İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı Çörçilldən “güclü” edən səbəb – erməni ingilisdən ağıllımı?

2777 25.12.2022 16:16 Yazarlar A A

Nikol Paşinyan artıq 5-ci ildir Ermənistan adlı baş tutmamış, simvolik dövlətin sükanı arxasında gün keçirir. Bu müddətə o, hətta sələflərindən belə qabağa gedərək, “Qarabağ Ermənistandır və nöqtə!” də deyə bilib, Azərbaycanın “Dəmir yumruğ”unu yeyəndən sonra kapitulyasiya aktına imza da ata!

Hələ harasıdır, “ekzotik” baş nazirin partiyası 44 günlük müharibədən sonrakı seçkiləri udmaqla dünya siyasi idarəçilik tarixində unikal bir ilkə imza atdı. Hər necə olmasa, 2-ci Dünya müharibəsinin qalib ölkələrindən olan İngiltərənin o boyda baş naziri Uinston Çörçill müharibə sonrakı ilk seçkiləri uduzmuşdu!..

Bununla belə 5 ildir bir sual açıq qalır: Paşinyan erməni xalqına həqiqətənmi xilaskar kimi gəlib, göndərilib, yoxsa? Yəqin ki, cavabı bilməyimizə çox qalmayıb.

Məsələ ondadır ki, erməni baş nazirin Bakı ilə üçüncü ildir apardığı və sonsuzadək sürməyəcək (!) sülh danışıqları boşboğazlıqdan savayı bir şey deyil, hətta “barıt qoxusu” verir. Hərçənd keçən ilki erkən parlament seçkilərində erməni elektorat məhz müharibə istəmədiyi üçün onun partiyasını qutudan qalib çıxarıb.

Hanı bəs? Paşinyan Azərbaycanla sülh sazişi yolunda iki ildə nə edib - aranı qarışdırmaqdan, vaxtı uzatmaq üçün sərsəm iddialar və ağlasığmaz şərtlər irəli sürməkdən savayı?!.

Bu arada keçirilən rəy sorğusu Paşinyanın reytinqinin azaldığını ortaya çıxarıb. Doğrudur, fərq böyük deyil. Bu da yəqin onunla bağlıdır ki, erməni cəmiyyəti “iki pisdən ən yaxşısı” kimi Nikola üstünlük vermək zorundadır və yola onunla davam edir.

Keçək sorğunun nəticələrinə.

“Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın fəaliyyətini respondentlərin təxminən 58%-i bəyənmir”.

ABŞ-dakı GALLUP İnternational təşkilatının Ermənistandakı nümayəndəsinin bu gün yaydığı məlumatda belə deyilir.
Sorğunun nəticələrinə görə, N.Paşinyanın fəaliyyətini 23,2% birmənalı şəkildə bəyənir, 14,8% daha çox bəyənir, 23,1% daha çox bəyənmir, 34,7% isə ümumiyyətlə bəyənmir. Respondentlərin 4,2%-i isə cavab verməkdə çətinlik çəkib.

Ermənistan parlamentinin reytinqi isə daha aşağıdır - 35,7% onun işinə müsbət, 57,9% isə mənfi yanaşır.

QEYD: Telefon sorğusu 5-10 dekabr 2022-ci il tarixlərində, 1100 Ermənistan sakini arasında keçirilib.

Ancaq ötən müddətdə Nikolun reytinqi azalsa da, siyasi səbatsızlığı, yalan-palanı əməllicə artıb. Bu da növbəti fakt.

Bu ilin 31 oktyabrında Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüş zamanı o bəyan eləmişdi ki, Rusiya sülhməramlıları Qarabağda müddətsiz qalmalıdır. Bununla bağlı Moskvaya və Bakıya təklif də vermişdi. Amma üç gün öncə Paşinyan Laçın yolundakı aksiya ilə bağlı danışarkən Rusiyanı asıb-kəsərək bildirdi ki, sülhməramlıları bölgədən çıxmalı və yerinə beynəlxalq təşkilatlardan ibarət missiya Qarabağa gəlməlidir.

Beləcə, Nikol nə istədiyini deyəsən heç özü də bilmir. Görünür o da amneziya xəstəliyinə düçar olub. Bir rəhbər dünən dediyini bu gün unudursa, onda heç-zad. Bu təkcə Paşinyanın çarəsizliyinə dəlalət eləmir, həm də onun artan siyasi səbatsızlığından xəbər verir.

Bizlik bir şey yox. Babalı erməni xalqının boynuna. Lideri amneziyadan əziyyət çəkən xalq qərarı özü verməlidir. Ya bəlkə erməni ingilisdən ağıllıdır?..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR