İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyev bir daha xəbərdarlıq etdi - İrəvan danışıqları sıfırlayır?

769 03.02.2024 12:26 Siyasət A A

Paşinyan kabineti konstitusiyanı dəyişərək Qarabağdan imtina etməyin vaxtı çatdığını anlayır, amma Bakıdan da adekvat addım gözləyir - deputat və analitiklərin dərin təhlili

“Azərbaycan Konstitusiyasına düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır”. “Yeni Müsavat” xatırladır ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

“Növbəti dəfə Ermənistan rəsmilərindən yeni konstitusiyaya ehtiyacın nə dərəcədə Bakının tələbi ilə bağlı olduğunu soruşmaq istəyəndə bilin ki, danışıq aparan erməni rəsmilər də Azərbaycan Konstitusiyasına dəyişikliklərin zəruriliyini gündəmə gətirirlər. Azərbaycan Konstitusiyasında da güzgü effekti ilə dəyişdirilməli olan müddəalar var”, - Simonyan iddia edib. Onun sözlərinə görə, Ermənistan tərəfi hər hansı danışıqları güzgü effektində aparır: “Əgər bu danışıqlar zamanı hər hansı təkliflər irəli sürülürsə, o zaman gələcək davamlı sülh naminə onlar həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir”. Az öncə bənzər fikri XİN başçısı Ararat Mirzoyan səsləndirmişdi. Aydındır ki, söhbət Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması haqda müddəadan gedir. Ancaq gerçək belədir ki, Azərbaycan Konstitusiyasında hazırkı Ermənistan Respublikasının hər hansı ərazisinin adı keçmir. Baş nazir Nikol Paşinyanın sözlərinə görə, “Təsəvvür edin ki, qırmızı paltarda öküzlərin olduğu yolda gedirik. Paltarımızı dəyişməsək, keçməyəcəyik”. Onun fikrincə, çoxları birbaşa deyir ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanın təzyiqləri ilə bağlıdır: “İstənilən hökumət ölkənin təhlükəsizliyini hansı konsepsiya ilə təmin edəcəyini başa düşməlidir. Xarici təhlükəsizlik təhdidinə səbəb olan problemləri və məqamları qeyd etmək lazımdır. Bilirik ki, aqressiv bir mühitdəyik, vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv olduğunu anlamaqdır”. 

Ermənistan konstitusiyasına görə, keçmiş DQMV onun ərazisi sayılır, Türkiyənin 6 vilayətinə, hətta Gürcüstan torpaqlarına iddia edilir və gerbində qardaş ölkədəki Ağrı dağı əks olunub. Bu gəlişmə nədən xəbər verir, İrəvan danışıqları tam sıfırlamaq kursu götürüb, yoxsa hər dəfə Azərbaycanın haqlı tələbini “neytrallaşdırmaq” üçün “güzgü effektli” uydurma şərt irəli sürəcək? Yeri gəlmişkən, prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bu məsələyə bir daha toxunaraq deyib ki, artıq Azərbaycanla Ermənistan arasında de-fakto sülh var və bir neçə aydır ki, iki ölkənin sərhədində sakitlik hökm sürür. Amma onun sözlərinə görə, bu prosesi məntiqi yekunlaşdırmağa nail olmaq üçün sülh müqaviləsi imzalamaq və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaq lazımdır. Bu kontekstdə dövlət başçısı vurğulayıb ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistan konstitusiyasında da əksini tapıb. Həmçinin Ermənistanın digər hüquqi sənədlərində ölkəmizə qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalar və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər var. Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulsa, Ermənistan konstitusiyasına və digər hüquqi sənədlərə müvafiq dəyişikliklər edilsə, sülhə nail olmaq olar. Bütün bunlardan Ermənistan nəticə çıxaracaqmı, nəhayət, sözdən işə keçəcəkmi? 

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə 

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan hər şeyi uzadacaq, siyasi oyunlarını davam etdirəcək. A.Mollazadənin fikrincə, buna səbəb Ermənistan hökumətinin sülh müqaviləsini imzalamaqdan qorxmasıdır: “Rəsmi İrəvan gözəl bilir ki, erməni diasporası ölkədə özünü müxalifət adlandıran hərbi cinayətkarlara dəstək verə bilər. Bu da nəticədə siyasi elitanın terror olunmasına, hərbi çevrilişə gətirib çıxaracaq. Sözsüz ki, Ermənistan siyasi oyunlarına son qoyub sülh sənədini imzalamalıdır, amma qorxusundan bu addımı atmır. Yadınıza salım ki, 1999-cu ildə sülh tərəfdarı olan Ermənistanın baş naziri, spikeri parlamentə öldürüldülər. Paşinyan hakimiyyəti də bu terrorun təkrarlanmasından ehtiyat edir”. Deputat bildirdi ki, məhz bu səbəbdən Ermənistan rəsmiləri yeni uydurmalarla çıxış edirlər: “Azərbaycan konstitusiyasında nəyi dəyişməlidir? İrəvan özü dəyişməlidir ki, Türkiyə və Azərbaycanla normal münasibətlər qurulsun. Ancaq beynəlxalq ictimaiyyəti aldatmağa davam edirlər, nəticə etibarı ilə sülh sənədini imzalamaqdan boyun qaçıracaqlar”.

Bakı şərt irəli sürür ki...” - Ekspert DETALLARI açdı

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimova görə, 10 noyabr bəyanatının müddəalarından irəli gələn məsələləri Azərbaycan özü həll edir: “Deməli, əsas nizamlayıcı xassə Azərbaycanın geosiyasi məqsəd və məramlarında, güclənən hərbi qüdrətində ”gizlənib" və Ermənistanın tək çıxış yolu hüquq sistemində müvafiq dəyişiklikləri etməkdir. Əliyev buna görə deyir ki, prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ortaya maraqlı bir əlaqə çıxır, Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin Konstitusiyasının dəyişdirilməsi üçün çağırışlarını artırır. Paşinyan başa düşür ki, sülh müqaviləsinin imzalamasında münbit zəminin yaradılması Konstitusiyadakı dəyişikliklərdən keçir. Paşinyandan isə müsbət siqnalların verilməsi şifahi olaraq yaxşı görüntüyə malikdir, ancaq Bakı bu prosesə ehtiyatlı nikbinliklə yanaşır. Ən azından ona görə ki, Paşinyan müxtəlif bəhanələrlə prosesdən yayına və əlində erməni cəmiyyətinin dəyişikliklərə etirazını bayraq tuta bilər. Üstəgəl, Paşinyan Ermənistana Qərbdə təhlükəsizlik zəmanətləri arayarkən bu müddəti vaxt qazanmaq üçün istifadə etmək kimi strategiyaya da malik ola bilər". Təhlilçi hesab edir ki, Paşinyan zərurətlərə şifahi razılıqlarla yox, yazılı və müqaviləli öhdəliklərlə məsuliyyət daşımalıdır: “Əliyev bildirir ki, erməni xalqı necə işğal dövrünün reallıqlarının Konstitusiyada əksinə razı olubsa, indi erməni cəmiyyətini bu fikirdən daşındırmaq da Paşinyanın üzərinə düşən ağır məsuliyyətdir. Bu məsuliyyətdən qaçış isə regional eskalasiyadakı risk mənbələrindən birinə qahmar çıxmaqdır. Azərbaycanın bu variantda hansı addımlarla irəliləyəcəyini onun kəşfiyyat imkanları, diplomatik səyləri, siyasi iradəsi və hərbi qüdrəti kompleks şəkildə müəyyənləşdirəcək”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlı düşünür ki, Əliyev sülh üçün Ermənistanın konstitusiya və müstəqillik bəyannaməsinin dəyişdirilməsi şərtini irəli sürüb: “Bu iddialar konstitusiyadan götürülmədiyi təqdirdə sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verəndə yeni qüvvələr konstitusiyaya əsasən ərazi iddialarını yenidən davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərindən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürür. Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi müzakirələrinin başlanması isə Bakının tələbini nəzərə aldıqlarını göstərir”. Ekspertin sözlərinə görə, maraqlı məqam Ermənistanın Azərbaycandan da bunu tələb etməsidir: “Simonyan iddia edir ki, ”Azərbaycan Konstitusiyasında, Azərbaycanın hüquqi aktlarında da dəyişdirilməli olan müddəalar var". Hansı müddəalardan danışdığını açıqlamayıb. Çünki Azərbaycan Konstitusiyasında, yaxud müstəqilliyin bərpası haqda bəyannamədə Ermənistan üçün təhlükə ola biləcək, yaxud onları maraqlandıra biləcək müddəa yoxdur. Ermənistanın müstəqillik bəyannaməsində isə qondarma “miatsum”dan bəhs olunur, açıq şəkildə Qarabağa iddia edilir və konstitusiya bu bəyannamənin müddəalarının icrasını vəzifə olaraq müəyyənləşdirir. Simonyanın iddiasının Ermənistan siyasi seqmentində yeni konstitusiya istəyinin Bakının sifarişi olduğu haqda ittihamlara qarşı hesablanmış kimi görünür".

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR