İnsanlara hürriyət, millətlərə istiqlal!

Ponomoryovla Dəmirçyanın dostluğu - 1977-ci ildə Ermənistan rəhbəri Mərkəzi Komitənin katibindən nə xahiş edib?

3500 26.02.2023 22:03 Yaxın tarix A A

Nikita Xruşovun hakimiyyəti dövründə, 1961-ci ildə Mərkəzi Komitənin katibi seçilən Boris Ponomoryov düz 25 il öz kürsüsünü heç kimə təhvil verməyib. Nə yaş həddi, nə də səhhətindəki problemlər onu vəzifəsindən ayıra bilib. Xruşov, Brejnev, Andropov və Çernenko ilə dil tapan Ponomoryov nəhayət, 1986-cı ildə, 81 yaşında Qorbaçovun təkidi ilə təqaüdə göndərilib...

Ponomaref BN.jpg (74 KB)

Boris Ponomoryov 1905-ci ildə Moskva vilayətinin Zaraysk şəhərində anadan olub. 1919-1920-ci illərdə qırmızı orduda xidmət edib. Xidmətdən tərxis olunduqdan sonra o, Zarayskda və Donbasda komsomol orqanlarında işləyib. Moskva Dövlət Universitetində ali təhsil alıb. Sonrakı fəaliyyətini Moskva şəhər Partiya Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda davam etdirən Ponomoryov 1937-ci ildən həmin təhsil ocağının direktoru vəzifəsində çalışıb.

Sovet-alman müharibəsi dövründə Vyaçeslav Molotovun təşəbbüsü ilə Ponomoryov Mərkəzi Komitənin beynəlxalq informasiya şöbəsinə müdir müavini təyin edilib. 1947-ci ildə isə o, SSRİ-nin rəsmi informasiya qurumu olan “Sovinformbüro”ya direktor vəzifəsinə təyinat alıb. Bu təyinat Stalinin ürəyincə olmasa da, o, Molotovun təklifinə “yox” deməyib.

Ponomoryov Kreml məmurları arasında ən qapalı şəxslərdən biri sayılıb. Hələ 1940-cı illərdən o, daha çox Xruşovla yaxın münasibətlər saxlayıb. Bəzi mənbələrə görə, Ponomoryov Stalinin fəaliyyətini həzm edə bilməyib. Yəqin elə onun Xruşovla yaxınlaşmasının səbəbi də hər ikisinin Stalinə antipatiyasından irəli gəlib. Bu münasibətlər sonralar Boris Ponomoryovun vəzifə karyerasında böyük rol oynayıb. 1961-ci ildə o, Nikita Xruşovun təşəbbüsü və təqdimatı ilə Mərkəzi Komitənin katibi seçilib. Plenumda onun namizədliyi irəli sürüləndə etiraz edənlər də tapılıb.

Bundesarchiv_Bild_183-B0115-0010-050,_Berlin,_VI._SED-Parteitag,_1.Tag.jpg (104 KB)

Xruşov səsinin tonunu qaldıraraq “köhnə dostunu” açıq şəkildə müdafiə edib:

“Ponomoryov partiya rəhbərliyində ən təcrübəli şəxslərdən biridir. Onun partiyamıza töhfələri çox olub. İndi kimlərsə onun fəaliyyətindən narazılıq etmək istəyir. 1958-ci ildə Kommunist Partiyasının proqramı hazırlananda harada idi o şəxslər? Hamı çəkilmişdi bir kənara. Məhz həmin proqramın hazırlanması üçün yaradılmış komissiyaya rəhbərlik etməyi Ponomoryov öz üzərinə götürdü və bu işin öhdəsindən yüksək səviyyədə gəldi...”

Birincilərin bu cür təqdimatı Ponomoryovu Kremldə “toxunulmaz” şəxsə çevirib. Brejnevin hakimiyyəti dövründə də o, mövqelərini qoruya bilib. O cümlədən Andropov və Çernenko da ona toxunmaq haqqında düşünməyiblər.

Ponomoryovun azsaylı dostları arasında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçyanın xüsusi yeri olub. Bu dostluqdan Kreml məmurları da məlumatlı olublar. Sözsüz ki, fürsətcil erməni siyasətçi bu münasibətdən istifadə etməyə çalışıb. Amma Dəmirçyan öz istəyinə nail olmayıb.

Maraqlıdır, Dəmirçyanın Ponomoryovdan xahişi nədən ibarət olub?

Qeyd edək ki, 1936-cı ildə qəbul edilmiş SSRİ-nin konstitusiyası qeyri-rəsmi “Stalin konstitusiyası” da adlandırılıb. Nikita Xruşov hakimiyyətə gəldikdən sonra bu addan qurtulmaq üçün konstitusiyanın dəyişilməsinin əsas tərəfdarlarından biri olub. Beləliklə, 25 aprel 1962-ci ildə SSRİ Ali Sovetində yeni konstitusiyanın layihəsinin hazırlanması üçün konstitusiya komissiyasının yaradılması ilə bağlı qərar qəbul olunub. Komissiyaya Nikita Xruşov rəhbərlik edib. Lakin çox keçməmiş 1964-cü ildə Xruşov hakimiyyətdən devrilib və konstitusiya komissiyasının sədri Leonid İliç Brejnev olub. Konstitusiya layihəsinin ilk variantı Brejnev tərəfindən ciddi tənqid olunub, layihənin yenidən hazırlanması üçün baş katib tərəfindən göstəriş və tövsiyələr verilib. Brejnev komissiyanın iclaslarında çox nadir hallarda iştirak edib. Komissiyanın işçi qrupuna rəhbərlik Ponomoryova həvalə edilib. Nəhayət, 15 ildən sonra layihə hazır olub.

gettyimages-505811426-1024x1024.jpg (116 KB)

1977-ci ildə yeni konstitusiya layihəsinin hazırlanmasının son mərhələsində Dəmirçyan Konstitusiyanın dəyişməsi ilə SSRİ daxilində sərhədlərin dəyişilməsinin mümkünlüyünü düşünərək Ponomoryovdan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tabeliyinə verilməsini xahiş edib. Ponomoryov bunun üçün həm Ermənistandan, həm də Qarabağdan Mərkəzi Komitəyə çoxsaylı müraciətlərin olmasını vacib sayıb. Dəmirçyanın rəhbərliyi ilə yerlərdən Kremlə çoxsaylı müraciətlər ünvanlanıb. Ponomoryov bu müraciətləri “əsas” götürərək məsələni komissiyanın iclasında müzakirəyə çıxarmağa hazırlaşıb. Qeyd edək ki, Heydər Əliyev komissiyanın Azərbaycan tərəfindən üzvü olub.

Beləliklə, komissiyanın növbəti iclaslarından birində yığıncaqdan əvvəl Ponomoryov Heydər Əliyevə Ermənistandan və Dağlıq Qarabağdan komissiyaya daxil olan çoxsaylı müraciətlər haqqında məlumat verərək bildirib ki, bu məsələni komissiyanın iclasına çıxarmaq lazımdır. Heydər Əliyev buna etirazını bildirəndə Ponomoryov erməniləri dəstəkləyərək məsələnin müzakirəsinin vacibliyini vurğulayıb və açıq-aydın hiss olunub ki, Mərkəzi Komitənin katibi Ponomoryov ermənilərin haqsız və yersiz istəyini gerçəkləşdirməyə can atır. 

gettyimages-505811406-1024x1024.jpg (109 KB)

SSRİ-nin siyasi elitasında kifayət qədər böyük nüfuza sahib olan Heydər Əliyev Ponomoryovla müzakirələri mənasız sayaraq məsələni birbaşa Brejnevlə həll edib. Heydər Əliyevlə görüşdən sonra Brejnev Ponomoryova zəng edərək Qarabağ məsələsinin komissiyanın iclasından çıxarılması barədə göstəriş verib.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR