İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın adamı həddini aşdı - “Uzağı ilyarıma türklər gücümüzü görəcək...”

1729 24.02.2024 13:39 Siyasət A A

“Bizə daha 1-1,5 il lazımdır ki, belimizi tam düzəldək, onda türklərlə ayrı cür danışacağıq”. “Yeni Müsavat” xəbər verir ki, bu özündənrazı, boyunu aşan iddia ilə Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Akop Aslanyan çıxış edib.

O, erməni jurnalistin Azərbaycanın “müharibə ilə hədələməsi, hərbi yolla anklavları geri alacağı” ilə bağlı sualına belə cavab verib: “Əgər Azərbaycan müharibə yolu ilə buna nail ola bilsəydi, bunu çoxdan edərdi. Hazırda bizi şantaj edirlər, deyirlər ki, anklavları verməsəniz, zorla alacağıq. Əsl şantajçı Azərbaycandır”.

Sözünə davam edən Aslanyan bildirib ki, “azərbaycanlılar Ermənistan ərazilərini tərk etmədikcə Ermənistan heç bir anklavı verməyəcək”.

“Baş nazirin açıqlamalarını izləsəniz, sözlərimizin getdikcə daha özünəinamlı olduğunu görəcəksiniz. Bunun da qayəsində ölkəmizin iqtisadi, siyasi, hərbi, bütün digər sahələrdə ləng də olsa, aydın inkişafı dayanır. Bu gün ölkəmiz yavaş-yavaş, lakin dəqiq şəkildə belini düzəldir. Türk sərhədlərimizi necə möhkəmləndirdiyimizi görür. Bir-iki ildən sonra o, bizimlə belə danışa bilməyəcək. Bu gün hərbi büdcəmizə Azərbaycandan daha çox pul ayrılır. Bizim büdcəmiz Azərbaycanın büdcəsinin yarısı olsa da, onların ərazisi bizdən 3 dəfə böyükdür”, - Aslanyan söyləyib. 

Yəni 1-2 ilə möcüzəmi baş verəcək? Aslanyan niyə hərbi amili qabardır? Fransa və Hindistandan gələn və vəd edilən silahlardımı Paşinyanın adamını belə özündənrazı və arxayın danışmağa sövq edən? 

Xatırladaq ki, Fransa bugünlərdə Ermənistana silahların yeni partiyasını yola salıb. 

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Siyasi ekspert: “Ermənilərin türklərlə başqa dildə danışmaq cəhdlərinin hansı nəticələrə gətirib çıxardığını gərək yaddan çıxarmasınlar”

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan artıq 6-cı ildir Ermənistana rəhbərlik edir. Bu altı ildə əgər o, nə isə öyrənibsə, mütləq bu Aslanyan deyilən deputatını ciddi şəkildə cəzalandırmalı, hətta ağlına gələni sərsəmlədiyi üçün partiyadan uzaqlaşdırmalıdır. Çünki bu cür sərsəm bəyanatlar Ermənistana çox ciddi problemlər yarada bilər: “İlyarıma, iki ilə türklərlə başqa dildə danışacağını deyən adamın nə siyasətdən, nə bölgədəki hərbi durumdan, nə də perspektivlərdən anlayışı yoxdur. Və Türkiyə ilə ümumiyyətlə, Ermənistanın nə vaxtsa başqa cür danışmaq şansı olmayacaq. Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində nə cür boynunu büküb oturmuşdusa, ermənilər də türklərin qarşısında həmişə o cür oturacaqlar. Erməni deputatın bəyanatı sərsəm bəyanatdır. Ermənistanın heç vaxt vəziyyəti radikal şəkildə dəyişmək şansı yoxdur. Azərbaycanın hərbi imkanları bu gün Ermənistandan dəfələrlə artıqdır və aradakı fərq gün-gündən artır. Azərbaycanın hərbi büdcəsi də Ermənistanın hərbi büdcəsindən çoxdur. Bu Aslanyan deyilən erməni deputat, deyəsən, Azərbaycanın hərbi büdcəsi barədə yetərli məlumata malik deyil. Görünür ki, Fransanın Ermənistana satdığı bəzi köhnəlmiş keyfiyyətsiz silahlar ermənilərdə mənasız ümid yaradıb. Ona görə də gözləri o qədər örtülüb ki, reallıq hissini itiriblər. Anklavlar məsələsinə gəldikdə, Azərbaycan əgər o kəndlərimizi güc yolu ilə azad etmək qərarına gəlmək istəsəydi bunu çoxdan edərdi. Azərbaycan məcbur olmasa heç vaxt Ermənistana qarşı güc tətbiq eləməyib. Ancaq Azərbaycan məcbur qalanda 27 sentyabr 2020-ci ildə olduğu kimi, 15 sentyabr 2022-ci ildə olduğu kimi, 19-20 sentyabr 2023-cü ildə və digər zamanlarda olduğu kimi ermənilərə güc göstərib və nəticələr də ortadadır. Ermənilərin türklərlə başqa dildə danışmaq cəhdlərinin hansı nəticələrə gətirib çıxartdığını Aslanyan və digər ermənilər gərək yaddan çıxarmasınlar və ayaqlarını yorğanlarına görə uzatsınlar. Təəssüf ki, ermənilərin başa düşdüyü dil budur. Ancaq Azərbaycan həmişə son ana qədər səbr nümayiş etdirib”.

Siyasi şərhçi ümid edir ki, heç olmasa anklavlar məsələsi güc tətbiq etmədən həllini tapacaq: “Lakin güman edirəm ki, bu gün Ermənistanın əsas məsələsi başqa məsələdir. Aslanyan kimilərini təcili siyasətdən uzaqlaşdırmaq lazımdır ki, Ermənistanın başına daha böyük bəlalar açmasınlar. Ermənistan hökuməti nəticə çıxarsa, anklavlar məsələsinin güc yolu ilə həll olunması variantını seçməyimizə ehtiyac qalmaz və məsələ dinc yolla həllini tapar”. 

Bu təklif Ermənistanın sülh sazişi imzalamayacağından xəbər verir” -  politoloq

Hərbi ekspert: “Paşinyanın deputatı öz xalqını yalanları, xam xəyalları ilə aldadır”

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, erməni deputat Aslanyan reallıqlardan ya xəbərsiz olduğu üçün bu cür fikirlər səsləndirib, ya da hansısa içkinin və ya maddənin təsiri altında o cür danışıb: "Əgər belə olmasaydı, erməni deputat mənim indi xatırladacağım faktları nəzərə alardı və o cür sərsəmləməzdi. Əvvəla, Azərbaycan Ordusu 44 günlük müharibədə Ermənistan ordusunu elə vəziyyətə salıb ki, erməni ordusu diz üstə çöküb və qəddini qaldırması elə də asan deyil. Bir-iki ilə dirçəlmələri də mümkün deyil. Azərbaycanın istər hərbi büdcəsi, istər ordumuzun müasir silahlarla təminatı, istər ordumuzun şəxsi heyətinin say tərkibi, istər döyüş hazırlığı Ermənistan ordusu ilə müqayisə olunmayacaq səviyyədə üstündür. Azərbaycan Ordusu Ermənistanın fərarilərdən ibarət ordusundan fərqli olaraq 44 günlük müharibədən sonra keçən illərdə də sürətlə inkişaf edib. Azərbaycan Ordusunun silah arsenalına ən müasir yeni nəsil silahlar daxil edilib, yeni komando briqadaları qurulub, Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidi sürətləndirilib və ordu bu modelə demək olar keçib və proses davam etdirilir. Bu yaxınlarda ABŞ-da yerləşən “Global Fire Power” mərkəzi 2024-cü ilin ilk hərbi güc reytinqi siyahısını açıqlamışdı. 145 ölkənin yer aldığı siyahı hərbi qüvvələrin hərəkətliliyi, döyüş meydanında aktiv qalma müddəti, təchizat, maliyyə vəziyyəti, ölkənin coğrafi mövqeyi, mövcud resursları kimi amillər nəzərə alınaraq tərtib edilib. Sözügedən siyahıya görə, Azərbaycan 59-cu, Ermənistan isə 102-ci pillədə qərarlaşıb. Ermənilərin hədələdiyi müttəfiqimiz Türkiyə ötən illə müqayisədə 3 pillə irəliləyərək 8-ci olub. 145 ölkənin sırasında Azərbaycan Ordusunun 59-cu yerə sahiblənməsi də çox yaxşı nəticədir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Ordusu gün-gündən güclənir. Bunu digər müxtəlif reytinq hesabatları da təsdiqləyir. 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti ordumuzu 20-ci əsrin müasir orduları sırasına yüksəldib. Dünyanın bir sıra hərbi məktəblərində Azərbaycan Ordusunun 44 günlük müharibədəki taktikası, əməliyyatları öyrədilir, nümunə kimi göstərilir. Diqqət edirsinizsə, açıqlanan reytinq siyahısında Türkiyə ordusu dünya üzrə 8-ci yerdədir. Bu, çox böyük nəticədir. Deməli, Azərbaycan Ordusu dünyanın ən güclü 8-ci ordusu modelinə keçir. Reytinqin yüksəlməsində bu amil də öz sözünü deyir. Şübhəsiz yaxın gələcəkdə Azərbaycan Ordusu reytinq siyahısında daha da irəliləyəcək".

Ekspert bildirdi ki, Azərbaycanın müdafiə sənayesi də inkişaf edir, bir çox silahları, mərmiləri özümüz istehsal edirik. PUA-lar istehsal edirik. Azərbaycan Ordusu elə bu ay “Akıncı” hücum PUA-larını silahlanmaya qəbul edib. Biz başqa ölkələrin ordularına da silah-sursat satırıq: “Əslində mən hesab edirəm ki, reytinq cədvəlində yerimiz daha da irəlidədir. Ermənistan açıqlanan reytinq siyahısında həm öz yerinə, həm də Azərbaycan Ordusunun yerinə baxmalı və nəticə çıxarmalıdır, mənasız qisasçılıq hissi ilə yaşayıb özlərini aldatmaq əvəzinə sülhə razılaşmalıdır. Ermənistandan olan siyasətçilər türkləri hədələməzdən öncə Azərbaycanın hərbi müttəfiqi Türkiyənin ordusunun reytinq siyahısındakı yerini, Türkiyə ordusunun gücünü, Türkiyə müdafiə sənayesinin 5-ci nəsil silahlar istehsal etdiyini göz önünə gətirsinlər. 

Ermənilər gözlərini açıb bir neçə gün öncə Türkiyə istehsalı olan milli döyüş təyyarəsi “KAAN”ın ilk uçuşu faktını da görsünlər. Beşinci nəsil qırıcı olan “KAAN” 2017-ci ildən Türkiyədə “Milli döyüş təyyarəsi” proqramı çərçivəsində yaradılıb, 2028-ci ildə isə kütləvi istehsalına başlanılacağı planlaşdırılır. “KAAN” ilə Türkiyə bu səviyyədə-5-ci nəsil təyyarə istehsal edə bilən 5 ölkədən biri olacaq. Döyüş təyyarəsi hər cür hava və yer hədəflərinə strateji hücum imkanı verəcək. O, səsdən yüksək sürətlə dəqiq və tam vurmaq xüsusiyyətləri ilə fərqlənir, radarlarda görünmür. Türkiyə və Azərbaycan beşinci nəsil “KAAN” qırıcısının yaradılması layihəsi çərçivəsində əməkdaşlıq barədə razılığa gəliblər. Ermənistan bunu da unutmasın. Mənim bu sadaladıqlarım Azərbaycan və Türkiyə ordularının imkanlarının hələ çox az hissəsidir. Cılız Ermənistan dövlətinin heç bir istiqamətdə resursları Azərbaycan və Türkiyənin ordularından güclü ordu yaratmağa və biz türklərlə haqq-hesab çəkməyə imkan vermir. Paşinyanın deputatı öz xalqını yalanları, xam xəyalları ilə aldatmasın". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR