İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Cənubi Qafqazda sülhün əldə olunmasının qarşısı alına bilməz” 

1099 18.11.2022 15:27 Gündəm A A

“Fransa Senatının son qətnaməsi nə beynəlxalq hüquqa, nə Fransanın özünün mərkəzində aparmağa çalışdığı Avropa İttifaqının elan etdiyi dəyərlərə və prinsiplərə, Fransanın beynəlxalq sistemdəki roluna, nə də Fransanın keçmiş ATƏT-in Minsk Qrupunun həmsədri kimi üstünə götürdüyü öhdəliklərə, Cənubi Qafqazda sülhün əldə olunması ilə bağlı oynamağa çalışdığı rola uyğundur. Bu, erməni lobbisinin fəaliyyətinin nəticəsidir”.

Bu fikirləri Musavat.com-a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) direktoru Araz Aslanlı bildirib.

“Fransada elə qüvvələr var ki, Cənubi Qafqazda daimi sülh əldə olunarsa, bunun Fransanın maraqlarına zidd olacağını düşünürlər. Onlar Fransa hakimiyyətində müxtəlif səviyyələrdə təmsil olunurlar. Düşünürlər ki, Fransa 44 günlük Vətən müharibəsi və sonrakı proseslərdən kənarda qalıb, arzuladığı mövqeyə sahib deyil. Belə olan təqdirdə bu istiqamətdə gedən proseslərə mane olmaq lazımdır. Buna görə də təxribatçı addımlar atmağa çalışırlar. Müəyyən təbəqə var ki, Cənubi Qafqazda Türkiyənin rolunun artmasından, Türkiyə-Azərbaycan münasibətlərinin strateji xarakterindən narahatdırlar. Məhz bu səbəbdən Cənubi Qafqazda sülh prosesinə Ermənistanla Türkiyənin və Azərbaycanın münasibətlərinin qaydaya düşməsinə mane olmağa çalışırlar. Ən geniş müstəvidə baş verənləri Cənubi Qafqazda sülhün əldə olunmasına mane olma təşəbbüsü kimi dəyərləndirə bilərik. Daha öncə də sülhlə, münasibətlərin normallaşdırılması imkanları ilə bağlı bəzi dövlətlər uydurma erməni soyqırımını parlament səviyyəsində müzakirə ediblər. Məqsəd erməni milliyyətçiliyini qızışdırmaq, sülhə, əməkdaşlığa mane olmaq idi. Fransa Senatının qəbul etdiyi qətnamə də bu addımlardan biridir. Qarabağ ermənilərinə “imkan” yaradılması erməniləri revanşist meyllərə təhrik edəcək. Cənubi Qafqazda sülhün əldə olunmasının qarşısı alına bilməz. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və sülhün əldə olunması prosesi müsbət nəticələnəcək. Təxribatlar sadəcə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Ermənistanın regiondakı sülh və əməkdaşlıq mühitinin bir parçasının olmasına mane ola bilər. Ermənistanı təhrik etmək Cənubi Qafqaz üçün yox, Ermənistan üçün problemlər yarada bilər”, - politoloq vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR