İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevin ilginc Rusiya, İran və Türkiyə mesajları

2001 06.09.2022 08:50 Gündəm A A

Mesajlardan əsas görünən budur ki, Azərbaycan regionda özünü rahat hiss edir ki, bu da ciddi düşünülmüş xarici siyasətin nəticəsidir

Ötən həftə sonu İtaliyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra diqqətçəkən açıqlamalar verib. Məsələn, İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Prezident xüsusi olaraq vurğulayıb ki, Azərbaycan nə əvvəllər, nə də indi öz qarşısına Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymayıb: “Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk”.

“Siz Rusiya tərəfindən hərbi deyil, kommersiya və diplomatik sahələrdə hər hansı təzyiqlə üzləşirsinizmi” sualına dövlət başçısı belə cavab verib: “Xeyr, qətiyyən yox. Bunun səbəbi odur ki, bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılmışdır, onların öz dinamikası var. Bizim hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir. Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq. Əgər nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq. Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu, fundamental mövqedir. Bizim regional inkişafla bağlı narahatlıq yaradan heç bir məqamımız yoxdur”.

Prezident Azərbaycanın Türkiyə ilə bağlı münasibətləri haqda isə bunları deyib: “Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında Bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir. Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. Beləliklə, bu, çox mühüm amildir. Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”.

Mesajlardan əsas görünən budur ki, Azərbaycan regionda özünü rahat hiss edir ki, bu da ciddi düşünülmüş xarici siyasətin nəticəsidir. Prezidentin mesajlarının anlamı nədir? Xüsusilə “Türkiyə ilə vahid komanda kimi hərəkət edirik, bu da hamı tərəfindən nəzərə alınmalıdır” mesajı diqqət çəkir.

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Ali Baş Komandanın adını çəkdiyi üç ölkəni ayrı-ayrılıqda şərh etdi: “Prezident İlham Əliyev əcnəbi jurnalistlərin verdiyi suallara məharətlə və hərtərəfli cavab verir. Əslində indi yox, hər zaman verilən suallarda Azərbaycanla Rusiya üz-üzə qoyulur, xüsusən də qaz nəqli ilə bağlı bu özünü daha çox büruzə verir. Azərbaycan Rusiya ilə Avropaya qazın nəqli ilə bağlı heç zaman rəqabət aparmayıb və buna ehtiyac da yoxdur. Əlavə olaraq, ölkəmizin Rusiyanın qaz ehtiyatı ilə bağlı potensialını da müqayisə etmək qüsurludur. Ölkəmiz zamanında doğru qərarlar qəbul edib, neft və qaz boru xətlərini çəkib. İndi isə ehtiyacı olan ölkələrlə ikitərəfli və çoxtərəfli müqavilə bağlayıb qazını satır. Bu, Rusiya ilə rəqabət deyil, Azərbaycan istehsal etdiyi qazı satmalıdır. Cənab Prezidentin də cavabı həqiqətləri əks etdirir.  Türkiyə ilə münasibətlərimiz isə qarşılıqlı milli maraqlar üzərində qurulub. Artıq neçə illərdir ki, hər iki ölkə dünya siyasətində vahid komanda kimi çıxış edir.

Bizim İran dövləti ilə, onun maraqları ilə bağlı mənfi fikir və addımlarımız olmayıb. Hərdən İran İslam Respublikası özü-özündən şübhəyə düşür. Amma cənab Prezidentdən tutmuş digər kiçik məmurlara qədər hər kəs İranla bağlı normal münasibət nümayiş etdirir, onu incidəcək addımlar atmır. Sadəcə, hörmət və sayğı gərək qarşılıqlı olsun. Bu gün Azərbaycan güclü orduya və millətə sahib bir Cümhuriyyətdir, zəfər çalmış bir xalqdır. Bizim dövlət müstəqil olaraq digər ölkələrin maraqlarına zidd olmayaraq xarici siyasətini yürüdəcək və buna görə də heç kimdən icazə almaq fikrində deyil".

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

 Elçin Mirzəbəyli 

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, Prezident İlham Əliyev İtaliya mediasına müsahibəsində Azərbaycanın mövqeyini kifayət qədər açıq ifadə edib və ölkəmizin regional və qlobal proseslərə yanaşması ilə bağlı əlavə suala yer qoymayıb: “Düşünürəm ki, ölkəmizin enerji və xarici siyasətinin prioritetlərini bundan daha yaxşı və dəqiq ifadə etmək mümkün deyil. Cənab Prezidentin Türkiyə ilə bağlı mesajlarına gəldikdə isə bu mesajlar iki dövlətin bir millətinin tarixi, mədəni bütövlüyünü bir daha diqqətə çatdırmaqla yanaşı, Azərbaycanla Türkiyənin strateji müttəfiqlik münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa, sülhə, sabitliyə xidmət etdiyini diqqətə çatdırır. Müttəfiqlərini seçmək müstəqil hüququn suveren subyekti kimi Azərbaycanın təbii haqqıdır. Türkiyə ilə münasibətlər isə Azərbaycanın həm suveren, həm də təbii haqqıdır. Azərbaycan və Türkiyə vətəndaşlarının mütləq əksəriyyəti eyni dilin, mədəniyyətin daşıyıcılarıdır. Bütövlükdə isə hər iki dövlətdə yaşayan, hətta fərqli etnik kimliyə malik olan insanların mütləq çoxluğu da mədəniyyətlərin qarşılıqlı sintezi nəticəsində vahid dəyərlərə sahib olan bir topluma çevriliblər. Bu isə qarşılıqlı münasibətlərin inkişafı üçün möhkəm bir təməl formalaşdırıb. Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri yalnız hər iki ölkənin dövlət siyasətinin prioritetlərini təşkil etmir. İki ölkə arasındakı münasibətlər sosial sifarişin doğurduğu nəticədir. Bu sosial sifarişin dövlət siyasətinin ən önəmli, aparıcı hissəsinə çevrilməsinin əsas səbəbi isə Azərbaycan və Türkiyənin dövlət başçılarının həm bu prosesin mənəvi-ideoloji təşəbbüsçüləri, həm də liderləri olmalarıdır. Həm İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan yaranmış tarixi fürsətdən məharətlə istifadə edərək, iki dövlətin bir millətinin min illik arzularının gerçəkləşməsinə nail olublar və prosesin irəliyə doğru aparılması üçün fədakarlıq, qətiyyət və böyük siyasi iradə nümayiş etdirirlər. Bu baxımdan, cənab Prezidentin ”Türkiyə ilə vahid komanda kimi hərəkət edirik, bu da hamı tərəfindən nəzərə alınmalıdır" mesajının Azərbaycan-Türkiyə münasibətlərindən narahatlıq keçirənlərə ünvanlandığını və bu təbii ittifaqın nəzərə alınmasından başqa bir seçim olmadığını ifadə etdiyini düşünürəm".

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

 Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd etdi ki, Azərbaycan Prezidentinin İtaliya qəzetinə verdiyi cavab bir neçə hissədən ibarətdir: “Birincisi, İlham Əliyev Avropa ölkələri ilə əməkdaşlıqdan məmnundur. Azərbaycan Avropa ölkələrinə qaz nəql edir, həm mavi yanacağın həcmi, həm də qazımızı alan ölkələrin sayı artır. Azərbaycan Avropa dövlətlərinin bir qismi ilə, o cümlədən İtaliya ilə strateji əməkdaşlıq sazişi imzalayıb. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İki ölkə arasındakı illik ticarət mübadiləsinin həcmi 9 milyard dollardan çoxdur. İtaliya Azərbaycandan qaz idxalını artırmaq istəyir. Azərbaycan Avropa İttifaqı ilə ilin sonuna qədər strateji saziş imzalaması da vacibdir. İkincisi, İlham Əliyev müsahibədə Rusiyanın Azərbaycana təzyiq etmədiyini bildirdi və Moskvanın bölgədə güclü Azərbaycan amili ilə hesablaşdığına işarə etdi. Digər tərəfdən, Azərbaycan Avropada Rusiya ilə rəqabət aparmır. Bəli, Avropanın Azərbaycan qazına ehtiyacı var, ancaq bu qaz qitənin böyük ehtiyaclarını ödəmək iqtidarında deyil. Əgər Azərbaycan qazı Avropada Rusiya qazını əvəz etsəydi, o zaman Moskvanın Bakıya müxtəlif yollarla təzyiqi artardı. Reallıq fərqlidir. Buna baxmayaraq, hesab edirəm ki, Kreml Azərbaycanın Qarabağda qayda-qanunu tam bərpa etməsində maraqlı deyil. Kremlin ”parçala və hökm sür" siyasəti davam edir. Ona qonşu ölkələrdə separatçılar lazımdır ki, onlar vasitəsilə bölgədə varlığını davam etdirə bilsin. Əlbəttə, Bakı Moskva ilə təmaslarını davam etdirəcək. Kremllə qovğa içində olmadan Rusiya hərbçilərinin 3 ildən sonra Qarabağı tərk etməsini reallaşdırmalıyıq. Üçüncüsü, İlham Əliyev müsahibədə Türkiyənin Azərbaycanın strateji müttəfiqi olduğu fikrini bir daha təkrarladı və bu müttəfiqliyin əbədi xarakter daşıdığını vurğuladı. Azərbaycan və Türkiyə dili, dini və kökü bir ölkələr olmaqla yanaşı, baxışları da eynidir. Ərazi bütövlüyü prinsipi Azərbaycan və Türkiyə üçün “qırmızı çizgidir”. Hər iki dövlət bölgədə davamlı sabitlikdən, əməkdaşlıqdan və kommunikasiya xətlərinin açılmasından yanadırlar. Ona görə İlham Əliyevin müsahibədə dediyi kimi, Azərbaycan və Türkiyə vahid komanda kimi çalışır. İkinci Qarabağ müharibəsindən sonra bunu Ermənistan və Rusiya da qəbul etmək məcburiyyətində qalıblar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR