İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın sülh çağırışlarına inanmaq olarmı?..

644 07.03.2023 09:15 Yazarlar A A

Ötən həftənin sonlarında Nikol Paşinyan daha iki bəyanatla siyasi gündəmə gəldi. Ermənistanın baş naziri KTMT-ni tənqid etməklə yanaşı bəyan etdi ki, o, Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.

Amma həmişə olduğu kimi, Nikolun sülh sazişi ilə bağlı dedikləri Azərbaycanda şübhə və tərəddüd yaratdı, siyasi müşahidəçilər daha çox belə hesab etdilər ki, erməni baş naziri bu dəfə də oyun oynayır, özünü və ölkəsini sülhpərvər dövlət və ölkə başçısı kimi göstərməyə çalışır.

Fəqət, biz nəticələrlə tələsməzdik, çünki məsələ bundadır ki, siyasətdə hər şeyi maraqlar həll edir. Nikol Paşinyan bir tərəfə, bir neçə il bundan əvvəl ilk erməni prezidenti Levon Ter-Petrosyan məşhur məqalə ilə çıxış edəndə bunu heç də Türkiyəyə və Azərbaycana sevgisindən etməmişdi.

O, bir realist və praqmatik siyasətçi kimi anlamışdı ki, ölkəsinin apardığı siyasətin heç bir perspektivi yoxdur.

Nikol da həmin siyasi məktəbi, yəni Levon Ter-Petrosyan məktəbini keçibdir. Ona görə də bir qədər qeyri-ardıcıl, ziddiyyətli şəkildə olsa da, o da periodik olaraq sülh çağırışları və bəyanatları ilə çıxış edir.

Burada bir mühüm detalı da qeyd etmək lazımdır. Ermənistanın iki prezidenti - Ter-Petrosyan və Nikol Paşinyan qeyri-Qarabağ əsillidirlər və heç də təsadüfi deyil ki, onların hər ikisi münaqişənin həllində nisbətən konstruktiv mövqe tutmağa çalışıblar.

Hazırda Paşinyan ölkəsinin sükanını Qərbə tərəf yönəltməyə çalışır və Qərb də buna hissolunacaq, nəzərə çarpacaq dərəcədə dəstək verir. Elə bu detal da bizim siyasi müşahidəçilər tərəfindən birmənalı qarşılanmır.

Onlar bunu Paşinyanın Qərbin adamı olması ilə, xaricdəki erməni diasporunun təzyiqi və Rusiya ilə Qərb arasındakı indiki qarşıdurma ilə izah edirlər. Amma sadaladığımız məqamlar əvvəllər də vardı: Paşinyan əvvəllər də qərbçi idi, erməni diasporu onda da var idi, Qərblə Rusiya arasındakı qarşıdurma da bu günün hadisəsi deyil. Amma Paşinyanı heç kim saya salmırdı. Yadımızdadır ki, o vaxt onu ABŞ-da Kaliforniya merinin müavini qəbul etmişdi. İndi isə vəziyyət tamam dəyişib, sanki Qərb Paşinyanı təzədən kəşf edib. Bunun səbəbi odur ki, Azərbaycanla Ermənistan arasında sülh üçün real zəmin yaranıb. Paşinyan hakimiyyətiniin ilk günlərində belə danışmır, öz siyasi sələflərinin hərbi ritorikasını tutuquşu kimi təkrar edirdi. Təsadüfi deyil ki, o vaxt prezident Donald Trampın İrəvana gələn köməkçisi Con Bolton Nikola tamam açıq mətnlə demişdi ki, ölkəsinin vəziyyətini dəyişmək istəyirsə, onun regional siyasətini dəyişsin.

Paşinyan bir müddət buna diqqət etmədi, amma ikinci Qarabağ savaşından sonra vəziyyət ciddi şəkildə dəyişdi. Qərb də hazırda Paşinyana ona görə dəstək verir ki, regionda sülh üçün əlverişli şərait yarandığını düşünür. ABŞ və Avropa ölkələri Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışırlar. Amma bunun əvəzində İrəvanın Türkiyəyə və Azərbaycana qarşı münasibəti kardinal şəkildə dəyişməlidir. Hazırda bunun ilk rüşeymləri görünür, təkcə Paşinyan yox, digər erməni siyasətçiləri də tədricən cəmiyyətlərini yeni sülhə hazırlayır və qeyri-ardıcıl, ziddiyyətli şəkildə olsa da sülh məzmunlu bəyanatlarla çıxış edirlər.

Biz də gərək öz siyasətmizdə bu məqamları nəzərə alaq. Bilirsiniz, İkinci Qarabağ savaşından sonra imzalanmış razılaşmaların təslimçilik aktı və ya bir qeyri cür adlanmasının elə bir önəmi yoxdur. Əsas odur ki, biz irəli gedə bilək, qalan torpaqlarımızı azad edək, Ermənistanı sülh sazişi imzalamağa məcbur edə bilək. İnanın, əsas budur. Bir daha deyirik ki, hazırda çox ciddi proseslər gedir. Qərb də İrəvanı regional siyasətini dəyişməyə məcbur edəcək, əks təqdirdə, Ermənistanın daha ciddi problemləri yarana bilər. ABŞ və Avropa İrəvanı Moskva müstəvisindən uzaqlaşdırmağa çalışır, həm də onun Tehranla da yaxınlaşmasını istəmir. Deməli, qalır Türkiyə, Azərbaycan və Gürcüstan...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR