İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan sülh sazişinin sirlərini açdı: ABŞ və Qərb Rusiyanı ən zəif yerindən vurur

7657 14.04.2022 01:29 Analitika A A

Rusiyanın Cənubi Qafqaza nəzarət mexanizmlərini qorumaq baxımından, Azərbaycan-Ermənistan sülh sazişi müzakirələrini pozmaq məcburiyyətində olan Kreml üçün erməni baş nazirin Moskvaya səfəri son şans kimi görünür; Yeni müharibədən qorxan, keçmiş səhvlərini təkrarlamaq istəməyən, tez bir zamanda sülh sazişinin imzalanmasına can atan baş naziri Nikol Paşinyanın Kremldə Rusiya prezidenti Vladimir Putinin təzyiqlərinə tab gətirməsi isə Ermənistanın gələcək taleyini təyin edə bilər...

Rusiyanın MDB məkanındakı hegemon mövqeləri zəifləməyə başlayıb. Ukrayna savaşında məğlub duruma düşən və ardıcıl beynəlxalq sanksiyalarla dünyadan təcrid olunma mərhələsində olan Rusiya artıq postməkanına əvvəlki kimi nəzarət etməkdə çətinlik çəkir. Və bu proses eynilə Cənubi Qafqazda da cərəyan edir, Kremlin region dövlətlərinə təzyiq mexanizmləri də öz təsirini itirməkdədir.

Maraqlıdır ki, Kremlin propoqanda vasitələri də əvvəlki kimi effektiv fəaliyyət göstərmir. Xüsusilə də, Ermənistanın timsalında bu, açıq-aşkar nəzərə çarpır. Rusiya Ermənistanı Qərbə verməmək üçün xarici işlər naziri Sergey Lavrovun diliylə rəsmi İrəvana nə qədər hərbi dəstək vəd etsə də, rəsmi İrəvan bunun faydalı olacağına inanmadığını gizlətməkdə çətinlik çəkir.

Məsələ ondadır ki, xarici işlər naziri S.Lavrovun rəsmi İrəvana hərbi dəstək vəd etməsini özünə təbliğat tezisi kimi qəbul edən Kremlin “propoqanda mərkəzi”nin rəhbəri Marqarita Simonyan Rusiya bayrağını və erməni separatçıların “əski parçası”nı yanaşı paylaşaraq, “artsax”ın Rusiyaya birləşəcəyini bildirib. Ancaq bunun mənasız “propoqanda mövzusu” olduğunu Marqonun özü hamədan daha yaxşı bilir.

margo-kelenter.JPG (43 KB)

Hər halda, Ermənistan parlamentində bir deputatın tribunaya qaldırdığı “artsax” bayrağının digər deputat tərəfindən dərhal oradan götürülüb, kənara atıldığından Marqo yəqin ki, xəbərsiz deyil. Üstəlik, Ermənistanın müxtəlif şəhərlərində divarlara yapışdırılmış “artsax” bayrağı üzərindəki “tetris”in rənglənməsi də M.Simonyana bir çox mətləbləri anlamaqda kömək ola bilər. Və Rusiya “propoqandasının aparıcı siması” bunlardan da nəticə çıxara bilmirsə, onda Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarını daha diqqətlə oxumalıdır.

Baş nazir N.Paşinyan Ermənistan parlamentində çıxış edərək, bildirib ki, 30 illik məhrumiyyətdən sonra heç nə almadan hər şeyi təslim etmək məcburiyyətində qalmalarına hələ də inana bilmir. Erməni baş nazir bununla anlatmağa çalışır ki, artıq hər şey itirilib və nələrisə geri qaytarmaq imkanları isə yoxdur. O, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmadığını da vurğulayır. Ardıncasa, “Qarabağ məsələsi isə ərazi deyil, hüquq məsələsidir” deməklə, Azərbaycanla yekun sülh sazişinin hansı məzmunu daşıyacağının dolayısı ilə mesajını indidən verməyə çalışır.

Təbii ki, bu, rəsmi İrəvanın yeni geopolitik şərtləri artıq qəbul etdiyini göstərir. Üstəlik, mövcud şərtlər Rusiyanın bundan sonra Ermənistana əvvəlki kimi hərbi dəstək verə bilməyəcəyini də inkaredilməz reallığa çevirib. Və böyük ehtimalla rəsmi İrəvan da hazırda bu reallığı anlamağa başlayıb.

6da05382222e66fe699e5c6490bdb0e55.jpg (44 KB)

"Ermənistan Azərbaycanın ərazi bütövlüyü qəbul edir və ərazi iddiasından əl çəkir" deyən Azərbaycan Prezidenti İlham Əliyev bu reallığı erməni baş nazirdən daha əvvəl ictimailəşdirmişdi. Eyni zamanda, Azərbaycan lideri Ermənistana hərbi dəstək verilməsinin rəsmi Bakı tərəfindən qeyri-dost davranış kimi qiymətləndiriləcəyi və buna adekvat addımlar atılacağı barədə üstüörtülü şəkildə Kremlə xəbərdarlıq da etmişdi.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti üçün Ermənistanı xilas etmək baxımından, yalnız Azərbaycanla yekun sülh sazişini mümkün qədər tez bir zamanda imzalanması ilə bağlı seçim qalıb. Ona görə də, N.Paşinyan Azərbaycanla sülh sazişinin bağlanmasının vacibliyini xüsusi olaraq, vurğulayır: “Əgər, biz bu addımı atmasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. Mən 2020-ci ildəki səhvləri bird aha təkrarlamağa hazır deyiləm”.

Erməni baş nazir Ermənistan cəmiyyətinə reallıqları anlatmaq üçün ən incə məqamları belə, açıq şəkildə dilə gətirmək məcburiyyətində də qalıb. N.Paşinyan erməni topumuna xəbərdarlıq edib ki, Qərb siyasi dairələri ona Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə kimi qalmağın təkcə "artsax" deyil, Ermənistan üçün də böyük təhlükə vəd etdiyinin açıq mesajını veriblər: “Bizə deyirlər ki, Dağlıq Qarabağ məsələsində bra z geri addım atmalısınız. Əks halda, yeni savaş başlayarsa, bizə ümid bağlamayın. Ona görə yox ki, sizə kömək etmək istəmirik. Ona görə ki, sizə kömək edə bilmirik".

modern.az_Rusiya_Ermenistan_606.jpg (29 KB)

Təbii ki, Ermənistan cəmiyyətində hələ də yeni geopolitik situasiyanın şərtlərinə müqavimət göstərməyə çalışanlar var. Erməni politoloq Andranik Hovannisyan N.Paşinyanın açıqlamasını xəyanət kimi qiymətləndirib. Onun fikrincə, N.Paşinyan Qərbin təzyiqlərini bəhanə gətirərək, Erməni cəmiyyətini “artsax” məsələsinin yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllinə hazırlayır. Sonları çatmaqda olan erməni separatçıların başçısı Arayik Arutyunyan isə hələ də “xalqların öz müqəddəratını təyinetmə hüququna bağlı mübarizə”yə sadiqliyini bəyan edir. 

Göründüyü kimi, ABŞ və Qərb Rusiya ilə Cənubi Qafqaz uğrunda mübarizəni ciddiləşdirib. Qərbdə anlayırlar ki, “artsax” mövzusu gündəmdə qaldıqca, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq mümkün olmayacaq. Ona görə də, Qərb siyasi dairələri bu məsələdə rəsmi İrəvana dəstək verməyəcəklərini açıq şəkildə bildirirlər. Üstəlik, rəsmi İrəvana Türkiyənin hərbi müttəfiqi olan Azərbaycanla hərbi qarşıdurmaya Ermənistanın Rusiyadan alacağı dəstəklə tab gətirək imkanları düzgün hesablamağı məsləhət görürlər.

Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin Rusiyanı ən zəif yerindən vurmasına qarşılıq olaraq, Kremlin Cənubi Qafqaza nəzarət mexanizmlərini qorumaq baxımından, Azərbaycan-Ermənistan sülh sazişi müzakirələrini pozmaq məcburiyyətində olduğu da şübhə doğurmur. Bu baxımdan, baş nazir Nikol Paşinyanın Rusiyaya gözlənilən səfərinin Kreml üçün son şans olduğunu da düşünmək olar. Keçmiş səhvlərini təkrarlamaq istəməyən, tez bir zamanda sülh sazişinin imzalanmasına can atan və bu məqsədlə də artıq bəzi sirləri açan erməni baş nazirin Kremldə Rusiya prezidenti Vladimir Putinin təzyiqlərinə tab gətirməsi isə regionda bir çox problemlərin həllinə yol aça bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR