İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın hazırladığı "sirli təkliflər"də nələr var?

2891 26.08.2023 12:00 Siyasət A A

Azərbaycan XİN rəhbərindən ironik münasibət - İrəvan beynəlxalq ictimaiyyətə özünü sülh tərəfdarı kimi göstərir, paralel olaraq isə silahlanır, sərhəddə atəşkəsi pozur - Təhlil 

“İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib”. “Yeni Müsavat” yada salır ki, avqustun 24-də Ermənistanım baş naziri Nikol Paşinyan belə deyib. O əlavə edib ki, Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyir: “Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik”, - o bildirib. 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Haccə Lhəbiblə birgə keçirdiyi mətbuat konfransında Paşinyanın dediklərinə münasibət bildirib.   “Danışıqlar bəzən bir neçə gün gedir. Tərəflərdən biri geri qayıdıb şərtləri müzakirə edirlər. Bəzən qarşı tərəf 60 gün məsələnin şərhlərini müzakirə edir. Biz burada heç bir müzakirə aparmırıq. Ermənistan isə şərtlərini verəndən bir iki gün sonra bunu elan edirlər. İndi isə rekorda imza atıblar. Şərtlərini verdikdən 40 dəqiqə sonra anons veriblər”, - nazir qeyd edib.

Paşinyanın Bakıya hansı təkliflər göndərdiyi haqda bilgi yoxdur. Yada salaq ki, ötən ilin yazında rəsmi İrəvan guya Bakının 5 bəndlik sülh təklifini “tamamlayan” 6 şərtini açıqlamışdı. Bu bəndlərdən bir daha aydın olurdu ki, Ermənistan Azərbaycanla ədalətli sülh müqaviləsində maraqlı deyil və sadəcə, vaxt uzatmaqla məşğuldur. Təkcə 2-ci bəndi yada salmaq yetər: orada deyilir ki, guya Ermənistanın Azərbaycana ərazi iddiası yoxdur və ərazi bütövlüyümüzü guya hələ 1992-ci ildə, MDB-yə üzvlük zamanı tanıyıb. Ancaq Ermənistanın qüvvədə olan indiki konstitusiyasında nəinki Azərbaycana, qardaş Türkiyəyə də rəsmən ərazi iddiası əksini tapıb, üstəlik, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşməsi haqda bədnam bəyanat yer alıb. Yəni İrəvanın həqiqətən ölkəmizə qarşı ərazi iddiası yoxdursa, onda öncə öz konstitusiyasını qaydaya salmalı, beynəlxalq hüquqa uyğunlaşdırmalıdır. Hərçənd Paşinyan Müstəqillik bəyannaməsini də tənqid edib. 

Paşinyan həmin iclasda onu da deyib ki, guya Bakı Xankəndi ilə dialoqdan yayınır. “Ermənistan Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizlik məsələlərinin beynəlxalq mexanizmlər çərçivəsində müzakirə edilməsini dəstəkləyir” deyən Paşinyan bununla Bakı ilə Xankəndi arasında birbaşa dialoqun əleyhdarı kimi çıxış edir. Göründüyü kimi, Paşinyan bir tərəfdən Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edərkən, digər tərəfdən ərazi bütövlüyünü tanıdığı ölkənin daxili işlərinə qarışır. Paşinyan həqiqətən sülh istəyirsə, Qarabağ separatçılarını inandırmalıydı ki, onlar təmsilçilərini Bakıya, Yevlaxa və ya Bərdəyə göndərsinlər, Ağdam yolunun istifadəsi müzakirə edilsin. Azərbaycan heç müharibədən əvvəl beynəlxalq vasitəçilərin iştirakıyla erməni separatçıları ilə dialoqa getmirdi, müharibədə qələbədən sonra bu heç mümkün deyil. Ona görə də Paşinyanın “beynəlxalq mexanizmlər çərçivəsində müzakirə” təklifinin perspektivi yoxdur. 

Baş verənlər onu göstərir ki, İrəvanın yekun sülh müqaviləsinin imzalanmasıdnan yayınması heç də təsadüfi deyil. Məqsəd sülh müqavilənin imzalanmasını qeyri-müəyyən vaxta qədər uzatmaq, bu müddət ərzində yeni və daha ciddi təxribatlar üçün güc toplamaqdır. Çünki Ermənistan hakimiyyəti və bu ölkədəki revanşist qüvvələr yaxşı başa düşür ki, hətta havadarlarının dəstəyi fonunda belə Azərbaycana qalib gəlmələri mümkün deyil. Buna görə də, rəsmi İrəvan hər vasitə ilə sülhdən yayınmağa, ermənipərəst qüvvələrin və erməni lobbisinin dəstəyi ilə yeni qarşıdurmalar üçün qüvvə toplamağa çalışır. Beynəlxalq arenada özünə daha çox və daha ciddi himayədar tapmağa çalışan Ermənistan, məhz həmin himayədarların vasitəsilə Azərbaycana siyasi-diplomatik, eləcə də iqtisadi təzyiqlər göstərmək niyyətindədir. İrəvan hesab edir ki, əgər özünə kifayət qədər həmfikir tapa bilsə, o zaman Azərbaycana qarşı ciddi siyasi - psixoloji cəbhə formalaşdıra bilər ki, bu da ona öz məkrli məqsədlərinə çatmaqda kömək edər. Azərbaycanlı mütəxəssislər nə düşünürlər, İrəvanın göndərdiyi yeni təkliflər paketində nələr ola bilər? Sülh sənədi ilin sonuna kimi imzalana bilərmi?

Elşad Musayev: Vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalıdırlar

Elşad Musayev 

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a dedi ki, təkliflər paketinin konkret bəndləri açıqlanmalıdır: “Ancaq Bakı da müddəaları ictimaiyyətə çatdırmayıb. Görünür ki, o dərəcədə ciddi qəbul edilməyib. Ermənistan özü də təkliflər paketinin nədən ibarət olduğunu söyləmir. Məncə, İrəvan sülh sazişində maraqlı deyil, sadəcə, baş qarışdırmağa çalışır. Çünki Paşinyan bəzən geri çəkilir, ərazi bütövlüyümüzü tanıdığını bildirir, sonra başqa mövqe nümayiş etdirir. Onun səmimiyyətinə inanmaq olmaz. Ona görə sülh danışıqlarında ciddi nəticələrin əldə olunması üçün ilkin sənədlər imzalanmalıydı. Digər tərəfdən, Ermənistan hakimiyyəti sülh müqaviləsindən çəkinir, daxildə qarışıqlıq ola biləcəyini ehtimal edirlər. Bu tərəddüd də nəzərə alınmalıdır. O baxımdan yeni təkliflər paketində fərqli bəndlər gözləmirəm. Hər halda Bakı dəyərləndirib geri qaytaracaq, amma bizim 5 bəndlik baza prinsiplərimiz var, onu qəbul etsələr, sülh müqaviləsinin imzalanması asan olar. Lakin Paşinyan və komandası Qarabağ mövzusunda yenə də ”əmma"lar ortaya çıxarır". Partiya sədrinin sözlərinə görə, kənar təsirlər də sülh danışıqlarına əngəl olur: “Vasitəçilər rəqabətdədirlər. Qərb platforması hələ ki daha optimist görünür. Rusiya bunu qısqanclıqla və süngü ilə qarşılayır. Moskva deyir ki, iki Cənubi Qafqaz dövlətinin sülh danışıqlarında Avropa niyə vasitəçi olmalıdır? Bax, bu yanaşma, strateji qarşıdurma da işə mənfi təsir edir. Açığı, bu il sülh müqaviləsinin olacağını güman etmirəm. Hətta sülh müqaviləsi olmasa belə, biz Qarabağdakı yarımçıq məsələləri tam həll etməliyik. Ondan sonra Ermənistan sülh sənədi üçün yalvaracaq. Hazırda işlər asta şəkildə getməsinə baxmayaraq, bizim diktəmiz və şərtlərimiz çərçivəsində inkişaf edir. BMT dinləmələrindən sonra tamamilə pərişandırlar və sonuncu rıçaq da əldən çıxıb. Paşinyan 3 il ərzində itirdiklərinə geri dönüb yaxşı baxmalıdır və sabahla bağlı real qərarlar qəbul etməlidir”. 

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyev hesab edir ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Onun sözlərinə görə, 10 noyabr sənədi sülhə aparan bir anlaşmadır: “Əgər Ermənistan üçtərəfli bəyanatın müddəalarını tam yerinə yetirsə, sülh sazişinin imzalanması üçün bütün yollar açılar. Amma İrəvan 3 ilə yaxın müddətdir ki, öhdəliklərini icra etmir, əksinə, bölgədə hərbi təxribatlara cəhd göstərir, humanitar karvan göndərir. Bu təkliflər paketi isə bir manevrdir, guya sülh tərəfdarıdır. Bunu dünya ictimaiyyətinə nümayiş etdirir. Halbuki Ermənistan silahlanır və bütün addımları sülhə qarşıdır”.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün nə vaxt olacağı ilə bağlı hələlik məlumat yoxdur”. Bu barədə avqustun 25-də Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları istiqamətində proses davam edir: “Hazırda proses davam edir. Xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Xədicə Labiblə birgə keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunub. Yeni görüşlər barədə isə hazırda məlumat yoxdur”, - A.Hacızadə vurğulayıb.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR