İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə hiyləgər ampluasında - təxribat cəhdi...

1682 14.03.2024 11:56 Ölkə A A

Erməni baş nazirin xaotik açıqlamalarına Bakıdan reaksiya; bu fikirlər sülh prosesinə zərbədir

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə öz hiyləgər ampluasına sadiq qalaraq, ictimai rəyə hesablanmış xaotik açıqlamalar verib. O, dələduz mahiyyətli şəxslərin xislətinə uyğun gələn formada danışıb: gah özünü sülh tərəfdarı kimi göstərib, gah da revanşistlərin “əlinə oynayıb”. O, Qazağın hələ də erməni işğalında olan 7 kəndi ilə bağlı suala cavabında “Tavuş bölgəsində heç bir kəndin təslim edilməsindən söhbət belə getməyib və ola da bilməz” - deyib. 

Sitat: “Azərbaycan mətbuatında kəndlərin adları açıqlananda Ermənistan Respublikası ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adda kəndlər olmayıb”. Bunun ardınca isə Nikol mövcud sərhədlərin Almatı Bəyannaməsi ilə təsdiqləndiyini iddia edib: “Beynəlxalq sazişlərə görə, Sovetlər İttifaqı dövründə mövcud olan inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistanda olan Ermənistandır, Ermənistanda olmayan Ermənistanın deyil”. Sərhədlərlə bağlı saxtakarlığını davam etdirən Paşinyan faktiki olaraq işğala qədər de-yure və de-fakto Azərbaycana məxsus kəndlərlə bağlı “Ermənistanda olan Ermənistandır” deməklə, işğaldakı kəndlərimizi faktiki “özününküləşdirmə” siyasətinə rəvac verir. Bundan başqa, Paşinyan deyir ki, Ermənistan ətrafında təhlükəsizliklə bağlı vəziyyət gərgin olaraq qalmaqda davam edir: “Bura Ermənistanın ərazisidir və bizim bu sərhəddən kənarda heç bir ambisiyamız olmamalıdır. Çünki bu sərhəddən kənarda olan istənilən ambisiya bizim zəif yerimiz kimi, qanuni mövqelərimizi sarsıtmaq üçün istifadə olunacaq. Biz deyirik: bu xətdən kənar hər şey bizim deyil. Bu xətdən içəri hər şey bizimdir. Bu məntiqlə biz öz təhlükəsizliyimizi təmin edəcəyik”. 

Axı delimitasiya və demarkasiya olmadan hansı xətdən söhbət gedə bilər? Xətti Paşinyan özbaşına necə müəyyən edir? Üstəlik də, o halda ki, Paşinyan elə martın 12-də keçirdiyi brifinqdə deyib ki, Ermənistanın ərazisi 29 800 kvadrat kilometr yox, 29 743 kvadrat kilometrdir: “...Mən sizə 29.800 kvadrat kilometr ərazini əhatə edən bir epizod haqqında danışacağam. Danışıqlar zamanı Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını və heç bir ərazi iddiası olmadığını bəyan etdi. Niyə söhbət davam edir? Bir sadə səbəbə görə. Brüsseldəki danışıqlarda belə bir sual yarandı: Azərbaycan Ermənistanın ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutur? Ermənistan Azərbaycanın ərazi bütövlüyündən danışanda nəyi nəzərdə tutur?... Ərazilərlə bağlı məlumatlar Aİ Şurasının prezidentinə ötürülüb. Sonra rəqəmlərin yuvarlaqlaşdırıldığı məlum oldu. Azərbaycan tərəfi Ermənistanın dövlət orqanlarının internet saytlarında Ermənistan ərazisinin 29 800 kvadrat kilometrdən az - 29 743-dən az göstərilməsinə diqqəti çəkib. Eyni şey Azərbaycana da aiddir, rəqəm yuvarlaqlaşdırılıb. Məhz bu rəqəmlər ətrafında aparılan müzakirələrə görə müəyyən gərginlik yaranıb”... 

Bu cür xaotik, həyasız, hiyləgər və dələduzlara məxsus tonda açıqlamalardan sonra Paşinyan sülh sazişindən danışıb. O, sülh imzalanacağı təqdirdə Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsinin mümkün olduğunu bildirib: “Danışıqlar prosesində bu məsələ müzakirə olunub və olunur. Bizim mövqeyimiz belədir ki, beynəlxalq məhkəmələrdə şikayətlərin geri götürülməsi prosesin ən sonunda, sülh sazişinin müddəaları razılaşdırılanda və tərəflərin artıq onu imzalamağa hazır olması bəlli olanda müzakirə oluna bilər. Bu məntiqlidir. Sülh sazişi imzalanırsa, bir-birinə qarşı hüquqi müharibələr aparmaq nəyə lazımdır”... Paşinyan habelə etiraf edib ki, Ermənistan konstitusiya dəyişikliklərinə gedəcək, amma maraqlıdır ki, hələlik ortada hər hansı layihənin, mətnin olmadığını deyib. Nikol əgər Azərbaycana aid kəndlərin könüllü təhvilindən boyun qaçırırsa, sərhədlərin delimitasiyasını öz arzusu kimi “müəyyən” edirsə, bu, faktiki olaraq sülhdən rəsmi imtina kimi başa düşülə bilər. Bəs bu halda Azərbaycan nə edəcək? Reallıq budur ki, Ermənistan rəhbərliyinin spontan açıqlamaları sülh prosesinə zərbədir.  Sanki rəsmi İrəvan Azərbaycanın “Dəmir yumruğ”u işə salmasında maraqlı görünür. Bunun səbəbi nə ola bilər? Paşinyanın bu cür davranışını ekspertlərimiz necə qiymətləndirir?

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün  vacibdir"

Qafar Çaxmaqlı

Ermənişünas alim, professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın sərsəmləmələrini Ermənistanın özündə də şərh edirlər və bu adamın “manevrlərinin” öz başında çatlayacağı qənaətinə gəlirlər: “Bir müddət əvvəl o, çıxışlarının birində Qazax rayonuna aid "anklavlar" məsələsinə toxunaraq demişdi ki, bu kəndlərin Azərbaycanın olduğunu qəbul edirik, bu şərtlə ki, Azərbaycan da Gədəbəy ərazisində olan Başkəndin (“Artsvaşen” adlandırır-red.) bizim olduğunu qəbul etsin və bu kəndlərin dəyişdirilməsi məsələsinə baxılsın. Naxçıvanın Kərki kəndi ilə bağlı isə heç bir mübahisə yoxdur. Paşinyan bu məsələnin bir neçə dəfə müzakirə edildiyini də demişdi və hətta onu Azərbaycana güzəştə getməkdə ittiham etmişdilər. İndi “Tavuş bölgəsində heç bir kəndin təslim edilməsindən söhbət belə getməyib və ola da bilməz” deməsi ən azından ikiüzlü siyasi gedişdir. Əlbəttə, Ermənistanın ərazisində belə kəndlər olmayıb və 90-ci illərdə bu kəndlərin Ermənistan tərəfindən işğal edildiyi, orada döyüşlər getdiyi, kəndlərin yandırıldığı, azərbaycanlı əhalinin öldürüldüyü və bu kəndlərdən qovulduğu faktları hər kəsə məlumdur. Paşinyan bununla Azərbaycanın şərti sərhədlər adlandırdığı və demarkasiya və delimitasiya işlərinin davam etdiyi bir prosesin də dayandırılması məqsədini güdür. Qəribədir ki, o da Sovetlər İttifaqı dövründə administrativ sərhədləri “şərti sərhədlər” adlandırır. O zaman nədən Azərbaycanın Cermuk, Zod və başqa istiqamətlərdə yüksəkliklərə nəzarəti həyata keçirməsini guya Ermənistanın 2 min kvadratkilometrlik torpağının “işğalı” adlandırır, guya 31 erməni yaşayış məntəqəsinə Azərbaycanın girdiyini deyir, suveren Ermənistan ərazisinə müdaxilə kimi car çəkir? Paşinyan faktiki olaraq işğala qədər de-yure və de-fakto Azərbaycana məxsus kəndlərlə bağlı “Ermənistanda olan Ermənistandır” deməklə, işğaldakı kəndlərimizi “özününküləşdimə” siyasətinə rəvac verir". 

Bununla nə demək istəyir Paşinyan, məqsəd-məramı nədir? Q.Çaxmaqlı: “O, Azərbaycanı açıq şəkildə hərbi əməliyyatlar keçirməyə təhrik edir. Azərbaycanla sülh danışıqları prosesinin uzadılması üçün yeni ağılsız variantlar fikirləşir. Bütün bunları dedikdən sonra onun sülhdən danışması da beynəlxalq ictimaiyyətə ölkəsini "sülhpərvər" göstərmək cəhdidir. Paşinyan bilir ki, Azərbaycan işğal altında olan 8 kəndin azad olunması üçün hər şeyi edəcək, ona görə bəri başdan özünü sığortalamaq istəyir, həm də daxili auditoriyaya mesaj verməyə çalışır ki, o, guya Ermənistanın 29, 8 min kv.km-lik ərazisini qoruyur. Bu, əslində sülh prosesini uzatmaq cəhdidir. Çünki onun Ermənistanın sülh danışıqları prosesində ortaya çıxan 1991-ci il müstəqillik bəyannaməsində, sonra 1995-ci il konstitusiyasında qonşu ölkələrə qarşı səsləndirilən ərazi iddialarından əl çəkmək kimi bir fikri yoxdur, daxili siyasi basqılar qarşısında bunları etmək çətinliyi qarşısındadır. Bu isə sülh danışıqlarını mümkünsüz edən və gərginliyin artmasına səbəb olan cəhətlərdir".

Tural İsmayılov: “Ermənistanın Qarabağa hərbi texnikalar daşınması  Azərbaycanın antiterror əməliyyatlarını zəruri edir” | 1news.az | Xəbərlər

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə bildirib ki, hazırda Ermənistanın Qazağın 7, Naxçıvanın isə Kərki kəndini Azərbaycana qaytarmaqdan başqa yolu qalmayıb: “Rəsmi İrəvan bu məsələləri uzatmaqla nəyə nail ola bilər ki? Bu gün Ermənistanın yalnız Azərbaycanın diktəsini yerinə yetirmək seçimi var, onun başqa seçimi yoxdur və digər seçimlər onu fəlakətə aparır. Ermənistan Statistika Komitəsinin açıqladığı rəqəmlər də Ermənistandakı vəziyyətin acınacaqlı olduğunu növbəti dəfə göz önünə gətirir”. 

T.İsmayılov əlavə etdi ki, eyni zamanda bu hadisələrlə paralel olaraq, Ermənistanın dövlət büdcəsinin daxilolmaları azalıb: “Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi konflikti fonunda bu rəqəmlərin daha da kritik həddə çatacağı gözlənilir. Belə olan halda Qazağın kəndlərinin və Naxçıvanın Kərki kəndinin dərhal Azərbaycana qaytarılması zərurətə çevrilir. Delimitasiya Komissiyasının iclası da intensiv şəkildə keçirilirsə, deməli, bu məsələdə Ermənistan və havadarlarının rəsmi Bakıya şərt irəli sürmək kimi bir seçimi ola bilməz”. Ekspert bildirdi ki, 44 günlük İkinci Qarabağ müharibəsi sonrasında Ermənistanın hansısa bir şərt irəli sürməsi məntiqsizdir: “Çünki hərbi və siyasi üstünlük hələ də rəsmi Bakının əlindədir. Yəni Azərbaycanın bir çox kəndləri, o cümlədən Qazağın kəndlərini Ermənistanın işğalından azad etməyə tam qanuni haqqı var. Azərbaycanın niyyəti regionda yeni eskalasiya yaratmaq deyil. Ona görə də sülh sazişi üçün danışıqlar fonunda kəndlərin qaytarılmasına üstünlük verə bilərik. Burada önəmli məsələ Paşinyanın atacağı addımlardır. Yəni davamlı sülhdənyayınma, silahlanma, müharibə hazırlıqları görmək də sülhə inamı azaldır. Bu gün Ermənistanı narahat edən əsas məqam Qazağın kəndlərinin qaytarılması fonunda Ermənistandan Gürcüstana gedən yolların Bakının nəzarətinə keçməsidir. Amma bu boş və mənasız bir narahatlıqdır. Azərbaycan ölkələrin beynəlxalq hüquqla tanınan ərazilərinə hörmət edir. Rəsmi Bakının Ermənistanın yollarına nəzarət etmək niyyəti yoxdur”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR