İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın sonuncu “şeş qoşa”sı – Nikol yenə xəyallara qapıldı

2023 04.10.2023 13:45 Siyasət A A

Ermənistan 20 sentyabrdan sonra dəridən-qabıqdan çıxsa da, hələ ki, Qərbə “etnik təmizləmə” dedizdirə bilməyib. Bu, mümkün də deyil. Çünki Qərb dövlətləri, hətta Fransa ermənidən çox erməni olsa belə, özünün dövlət maraqları da var.

“Etnik təmizləmə” uydurmasını təsdiqləmək nə demək? Əlbəttə ki, ardınca ona uyğun addımlar atıb Türkiyə ilə birgə Güney Qafqazın açar ölkəsi olan Azərbaycanla əlaqələri korlamaq, Avropanın energetik təhlükəsizliyində mühüm dövlətə çevrilmiş bir ölkə ilə münasibətləri qırılma həddinə gətirmək və regiona girişi öz əlinlə qapatmaq demək.

Regionun dalan ölkəsinə, “izqoy” Ermənistana görə dəyərmi? Üstəgəl, “etnik təmizlmə”yə aid bircə mötəbər dəlil-sübut ortada olmaya-olmaya! Hansı əsrdə yaşayırıq ki. İndi ötən yüzilliyin onuncu, iyirmi illəri deyil ki, daha bir “soyqırımı” nağılı uydurub Avropaya, ABŞ-a sırıyasan. Hər şey hamının gözü önündə yaşanır, dərhal da dünyanın istənilən guşəsinə gedib çatır. Yalan-palana, total saxtakarlığa daha yer yox...

Amma az qala bütün bəşəriyyəti özünə borclu bilən erməni sırtıqlığından, köhnə vərdişindən əl çəkmir. Baş nazir Nikol Paşinyan kimi. Görün dünən o, Fransa xarici işlər naziri Katrin Kolonna ilə görüşdə nə sayıqlayıb.

Sitat: “Bu çətin anlarda Ermənistana sarsılmaz dəstəyinizə, Dağlıq Qarabağda etnik təmizləmə ilə bağlı aydın mövqeyinizə görə şəxsən sizə, Fransaya və prezident Makrona təşəkkür edirəm (Kolonna “etnik təmizləmə” yox, “zorən köçkün düşənlər” ifadəsini işlədib – red.). Təəssüf ki, beynəlxalq mexanizmləri işə salmaq mümkün olmadı. Əslində biz əvvəlcədən elan edilmiş etnik təmizləmə ilə üzləşirik. Digər yandan, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda qanunsuz həbslər (? – red.) həyata keçirir ki, bu da beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır”.

Bir dəqiqə, Nikol Vovayeviç. Hansı etnik təmizləmə? Azərbaycanda oturub Azərbaycanın bayrağını, Konstitusiyasını qəbul etməyən erməni azlığa biz yalvarmalı, ayaqlarınamı düşməli idik ki, Qarabağda qalsınlar? Yoxsa getməmələri üçün onlara öz ərazimizdə ikinci erməni dövləti qurmalı idik - öz orduları, polis qüvvələri, pul vahidləri, pasportları ilə?!

Başqa hansı yol olub, Paşik bizə göstərə bilərmi, əgər həqiqətən də Qarabağı 89.6 min kv km-ik Azərbaycanın tərkib hissəsi sayırsa və Azərbaycandan da Ermənistanı 29.7 min kv km-lik ərazidə tanımağı gözləyirsə?..

Sonra. Nikol Paşinyan hansı haqq və əsasla qanunsuz həbslərdən dəm vurur, əgər tutuqlanan separatçı-banditlərin hamısı qanunlarımızı, Konstitusiyamızı, beynəlxalq miqyasda tanımış ərazi bütövlüyümüzü, sərhədlərimizi on illərlə heçə sayıblarsa, ərazimizdə qanunsuz xunta rejimi yaradıb Azərbaycan dövlətinə və xalqına meydan oxuyublarsa? Suveren torpaqlarımızda etnik təmizləmələr, olmazın cinayətlər törədib, təbii sərvətlərimizi talayıb-daşıyıblarsa?! Hansı normal dövlət cinayətkarların başını tumarlayır? Nikolun ağzından çıxanı palaz qulağı duyurmu?

Beləcə, N.Paşinyanın sabah Qrenadadakı “beşli” görüşə “şeş qoşa” ilə, davakar “gündəm”lə getməyi xəyal edir. Hədəf orada “bacıları” Makron, Şoltz və Mişellə birləşib Azərbaycan Prezidentini təkləməkdir.

Ancaq əbəs cəhdlərdir. İlham Əliyev onların topasını yerində oturtmaq iqtidarındadır. Çünki haqq-ədalət də, hərbi-siyasi güc (üstünlük) də, sahədəki durum və şərtlər də, üstün siyasi-diplomatik intellekt də, coğrafiya da bizim tərəfdədir...

Absurdun ən yekəsi isə odur ki, Azərbaycanı etnik təmizləmədə məhz 80-lərdə monoetnik ölkəyə çevrilmiş Ermənistanın rəhbəri suçlayır. O üzdən Paşinyana və komandasına məsləhət görərdik ki, artıq ehtiyatlı olsunlar, “soyqırımı” ifadəsini tez-tez dilə gətirməsinlər. Çünki durum de-fakto bərabərdir və dəyənəyin o biri tərəfi, ilahi ədalət var.

“Ermənistan bununla beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətindədir. Əslində onların burada hər hansı cinayət və ya genosid olmasıyla bağlı beynəlxalq ictimaiyyətə müraciətinin məntiqində zəif bir nöqtə mövcuddur. Birincisi, həm Qarabağdan, həm də Ermənistandan Azərbaycan əhalisi tam çıxarılıb. Azərbaycanlılar Ermənistandan 35 il əvvəl etnik təmizləməyə məruz qalıb. İşğal olunan ərazilərdə də etnik təmizləmələr baş verib. İndi ermənilər bunu genosid adlandırırlarsa, istənilən beynəlxalq qurum bundan qabaq baş verən hadisələrə də qiymət verməlidir”.

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi İrəvanın Bakıya qarşı məlum iftiralarını şərh edərkən söyləyib.

Əgər belədirsə, o zaman Azərbaycan bu diskussiyaya hazırdır. “Bizim əlimizdə yetərincə sübutumuz var ki, ermənilərin çıxması 90-cı illərdə azərbaycanlıların çıxma vəziyyəti ilə müqayisə oluna bilməz. Bu baxımdan onların təbliğ elədiyi mövqe məntiqi baxımdan zəifdir. Bakı da təbii ki, bundan istifadə edəcək. Söhbət təkcə təbliğatdan getmir, burada beynəlxalq qurumların cəlb olunması məsələsi də gündəmdə olmalıdır”, - deyə o əlavə edib.

Qısası, “bu daş, bu da tərəzi”. Oturaq danışaq. Status olacaqsa, onda Ermənistandan qovulan soydaşlarımıza da olacaq. Yox? Gedin tullanın...

P.S. Son məlumatlara görə, Qranadaya Azərbaycan Prezidenti yox, onun köməkçisi Hikmət Hacıyev gedəcək...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR