İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev COP29 zamanı Azərbaycanda təminatlı təhlükəsizlik vədi verdi - ŞƏRH

839 24.05.2024 09:34 Dünya A A

Azərbaycan artıq dünya birliyində sabitlik məkanı imicini qazanıb. Məhz buna görə də nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərini respublikamızda keçirməyə üstünlük verirlər. Artıq ölkəmiz bu sahədə kifayət qədər təcrübə əldə edib. Son illər paytaxt Bakıda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin intensiv xarakter almasının da əsas səbəbi təhlükəsizliyin təmin olunması və insidentsiz başa çatmasıdır. Artıq işğaldan azad edilmiş Şuşa şəhəri də reytinqli tədbirlərin keçirilməsinə qucaq açıb. Belə tədbirlərin iştirakçıları özlərini Azərbaycanda çox rahat hiss edirlər. Prezident İlham Əliyev yaxın vaxtlarda Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində də bunu xüsusi vurğulayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.

Tanınmış hüquqşünas deyib ki, bu ilin sonunda ölkəmizdə daha bir mühüm əhəmiyyətli tədbirin keçirilməsi qərara alınıb. Təbii ki, söhbət COP29-dan gedir. Bu tədbirin respublikamızda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Hazırda bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülür və təmiz ətraf mühitin formalaşması istiqamətində əhəmiyyətli işlər görülür. COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə verdiyi töhfələr çox önəmli olacaq. Bu, həm də siyasi hadisədir və ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək. Dövlətimizin başçısı bu tədbirin də uğurla başa çatacağına əminliyini ifadə edib və COP29 zamanı Azərbaycanda təminatlı təhlükəsizlik vədi verib. Deyib ki, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaq. Artıq dünya ictimaiyyətinə də bəllidir ki, ölkəmizdə mühüm əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hər cür şərait var, eyni zamanda, bu sahədə kifayət qədər təcrübə qazanmışıq.

1be7577f1bd518123a1f0a7a021cfa3e.jpg (45 KB)

Ç.Qənizadə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyini xatırladaraq deyib ki, Azərbaycan Hərəkata dörd il sədrlik etdi. Bu müddət ərzində 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq: “Prezident İlham Əliyev də müsahibəsində bu faktı diqqətə çatdıraraq deyib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdi. Bununla yanaşı, COP29-da müzakirə olunan məsələlər barəsində də məlumat verib. Telekanalın çoxsaylı tamaşaçılarına da bəlli olub ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaq”.

Dövlətimizin başçısının müsahibəsindəki bəzi məqamları da vurğulayan hüquq müdafiəçisi deyib ki, ölkələrin malik olduqları təbii sərvətlərə görə mühakimə olunması düzgün yanaşma deyil. Prezidentin dediyi kimi, əslində, ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. Prezident diqqətə çatdırıb ki, COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.

Ç.Qənizadə müsahibədə diqqət çəkən məqamlardan birinin də COP üçün yenilik olan bir təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi barədə verilən məlumatın olduğunu bildirib. O, dövlətimizin başçısının müsahibəsinə istinadla deyib ki, bu yenilik üçlük, üç ölkə mexanizminin yaradılmasıdır. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq: “Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu, diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR