İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə hətərən-pətərən danışdı – Şuşanı “Şuşi” adlandıranla barışıq mümkünmü?

3220 10.05.2022 17:50 Yazarlar A A

Erməni toplumu fitnəkar siyasətçilərinin, başabəla “liderlərinin” ucbatından az qala, ikinci əsrdir gerçəklə böyük yalanlar arasında qalıb, miflərlə yaşamağa məcbur edilir. Məsələn, günlərdi küçələrdən ayaqları yığışmayan “liderciklər” - Artur Vanetsayn, daşnak İşxan Saqatelyan populistcəsinə iddia edirlər ki, “biz də sülh tərəfdarıyıq, lakin bu sülh Ermənistan üçün rüsvayçı yox, ədalətli olmalıdır”.

Bəs nə imiş o “ədalətli sülh” erməni müxalifətinin anlamında?

Vanetsyan: “Biz birtərəfli güzəştlərə getməyəcəyik. Ermənistanın ərazi bütövlüyünün sarsılmasına imkan verməyəcəyik. “Artsax” xalqının təhlükə altında qalmasına imkan verməyəcəyik. “Artsax”ın Azərbaycanın tərkib hissəsi olmasına imkan verməyəcəyik. Müxalifət sülh gündəminin tərəfdarıdır, lakin bu sülh Ermənistanın, “artsax”ın və erməni xalqının maraqlarına söykənməlidir”.

Zavallı elə danışır ki, sanki Marsdan gəlib və 44 günlük müharibədə darmadağın edilən, kapitulyasiya aktına imza atan onun işğalçı ölkəsi deyilmiş. Əksinə, torpaqlarımızın 20%-ini sanki hələ də nəzarətdə saxlayırlar. Bizlə şərtlə danışmağına bax. Guya bunun mövqeyini saya salan, ciddiyə alan olacaq.

Artur Vanetsayn

Yeri gəlmişkən, bu həmin yaramaz Vanetsyandır ki, Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru postunu tutarkən işğal altındakı Füzuliyə gedərək, oradakı səngərlədən birində Azərbaycanın ünvanına hədyanlar püskürmüşdü. Onu da demişdi ki, “Füzuli və digər azad edilmiş ərazilər heç bir halda Bakıya qaytarılmayacaq”. Sonrası bəlli. Amma indi bu siyasi şarlatan və dələduz erməni xalqının liderliyinə iddia edir, ona “artsaxın itirilmiş ərazilərini qaytarmağı” vəd edir. Bədbəxtlər...

Hələ görün ermənilərin sevimlisinə çevrilmiş sabiq ombudsman, özünü “heç bir siyasi dəstə”yə aid eləməsə də, daşnakdan betər daşnak, Türkə nifrəti tükənməz Armen Tatoyan öz Facebook səhifəsində nə yazır. Bildirir ki, Qazaxın erməni işğalında olan 7 kəndi və Naxçıvanın Kərki kəndi heç bir halda Azərbaycana verilə bilməz, çünki onlar tarixi (!) Ermənistan ərazisidir: “Tavuşun 6 kəndinin və Tiqranaşenin (Kərki - Z.S.) delimitasiya yolu ilə Azərbaycana qaytarılacağı ilə bağlı Bakının bugünkü bəyanatları bizim üçün əsla qəbuledilməzdir. Bu perspektiv dağıdıcı təhdidlərlə doludur. Kütləvi hüquq pozuntuları, bütün əhalimizin fiziki təhlükəsizliyi və mənəvi dincliyi pozulacaq, yolların təhlükəsizliyi və icmalar arasında kommunikasiyalar, yeni qaçqınlar və s. Tavuş rayonunun adı çəkilən kəndləri və Tiqranaşen Sovet Ermənistanının tərkib hissəsi idi. Bunlar tarixi erməni torpaqlarıdır”.

Yenə qırmızı yalanlar, burdan-bura ən yaxın tarixin belə təhrif edilməsi. Qarabağın işğal altındakı ərazilər haqda da vaxtilə eyni şeyi çərənləyirdilər. Süni və qanunsuz məskunlaşma aparılan torpaqlarımızı həyasızcasına qədim “erməni torpaqları” adlandırır, dünyanı yeni “qaçqın erməni dalğası” ilə təhdid edirdilər. Cəbrayılda özlərinə hətta kilsə də tikmişdilər şərəfsizlər...

Aydındır ki, ermənilər belə siyasi juliklərin əsiri olduqca nəinki ağ günə çıxmayacaq, üstəlik, vaxtaşırı “dəmir yumruq”, “dəmir qapaz”, “dəmir şillə” yeyəcək.

Az-maz guya Nikol Paşinyan həqiqətə yaxın mövqe tutur, onu da çoxdan “Türkə satılan vətən xaini” elan ediblər. Əslində isə Nikol vanetsaynlardan, saqatelyanlardan, tatoyanlardan və digər bu kimi siyasətbazlardan çox da geri qalmaz. Bu da isti fakt. 9 mayla bağlı erməni xalqına ünvanlandığı müraciətdə görün o nə deyir.

Sitat: “Məhz atalarımızın və babalarımızın ruhu 1990-cı illərin əvvəllərində könüllülərin əzmi ilə birləşərək “artsax”ın yaşamaq uğrunda mübarizəsinin, birinci “artsax” müharibəsində qələbənin və Şuşinin (Şuşanın – Z.S.) azad edilməsinin qarantı oldu. Vətən uğrunda mübarizədə tökülən qanlara cavab - yalnız Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsi, “artsax” ermənilərinin hüquqlarının tam şəkildə həyata keçirilməsi və regionda dinc yanaşı yaşamaq ola bilər”.

Diqqət edin, “demokrat” Nikol Vovayeviç Azərbaycanın suveren ərazilərinin işğalını “qələbə” adlandırır, Şuşanın 1992-ci il işğalına radikal müxalifət kimi “azad olunma” deyir, yenə “artsax ermənilərin öz müqəddəratını təyinetmə” haqqından dəm vurur və Şuşanı “Şuşi” adlandırır.

Yerdə nə qaldı ki? Lənət şeytana, radikal müxalifət belə hətərən-pətərən danışan baş nazirin nəyindən narazıdır, anlaşılmır. Onun yerində olsaydılar, radikallar başqa hansı qələtləri edəcəkdilər ki. İşimizi möhkəm tutaq. “İlanın ağına da lənət, qarasına da!..”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR