənub qonşusunun molla rejiminin tələsinə düşüb. O zaman indiki şərtlərlə sülh imzalamağı gündüz çıraqla axtaracaq, ancaq tapa bilməyəcək. Ermənistana və onun havadarlarına verilən ismarış bu idi”.

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr  əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, Prezident İlham Əliyevin Laçından verdiyi mesaj həm də ondan ibarət idi ki, biz öz torpaqlarımıza qayıtmışıq, qurub yaradırıq və bizim iradəmizə heç bir qüvvə təsir edə bilməz: “Bütün bunlar çox önəmli mesajlardır. Çünki 30 illik işğal dövründə Ermənistan arxasında duran qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarını işğalda saxlayırdı. Azərbaycanın işğala son qoyulması çağırışlarına əhəmiyyət verilmirdi. İndi isə nəticələr göz qabağındadır. Bu gün yenə də bəzi xarici qüvvələr Ermənistanı silahlandırır, onu qızışdırır. Azərbaycan isə qurucluq işlərini davam etdirir, sülh istədiyini bəyan edir, eni zamanda onu da bəyan edir ki, bundan sonra da heç bir qüvvə bizi haqlı mövqeyimizdən döndərə bilməyəcək. Ermənistanda baş qaldıran revanşizm tamamilə boş xəyallardır. Bizə qarşı Ermənistanın və havadarlarının hücumları yenə də iflasa uğrayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR