İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq Əhməd Obalı və oğlunun döyülməsindən danışdı: "İranın qisas alacağı gözlənilən idi"

1325 21.05.2023 21:03 Son xəbər A A

"Aydın məsələ idi ki, İran beynəlxalq diqqət çəkiləndən sonra qisas almağa başlayacaqdı və biz artıq bu mərhələni izləməkdəyik".

yegane.jpg (246 KB)

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Yeganə Hacıyeva Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, GünAz TV-nin rəhbəri Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, İran beynəlxalq səviyyədə terrorizmi dəstəkləyən dövlətlər sırasında öndə gedir:

"İran rejimi 44 illik tarixi boyu çoxsaylı sui-qəsdlər törədib və terrora sponsorluq edib, iranlı müxalifləri və dünyanın müxtəlif yerlərində xarici dövlətlərin nümayəndələrini təqib edib. İran rejiminin bu terror əməlləri 1979-cu ildən, molla rejiminin hakimiyyəti ələ keçirməsindən az sonra başlayıb.

İran kəşfiyyatı 1979-2020-ci illərdə xaricdə İran rejiminin müxalifləri olan ən azı 21 siyasi rəqibini öldürüb. Beynəlxalq nüfuzlu mərkəzlər İranın dövlət strukturlarının qanlı terror aktlarında iştirakını faktlarla sübuta yetirib. İran hakimiyyətinə müxalif olan şəxslərə qarşı terror hadisələri də adi praktikadır.

İran kəşfiyyatı 1989-cu ilin iyul ayında Vyanada, Avstriyada İran kürdlərinin liderini və daha iki nəfəri qətlə yetirib. Eyni üsulla, 1991-ci ilin avqust ayında Fransada İran rejiminə müxalifət olan hərəkatın liderlərindən biri - İranın keçmiş baş naziri Şapur Bəxtiyarı öldürüblər. 1992-ci ilin sentyabrında Berlində dörd nəfər iranlı dissident qətlə yetirilib. Bu qətllərdə şübhəli bilinən 4 nəfər SEPAH agenti 1997-ci ildə ələ keçirilərək mühakimə olunublar.

Əhməd Obalı və ailəsinə qarşı törədilən cinayət də bu tip cinayətlərdəndir".

Xatırladaq ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.

Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.

Obalı Azərbaycana sıx-sıx gedib gəlirdi. Bu hadisə də Azərbaycandan dönüşdən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə, bu, İran kəşfiyyatının əməlidir.

Əhməd Obalıya yaxın mənbələrdən Musavat.com-a verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.

Musavat.com Əhməd Obalının hadisə ilə bağlı rəyini əldə edə bilib. Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR