İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın yaz marafonu...

646 25.03.2023 11:30 Yazarlar A A

Azərbaycanlı gənclərin eko-ertirazlarının yüzüncü günü də tamam oldu. Əslində, lap əvvəlcədən məlum idi ki, ermənilər bu xüsusda böyük spekulyasiyalar quracaqlar.

Bu cür də oldu. Bu məsələ ilə bağlı hər gün deyildiyindən və yazıldığından biz onun üzərində xüsusi olaraq dayanmayacağıq. Tək bircə detalı qeyd edəcəyik. Bir rus saytındakı məqalədə belə bir cümlə var idi: “...Kiçik Artsaxı Ermənistanla birləşdirən yeganə yol qapanıb”...

Bəli, “Artsax blokadadır” – indi erməni siyasəti və diplomatiyası yalnız bu yalanı yaymağa köklənib.

Baxmayaraq ki, dəfələrlə deyilib və göstərilib ki, eko-etirazçılar humanitar yüklərin hərəkətinə və daşınmasına heç bir əngəl törətmirlər və etirazların baş verdiyi yoldan hər gün onlarla, bəzən isə yüzlərlə avtomobil keçir. Amma ermənilərə bu xəbərlər ona görə lazımdır ki, sülh prosesini əngələ salsınlar. Təsadüfi deyil ki, son günlərdə siyasətçilərin və diplomatların, xüsusən də onların erməni qisminin ritorikası sülhdən daha çox müharibəyə köklənib.

Bəli, onlar iddia edirlər ki, guya, “kiçik Artsax” blokadaya alınıb. Amma onu demirlər ki, həmin “Artsax”ın sərvətləri talan edilir. Burada İkinci Qarabağ savaşı zamanı əldə olunan razılaşmalara demək olar ki, əməl olunmur, Ermənistanın silahlı birləşmələri oradan çıxarılmır, əvəzində başqa yollarla bura silah-sursat daşınır...

Bəs prosesin yaxın perspektivi necə görünür? Martın əvvəlində belə optimist xəbərlər yayıldı ki, guya Brüssel prosesi bərpa olunur. Amma Paşinyan bu xüsusda da bir əngəl atdı ortaya. Bir vaxt deyirdi ki, Brüssel prosesində Fransa prezidenti E.Makron da iştirak etməlidir, indi isə israr edir ki, prosesdə separatçı rejimin təmsilçilərinin də iştirakı təmin olunmalıdır. Ona görə də prosesin nə vaxt start götürəcəyi bəlli deyil: bir daha deyirik ki, sülh xarakterli bəyanatların yerini indi hərb məzmunlu çıxışlar tutub...

Aydın məsələdir ki, Nikol Paşinyan prosesi yubatmağa çalışır. Onu buna təhrik edən səbəblər var.

Birincisi, qardaş Türkiyədə böyük zəlzələ oldu, əlli mindən çox insan həlak oldu, yüz minlərlə insan isə yaralandı, müxtəlif dərəcəli xəsarətlər aldı.

Üstəgəl, bu ölkədə qarşıdan prezident və parlament seçkiləri gəlir və məlum məsələdir ki, Ankara indi daha çox daxili problemlərə köklənib.

İkincisi, İran farağat dayanmır, İrəvanı Azərbaycana qarşı hərəkətə gətirmək üçün dəridən –qabıqdan çıxır. Tehran İrəvana siyasi və diplomatik dəstək göstərməklə kifayətlənmir, hərbi yardım edir və bu ölkəyə hərbi texnika və canlı qüvvə göndərir. İranın bu hərəkətləri heç şübhəsiz ki, Ermənistanı şirnikləndirir. Həm də ona görə ki, Tehranla Bakı arasındakı gərginliyin necə bitəcəyi heç kimə məlum deyil, bir çox təhlilçilər hətta tərəflər arasında hərbi qarşıdurmanın ola biləcəyini belə istisna etmirlər. Sonuncu ehtimal nə dərəcədə realdır?

Azərbaycan İran qarşısında tək deyil, onun qardaş Türkiyə kimi müttəfiqi, İsrail və Pakistan kimi dostları var. Hətta ABŞ Azərbaycan-İran münasibətlərini diqqətdə saxlamaqda davam edir.

Qayıdaq bir az əvvəldə səsləndirdiyimiz suala. Üçüncüsü, prosesin əsas aktorlarından biri olan Rusiya əslində, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını istəmir, çünki bu halda bölgədə Moskvaya ehtiyac qalmayacaq.

Nəhayət, axırıncı sual: bəs Qərb nə istəyir? Əslində, Qərb bir az geniş anlayışdır. Məsələn, Fransa suyu bulandırmaqla məşğuldur. ABŞ isə sülh sazişinin imzalanmasını istəyir. Amma daim “Sülh üçün fürsətdir” deyən Vaşinqton özü də prosesi mürəkkəbləşdirməklə məşğuldur və o da Moskva kimi separatçılar üçün status tələb edir...

Göründüyü kimi, Nikol Paşinyan üçün prosesi uzatmaq və revanşist ovqatda bulunmaq üçün xeyli əsaslar var. Elə bu səbəbdən düşünürük ki, Nikolun “yaz siyasi marafonu” destruktiv elementlərlə, çağırış və bəyanatlarla zəngin olacaqdır. Bir daha deyirik ki, onu buna təhrik edən çoxlu xarici amillər var. Amma ən əsası daxili amildir: Nikol da ilk növbədə ermənidir və digər ermənilər kimi o, da ölkəsi üçün əlverişli məqamın yetişəcəyinə ümid edir. Fəqət, Nikol da digər revanşist erməni siyasətçiləri kimi yanılır. Əvvəla, məsələ bundadır ki, ona ayrılan siyasi limit heç də sonsuz deyil. Ən başlıcası isə, Azərbaycan hələ bütün resurslarını hərəkətə gətirməyibdi. Bakının bunu edəcəyi təqdirdə İrəvan üçün heç də yaxşı olmayacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR