İnsanlara hürriyət, millətlərə istiqlal!

Payız depressiyası: ondan necə uzaq olaq? - Psixoloq rəyi

1246 25.10.2022 17:14 Sosial A A

Araşdırmalara görə, hər payız fəslində təxminən 5 nəfərdən biri depressiyaya düşür, özünə qapanır və yaxud müəyyən psixoloji hallar yaşayır. Bəzi mütəxəssislər qeyd edir ki, bu, mövsümlə əlaqədar orqanizmdə vitamin çatışmazlığı ilə, az hərəkətliliklə bağlıdır. 

Digər mütəxəssislər isə bildirir ki, payız mövsümündə günəş şüalarının azalması nəticəsində orqanizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” hesab edilən serotonin isə azalır. Qeyd edək ki, melotonin hormonu yalnız qaranlıqda ifraz olunur, işıqda isə azalır. Yayda gecələr qısa olduğu üçün melotonin ifrazı azaldığı halda uzun payız və qış gecələrində daha çox ifraz olunur. Beləliklə də tez-tez depressiyaya düşən şəxslər bu dəyişikliklər nəticəsində asanlıqla depressiyaya yuvarlanırlar.

Araşdırmalara görə, əsasən qadınlar depressiyaya meyilli olduqlarından payız depressiyasına ən çox onlarda rast gəlmək olur.

Payız depressiyasının əlamətlərinin əsasən aşağıdakılar olduğu bildirilir:

  1. Səhər yuxudan oyanmaqda çətinlik çəkir, özündə əzginlik hiss edir. Həddən artıq yatmaq istəyi yaranır.
  2. Ümumi yorğunluq. Fikrini bir yerə cəmləyə bilməmək. İşləyirsə, işə adaptasiya oluna bilməmək problemi, işə getməmək istəkləri müşahidə olunur.
  3. İştahasızlıq. Bəzən isə həddən artıq yeməyə meyillilik yaranır. 
  4. Hər şeyə maraq itir. Hətta dost və yaxınlardan uzaqlaşmağa, az ünsiyyətdə olmağa, özünə qapanmağa başlayır. 
  5. Ümidsizlik, inamsızlıq hissləri yaranır. 
  6. Tez-tez özündən çıxmaq, enerji azalması əlamətləri müşahidə edilir. 

Ancaq bütün bunlar heç də depressiya əlaməti deyil, hansısa bir psixoloji xəstəliyin göstəricisi də ola bilər.

Bəs payız depressiyasından necə uzaq olaq?

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Musavat.com-a danışıb:

ferqane-mehmanqizi.jpg (80 KB)

 “Əslində depressiyanın fəsillərə bölünməsinin tərəfdarı deyiləm. Adətən insanın xarakterində alışqanlıq 90 gün ərzində baş verir. Yəni xüsusən də adaptasiya olmaq problemi yaşayan insanlar üçün yeni bir alışqanlığa keçmək müəyyən vaxt tələb edir. Psixologiyadan da bilirik ki, hər bir insanın individual psixologiyası var. Adaptasiya problemi olan şəxslərdə həmin müddət daha uzun çəkdiyi üçün bunun adını depressiya qoyurlar. Depressiya bir diaqnozdur və bunu insan özü-özünə  qoya bilməz. Bu işi nevropatoloq, mütəxəssis yerinə yetirir və aidiyyəti üzrə müəyyən müalicələr aparılır. Lakin diqqət etsək görərik ki, insanların depressiya dedikləri ruh halı 2 həftədən çox davam etmir, bu o deməkdir ki, şəxsə depressiya diaqnozu qoymaq olmaz. Sadəcə biz isti yaya, əyləncəyə, rəngarəngliyə daha çox alışmışıq. Payızın gəlişi ilə soyuq havalar başlayır, rəngarənglik getdikcə itir və biz soyuq qışa doğru gedirik. İnsanları da daha çox qarşıdan gələcək soyuq qış düşündürür, qorxudur. Beləliklə də bunları düşünüb, hər şeyə həvəssiz yanaşır, adını da depressiya qoyur. Əlbəttə ki, həssas insanlara Günəşin az olması, yağışın, qarın yağması təsir edir. Hətta elə həssas insanlar da var ki, payız fəslində yağış yağmayanda, hava soyuq keçməyəndə bunu narahatlıqla qarşılayırlar”.

Psixoloq depressiyadan uzaq olmağın yollarından da söz açıb:

“Bunun üçün hər şeydən həzz almaq, adaptasiya olmağa çalışmaq lazımdır. İnsanların 5 duyğu orqanı var və əslində onlar ruhun qidasıdır. Məsələn, gözəl səs, gözəl söz ruhumuzu qidalandırır. Və yaxud dadlı yemək, gözəl mənzərəyə baxmaq, toxunmaq, gözəl ətir əhvalımızı xoş edir. Bunlardan doğru-dürüst istifadə etmədikdə mənəvi aclığımız olur və bu da depressiyaya gətirib çıxarır. Depressiyanı müalicə etməyəndə isə bu, aqressiv depressiyaya, insanlarla münasibətdə kəskinləşməyə və digər neqativ hallara səbəb olur”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR