İnsanlara hürriyət, millətlərə istiqlal!

Perspektivsiz müxalifətçilik

1603 18.12.2022 19:04 Yazarlar A A

“Həmişə səhvlərini boynuna al, bu, müdiriyyətin sayıqlığını kütləşdirir və sənə yeni səhvlər etməyə şərait yaradır”

(Mark Tven)

Gündəmi izləyəndə başa düşürsən ki, ölkəmizdə müxalifətçiliyin artıq heç bir perspektivi qalmamışdır. İqtidar özü müxalifətdir.

Örnək üçün, baxırsan bir adam deyir: “Hərbi prokuror cinayətkardır, xalqımızın düşmənidir”. Bunu deyən adam bəs kimdir və harda söyləmişdir? Deputatdır, birbaşa Milli Məclisdə söyləmişdir! Halbuki, qədim zamanlarda belə fikirlər Motodromda, Qələbə meydanında, nə bilim, Məhsul stadionunun yırtıq tribunasında səslənərdi, camaat hayqırışıb, şəkil çəkdirib dağılışardı, sonra bəzilərini Almaniyadan tutub təyyarədə geri göndərərdilər. İndi isə parlamentimiz müxalif fikir tribunasına dönmüşdür, Allah axırını xeyir eləsin. Barıtı çox qoymaq lazım deyil.

Yaxud, gəlin söhbətə qulaq asaq: “Müəllimlərin 25 faizinin qandığı qrafa yoxdur. Saxta diplomlu müəllimlər saysız-hesabsızdır, qalmışıq onların əlində”. Bəs bunu deyən kimdir? Bəlkə Üstüaçıq kənd məktəbində oxuyan Gülverdinin atası Pirverdi kişidir, tarladan qayıdıb yorğun-arğın, yavan çörəyini gəvələyərkən arvad-uşağa deyinmişdir? Xeyr. Yenə tapmadınız. Bunu deyən təhsil naziridir.

Özü də nazir haqlı deyilmi? Yüz faiz haqlıdır. Müəllimlərimiz sovetdənqalma “Jiquli” maşını kimidir, hansına əl vursan tökülür. Təhsil sistemində yenilik etmək demək olar mümkünsüzdür. Ancaq bunun günahı kimdədir? Həmin saxta müəllimlərin hamısını AXC-Müsavatın üstünə yıxmaq olmur axı. O saxta diplomları verən adamlar bu dəqiqə də sistemdə çalışırlar. Sadəcə, biri elmi institut direktorudur, başqası ayrı nazirliyin müdiridir, üçüncüsü də nə bilim hansı vəzifədədir. Hamısını eləyən özünüzsünüz, bəs tənqid kimə yönəlib? Bakıdakı filan nömrəli məktəbin tinində göyərti satan Gülbadam xalaya. Saxta diplomları verən rektorları vəzifəyə o qoymuşdur. Saxta müəllimləri saxta seçkilərin saxta protokollarını daşımağa o sürümüşdür. Ax, ax, Gülbadam xala... Bir də səndən keşniş alsam namərdəm...

Hələ bu harasıdır? Bir köstəbəyə oxşayan generalımız var, Allah heç qoymasa, başqaları torpaq almağı ilə məşhur olanda, bu, torpaq verməyi ilə tanınmışdır. 1990-cı illərdə hansı rayonumuz, kəndimiz əldən gedirdisə, eşirdilər, altından bunun barmağı çıxırdı. Di gəl, gör heç özündən narazıdırmı? Qətiyyən. Şəkilləri var, yaxasındakı medallar şalvarın dizinə, corabın başınacan çatır. Əlqərəz, indi bu adam müsahibə verib, deyir Nəcməddin Sadıkov, qısa yazsam, “pıxıdır”.

Əlbəttə. İndi bizdə hamıya əyandır ki, Nəcməddin müəllim “pıxıdır”. Ancaq vaxtilə bunu söyləmək cəhənnəm, fikrində tutan adamları türməyə basardılar, həmin bu general isə şalvarının böyründəki qırmızı zolağı bərk-bərk tutub fırlanardı. Nəinki fırlanardı, hətta birbaşa Nəcməddin müəllimin müaviniydi! Təsəvvür elə. Deyir Nəcməddin müəllim bizə xəyanət etmişdir, lakin müavini olaraq mən xalq üçün çalışırdım. Yaxşı görək. Yəqin hərəsi binaya ayrı qapıdan girirmiş. Özü pis olub, ətrafı yaxşı.

Səfər Əbiyev hardadır, onu danışdırın, qoy bir qədər də Nəcməddinə o döşəsin. Vallah. Hamısı Napoleonun əmisi uşaqlarıdır.

Bərk durun, ən yağlı müxalifətçi çıxışı axıra saxlamışam. Buyurun, tükünüz ürpəşsə də, canınıza vicvicə düşsə də bu dəhşətli, qorxunc sözləri oxuyun: “Bu gün vəzifə başına gələn öz dostunu, qohumunu yanına gətirir. Bunun qarşısını almaq lazımdır”. Sitatın sonu. Sizcə kim, harda deyibdir? Deputat deyibdir! Milli Məclisdə. Deyib və ona heç kim işgəncə verməmişdir! Əksinə, yaxşı maaş alır. Hər gün efirlərə çıxır – manıslarımız demişkən.

Müxalifətçiliyin burda heç bir perspektivi yoxdur. Təklif edirəm axırıncı, damazlıq qalmış müxalifətçilər gedib özlərinə iş tapsınlar. Məsələn, Gülbadam xalaya yardım edə bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR