İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ŞOK AÇIQLAMA: “Hadrutu Ağdama dəyişdirməyi təklif etdim, amma...”

4626 20.06.2023 14:25 Son xəbər A A

Ermənistan baş naziri Nikol Paşinyan 9 noyabr Bəyannaməsini imzalamasının detallarını açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, 44 günlük müharibənin araşdırılması üzrə parlament komissiyasının iclasında danışıb.

“Üçtərəfli bəyanat ətrafında danışıqlar noyabrın 6-da başlayıb. Mən bu mövzuda Şuşa və Ermənistan ərazisindən keçən dəhlizlə bağlı müddəaların olmaması şərti ilə danışıqlara başlamağa razılaşdım. Həmin vaxt Azərbaycanın nəzarətinə götürdüyü Hadrut rayonunun müqabilində Ağdam rayonunu qaytarmağı təklif etdim. Bu, üçtərəfli bəyanatın imzalanması prosesinin başlanğıcı oldu. Qırılma nöqtəsində idik. Şuşanı saxlaya bilsəydik, dönüş nöqtəsi olacaqdı, bacarmasaq, onsuz da eyni vəziyyət yaranacaqdı.

Amma noyabrın 8-dən etibarən Şuşanın bir hissəsinin bizim nəzarətimizdə olduğunu nə qədər desələr də, başa düşdüm ki, daha onu tam qaytara bilməyəcəyik.

Araik Arutyunyan Xankəndinin təhlükədə olduğunu xəbər etdi. Ehtimal var idi ki, azərbaycanlılar Şuşa məsələsini əməli şəkildə həll edərək, Şuşikənddən Xankəndi istiqamətində hücuma keçəcək, Əsgərana doğru hərəkəti davam etdirəcəklər. Buradan isə Ermənistan ordusunun müdafiə bölgələrinə arxadan hücum edərək Xaterk-Sotk hissəsinə gedəcəkdilər.

Danışıqlar Rusiya Federasiyasının prezidenti vasitəsilə aparılıb, noyabrın 8-9-da onunla 20-yə yaxın telefon danışığım olub. Ümumiyyətlə, 44 günlük müharibənin bütün dövründə 60-a yaxın telefon danışığım olub.

Tezliklə məlum oldu ki, Azərbaycan Hadrut müqabilində Ağdam düsturunu qəbul etməyib və sonda müzakirələr nəticəsində Şuşadan, Ermənistan ərazisindən dəhliz yaradılmasından heç nə deməyən bir mətnə gəldik. Yeni mətndə hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizinin yaradılması, orada və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsindən söhbət gedirdi.

Mən bu mətni noyabrın 9-da səhər, yəni səhər saatlarında imzaladım, gecə yarısı yox. Lakin məlum oldu ki, Azərbaycan bu mətni imzalamır və bir sıra yeni şərtlər irəli sürür. Prosesin kuliminasiya nöqtəsi noyabrın 9-da axşam oldu və məlum oldu ki, Azərbaycan artıq praktikada razılaşdırılmış mətnə yeni əlavələr təklif edir. Bu o deməkdir ki, səhərəcən imzaladığım mətn artıq etibarlı sayılmır. Amma Rusiya Federasiyasının prezidenti Azərbaycanın Tavuş anklavlarının qaytarılması məsələsini mətnə daxil etməyi təklif etdiyini söylədi. Mən bunu istisna etdiyimi və sənədi imzalamadığımız bildirdim.

Bir müddət sonra məlum oldu ki, bu bəndin sənəddən çıxarılması ilə bağlı razılıq əldə olunub. Bununla paralel olaraq gecə yarısı hərbi əməliyyatların intensivləşdiyi və Xankəndi səmasında pilotsuz təyyarələrin göründüyü barədə xəbərlər gəlməyə başladı.

Nəhayət, çətin və uzun sürən danışıqlardan sonra mən məlum sənədi imzaladım ki, bu da səhərki variantından qat-qat pis, lakin digər təkliflərdən daha yaxşı idi. Onlardan biri Meğridən keçən dəhliz, digəri isə anklavların geri qaytarılmasını nəzərdə tuturdu.

Üçtərəfli sənədin imzalanması ilə bağlı məlumat imzalandıqdan bir neçə saat sonra açıqlandı və bu zaman döyüşlər əsasən səngimişdi. Amma bundan bir müddət sonra İrəvanda xüsusən hökumət binasına, parlamentə, hökumət iqamətgahına hücum edilib. Parlament spikeri də hücuma məruz qalmışdı”, - deyə Paşinyan kapitulyasiya bəyanatının imzalanması prosesini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR