İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla Kılıçdaroğlunu birləşdirən “Sülh kəsişməsi” xəritəsi

1834 01.11.2023 10:59 Siyasət A A

Ekspert: “Onlar bu xəritəni nəvələrinə vəsiyyət edə bilərlər”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Tiflisdə “İpək yolu” forumunda “Sülh kəsişməsi” (“Crossroads of Peace”) layihəsini təqdim edib. Paşinyan bildirib ki, bu layihənin əsas məqamı Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafıdır:

“Ermənistanın cənub və şimalından keçən dəmir yolları Şərqlə Qərbi birləşdirən bir çox avtomagistral kimi otuz ildir ki, regional səviyyədə fəaliyyət göstərmir və bu yolların bərpası Xəzər dənizini Aralıq dənizi ilə həm dəmir yolu, həm də avtomobil yolu ilə birləşdirən qısa və effektiv marşrut olardı. Eynilə, bu dəmir yolu və avtomobil kommunikasiyaları Fars körfəzini Gürcüstan limanları da daxil olmaqla, Qara dənizlə birləşdirməyin effektiv yolu ola bilər. Bu proqram bizim regionun bütün ölkələrinə böyük fayda gətirəcək və mən hökumətlərin və özəl investorların diqqətini bu imkana yönəltmək istəyirəm”.

O, “Sülh kəsişməsi” üçün prinsipləri də qeyd edib:

Magistral yollar, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri daxil olmaqla bütün infrastrukturlar keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir;

Hər bir ölkə öz ərazisində, öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməli, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və adamların həmin ərazilərdən keçməsini təmin etməlidir. Yeri gəlmişkən, yaxın vaxtlarda Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq ki, onun funksiyası bizim patrul polisimizlə əməkdaşlıq şəraitində Ermənistandan keçən beynəlxalq kommunikasiyaların, keçiriləcək malların, nəqliyyat vasitələrinin və əlbəttə ki, adamların təhlükəsizliyini təmin etmək olacaq;

Qeyd olunan infrastrukturlardan həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər;

Bütün ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlı prinsip əsasında istifadə etməlidir. Belə olan halda sərhəd və gömrük nəzarətilə bağlı prosesdə müəyyən sadələşdirilmə həyata keçirilə bilər.

Hazırda Ermənistan Azərbaycanla sülh sazişi layihəsi və münasibətlərin nizamlanması üzərində işləyir. Paşinyan ümidvar olduğunu bildirib ki, yaxın aylarda bu proses uğurla başa çatacaq və münaqişə aşağıdakı prinsiplər üzrə  həll olunacaq:

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyırlar ki, Ermənistan ərazisi 29 800 kvadrat kilometr, Azərbaycan ərazisi 86 600 kvadrat kilometrdir.

Ermənistan və Azərbaycan sərhədin delimitasiyasını 1991-ci il Almatı Bəyannaməsi əsasında həyata keçirməyə razılaşırlar, bu  o deməkdir ki, Sovet İttifaqı respublikaları arasında inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib.

Diqqətçəkən məqamlardan biri Paşinyanın Zəngəzur dəhlizi terminindən istifadə etməməsidir. Sülh müqaviləsinin hələ imzalanmadığı zamanda kommunikasiyaların açılmasını ehtiva edən layihənin reallaşması suallar doğurur.

Politoloq: Qonşu ölkədə əməliyyat başlaya bilər - Video

 Nazim Cəfərsoy

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy “Yeni Müsavat”a bildirdi ki, “Sülh kəsişməsi” Paşinyanın ara-sıra dediyi “Armənskiy perekrestok”, yəni  Ermənistan yol qovşağı ideyasının davamıdır. Politoloq xatırlatdı ki, Paşinyan bir neçə həftə öncə açıqlamasında qeyd etdi ki, Ermənistan Cənubi Qafqazın sülh bölgəsi olması üçün töhfə vermək istəyir, bunun üçün Ermənistan yol qovşağı sülh yol qovşağı olaraq dəyişdirilir. Azərbaycan Zəngəzur dəhlizi ilə sərbəst keçid üçün xüsusi imtiyaz yaxud təhlükəsizlik təminatı tələb edir. Bunun üçün 3 çıxış yolu var: “1.Ermənistan Azərbaycana şərait yaratmalıdır; 2. 3-cü ölkə, bu nümunədə Rusiyanın bu şəraiti yaratmasına imkan verilməlidir; 3. Ya da Azərbaycana sərbəst şərait yaradılmalıdır. Paşinyan isə 4-cü variantı seçir və deyir ki, "Azərbaycana şərait yaradılır, amma bizə də Azərbaycandan keçib Rusiyaya getmək üçün şərait yaradılsın. Paşinyan Zəngəzur dəhlizi terminini mənimsəsə, müxalifətin əlinə yeni “kozır” verəcək. Bu da Ermənistanda qeyri-sabitlik deməkdir. Belə olan halda, sülh müqaviləsinin imzalanması da gecikəcək. Paşinyan eyni zamanda hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacağını qeyd etdi. Bu prosesi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları 10 noyabr bəyannaməsinə əsasən həyata keçirəcəklərini bildirirlər. Paşinyan bunu həm də onlara alternativ kimi təqdim edir. Zatən maddənin əvvəlində qeyd olunub ki, Azərbaycanla o şərtlə əməkdaşlığa hazırıq ki, hərə öz ölkəsində suverenliyi və təhlükəsizliyi təmin edəcək".

Azərbaycan informasiya məkanının İran casus şəbəkəsindən təmizlənməsi  vacibdir - Elçin Mirzəbəyli - Turkic World

 Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəylinin fikrincə, Paşinyanın layihəsi Ermənistanı regionun nəqliyyat habına çevrilməsini hədəfləyir və dolayısıyla absurd yanaşmanı ortaya qoyur. E.Mirzəbəyli vurğuladı ki, təqdim olunan layihə Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsinin, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin bir marşrutunun da Ermənistan ərazisindən keçməsini nəzərdə tutur: “Bu, faktiki olaraq regionun digər dövlətlərinin yükdaşımalarında olan payının azalmasına gətirib çıxaran layihədir. Eyni zamanda bu layihə region dövlətlərini bəzi məsələlərdə Ermənistanın ümidinə qoya bilər. Bu absurd iddia ilə kiminsə razılaşacağına ümid etmirəm. Orta dəhliz zatən fəaliyyət göstərir. Digər tərəfdən, Şimal-Cənub layihəsinin icrası istiqamətində ciddi addımlar atılır. Astara-Rəşt dəmir yolu xəttinin çəkilməsi bu layihənin tərkib hissəsidir. Digər seqment İran ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizdir. Prinsip etibarilə bu həm də Orta dəhlizin bir marşrutu hesab oluna bilər. Ermənistanın təklif etdiyi layihədə Şimal-Cənub layihəsinin bir marşrutunun Gürcüstan üzərindən keçməsi nəzərdə tutulur ki, bu da Ermənistanın imkanlarının gücləndirilməsi deməkdir. Bəşər tarixində heç kim məğlub ölkənin belə böyük iddialarla çıxış etməsinin şahidi olmayıb. Düşünürəm ki, bu layihənin reallaşması mümkün deyil. Ermənistan işğalçılıq siyasəti yürüdərək, qonşu ölkənin ərazisini viran qoyduqdan, hətta məğlub olduqdan sonra bölgədə üstün mövqeyə sahib olmağa çalışır. Bu isə absurddur. Xatırladım ki, Cümhuriyyət Xalq Partiyasının da belə bir xəritəsi var idi. Bu xəritələri Paşinyan da, Kılıçdaroğlu da nəvələrinə vəsiyyət edə bilər”.

Rusif Hüseynov Beyin Mərkəzlərinin forumunda çıxış edib

Rusif Hüseynov

Topçubaşov Mərkəzinin rəhbəri, siyasi analitik Rusif Hüseynov isə bildirdi ki, Ermənistanın regional formatda həyata keçirmək istədiyi bütün layihələr, o cümlədən “Sülh kəsişməsi” layihəsi Azərbaycanla razılaşma olmadan mümkün deyil: “Sülh sənədi hazırlana bilər, məsələn, çərçivə sazişi, oraya  nəqliyyat-kommunikasiya xətləri ilə bağlı müddəa daxil ediləcək. Bundan sonra sözügedən layihə üzərində iş aparıla bilər. Yaxud sülh sazişi olmadan da tərəflər müəyyən məsələlərdə razılığa gələ bilərlər. Bunu da istisna etmək olmaz. İstənilən halda sülh sazişinin imzalanıb-imzalanmayacağı həlledici rol oynayacaq”.

Nigar HƏSƏNLİ
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR