Bakıda son günlər içməli suyun verilməsində yaranan fasilələr əhali arasında narazılığa səbəb olub. Xəzər, Binəqədi, Suraxanı, Yasamal rayonları, eləcə də Xırdalan və Yeni Günəşli ərazisindən redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə sakinlər bir neçə gündür su qıtlığı ilə üzləşdiklərini bildirirlər.
Xəzər rayon sakini İmran Balayev iddia edir ki, ərazidəki bəzi villalara qanunsuz su xətləri çəkilməsi vəziyyəti daha da ağırlaşdırıb:
“Bizim ərazidə xeyli villalar var. Onlar qanunsuz olaraq su xətti çəkiblər, hamısı evlərindəki baseynlərə su doldururlar. Biz isə hər yay eyni problemi yaşayırıq. Dörd gündür susuz qalmışıq”.
Yeni Günəşli sakini Aygün adlı şikayətçi isə bildirir ki, suyun verilməsi çox qısa müddətlə məhdudlaşır:
“Gündə təxminən 30 dəqiqə su verirlər. Su 4-cü mərtəbəyə qədər güclə qalxır, yuxarı mərtəbələrə isə üç gündür bir damcı da su çıxmır”.
Binəqədi, Yasamal, Suraxanı və Xırdalan ərazilərindən müraciət edən sakinlər də oxşar problemlərlə üzləşdiklərini, bir neçə gündür normal su təminatından məhrum qaldıqlarını deyirlər.
Vətəndaşların sözlərinə görə, yaranmış vəziyyət xüsusilə isti yay günlərində həm məişət, həm də gigiyenik baxımdan ciddi çətinliklər yaradır.
Məsələ ilə bağlı Musavat.com-un sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda mövsüm keçidiylə əlaqədar su təchizatı sistemində bərpa və yeniləmə işləri aparılır.
Qurumun məlumatına görə, anbarlardan qəbul edilən suyun həcminin və sutəmizləyici qurğuların məhsuldarlığının artırılması məqsədilə texniki tədbirlər həyata keçirilir. Bu səbəbdən bəzi ərazilərdə suyun verilmə qrafikində müvəqqəti dəyişikliklər edilib və su təminatında 2-3 saatlıq azalmalar tətbiq olunur.
Qurum yaranan narahatlığa görə abonentlərdən üzr istəyib.

Ekoloq Rövşən Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Bakının su təchizatı müxtəlif mənbələr hesabına həyata keçirilsə də, mövcud sistemin daha çevik və dayanıqlı şəkildə qurulmasına ehtiyac var:
“Hazırda Bakıya tələb olunan suyun təxminən 60 faizi verilir. Eyni zamanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması istiqamətində də müəyyən işlər aparılır ki, bu da gələcək üçün alternativ mənbələrdən biri hesab oluna bilər. Əsas məsələ ondan ibarətdir ki, su təchizatı infrastrukturu bütün mövcud mənbələrdən maksimum səmərə ilə istifadə etməyə imkan verməlidir. Uzunmüddətli perspektivdə sistem elə qurulmalıdır ki, hər hansı mənbədə problem yarandıqda digər mənbələr həmin çatışmazlığı kompensasiya edə bilsin. Məsələn, hazırda Ceyranbatan su anbarı əsasən müəyyən rayonların təminatında iştirak edir. Halbuki texniki imkanlar elə yaradılmalıdır ki, zərurət yaranacağı halda həmin mənbədən digər rayonlara da su ötürmək mümkün olsun. Yəni su təchizatı bir və ya iki istiqamətdən asılı vəziyyətdə qalmamalıdır”.
Ekspert əlavə edib ki, bəzən problemin həlli kimi yeni su anbarlarının tikilməsi təklif olunur:
“Hesab edirəm ki, bununla yanaşı, Bakı və Abşeron ətrafında mövcud olan göllərin potensialından da istifadə etmək olar. Məsələn, Xocəsən gölü gələcəkdə su anbarı funksiyasını yerinə yetirə bilər. Bunun üçün ilk növbədə gölə axıdılan çirkab sularının qarşısı alınmalı, göl sağlamlaşdırılmalı və ekoloji vəziyyəti bərpa edilməlidir. Bundan sonra həmin su ehtiyatından müəyyən məqsədlərlə istifadə etmək mümkündür. Oğuz–Qəbələ–Bakı su kəmərinin ən böyük üstünlüyü isə suyun qravitasiya yolu ilə, yəni əlavə enerji sərf edilmədən Bakıya çatdırılmasıdır. Bu sistemin digər su mənbələri ilə əlaqələndirilməsi də mümkündür. Məsələn, Mingəçevir su anbarından müəyyən həcmdə suyun bu xəttə yönləndirilməsi variantı nəzərdən keçirilə bilər. Hətta alternativ olaraq Gürcüstan ərazisindən axan Kür və Alazan (Qanıx) çaylarının su ehtiyatlarından istifadə imkanları da araşdırıla bilər. Alazan çayının sularının Oğuz–Qəbələ xəttinə inteqrasiyası gələcəkdə əlavə mənbə rolunu oynaya bilər.
Ən vacib məsələ su mənbələri ilə istehlak nöqtələri arasında düzgün balansın yaradılmasıdır. Su ehtiyatlarının idarə olunması yalnız yeni mənbələrin tapılması ilə deyil, həm də mövcud resursların optimal bölüşdürülməsi və infrastrukturun müasir tələblərə uyğunlaşdırılmasıyla mümkündür. Bu istiqamətdə atılacaq addımlar gələcəkdə Bakıda və Abşeron yarımadasında su qıtlığı risklərini əhəmiyyətli dərəcədə azalda bilər”.
Afaq Mirayiq,
Musavat.com






