İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Paşinyana qarşı – bir təlxəyin tamaşası

1720 12.11.2022 13:48 Yazarlar A A

Ermənistan baş naziri ənənəvi qlafındadır. Həm öz xalqına, dünyaya sülhpərvər, demokrat kimi görünmək istəyir, həm də revanşist-radikal kimi. Həm qərbpərəst “markası” daşımağa can atır, həm də Rusiyanın, İranın dostu kimi görünməkdən ötrü dəridən-qabıqdan çıxır. Eyni zamanda yenə ağ yalanlar üyüdür, artistlik və klounluq edir. Bəzən də özü-özünü təkzib edir - özü də bilmədən. Qısası, əsl siyasi təlxəkdir ki var.

Bu zat tipik erməni həyasızlığı ilə bir yandan, Azərbaycanı, onun rəhbərini Qarabağda soyqırımı hazırlamaqda suçlayır, o biri yandan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu vurğulayır. Ancaq dərhal da əlavə edir ki, bundan öncə sərhədlər dəqiqləşməlidir. Sərhədlərin delimitasiyası və demarkasiyası isə uzun illər, hətta on illər alan məsələdir. Yaxud “qoşunlar sərhəddən simmetrik geri çəkilməlidir”, - deyə sayıqlayır.

Görəsən sülh müqaviləsi imzalanacaqsa, hansı “soyqırımı” hazırlığından söhbət gedə bilər? İrəvan “soyqırım hazırlığı” kimi yozduğu Bakının Qarabağda antiterror əməliyyatından belə qorxursa, o zaman niyə 10 noyabr sənədinin məlum bəndlərini iki ildir icra eləmir, Qarabağdan erməni silahlılarını çıxarmır? Azərbaycanın əsas istəyi də elə bu deyilmi ki, ədavət həmişəlik bitsin, məsələ qapansın?

Azərbaycan erməni əhali üçün hansısa humanitar problem yaratmağı hədəf seçsəydi, müharibəni Xankəndində bitirərdi. Hərçənd “dişə diş, gözə göz” prinsipi ilə buna tam haqqı çatırdı. Amma Qarabağ ermənilərinə öz vətəndaşları kimi ölkə konstitusiyası çərçivəsində bütün hüquqlarına, təhlükəsizliyinə zəmanət vəd edir. Bundan artıq nə deyilməlidir?

Ən absurdu odur ki, bizə qarşı bu iddianı Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törətmiş, torpaqlarımızda etnik təmizləmə aparmış, ərazimizdə 1 milyon mina basdırmış (hələ də köçkünlər öz yurd yerlərinə qayıda bilmir!) terrorçu dövlətin - Ermənistanın rəhbəri irəli sürür!

“Ermənistan da daxil, dünyada elə bir ölkə yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi saymasın. İllüziyaya qapılmaq lazım deyil. Biz bütün dünyaya qarşı mübarizə aparmalı deyilik və apara bilmərik” – Paşinyan dünən yerli TV-yə müsahibəsində deyib.

STOP. Yenə ağ yalan. Elədirsə, yəni kapitulyant ölkə də Qarabağı Azərbaycanın qanuni torpağı hesab edirsə, özünü terrorçu dövlət yox, beynəlxalq hüquqa sayğılı normal, anlaqlı dövlət sayırsa, o zaman Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları haqda bəndlər necə olsun bəs?

Özünü bic yox, əslində gic yerinə qoyan Nikolun diqqətinə: 1995-ci ildə qəbul olunmuş Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir. Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var. Yəni “Ermənistan ərazisi” deyəndə indiki konstitusiya təkcə 29.7 min kv km-lik Ermənistan SSR-i deyil, həm də 4.4 kv km-lik DQMV-i özündə ehtiva edir – 34.1 kv km!

Ermənistanın “Müstəqillik haqqında Akt”ında (maddə 11) və konstitusiyasında (maddə 13) Türkiyə ilə bağlı “soyqırım” və təzminat iddiaları yer alır, habelə Türkiyənin qanuni torpaqları “Qərbi Ermənistan” kimi təsbit edilir. Yəni Azərbaycanla yanaşı, qardaş ölkəyə də açıq-aşkar, konstitusion səviyyədə ərazi iddiası!

Ermənistan nə vaxt bu maddələri ləğv edəcək? Paşinyan niyə bundan danışmır, öz xalqına gerçəyi başa salmır, onu yavaş-yavaş sülhə hazırlamır, əgər Qarabağı Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa?

Yeri gəlmişkən, Ermənistanın radikal-revanşist müxalifəti məhz hazırkı konstitusiyaya istinad edərək vaxtaşırı bəyan edir ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi saymaqla konstitusiyanı pozur və onun Bakı ilə ərazi bütövlüyünün qarşılıqlı tanınması haqda sülh müqaviləsi imzalamağa ixtiyarı yoxdur, imzalayarsa, bu qeyri-legitim sənəd sayılacaq. Niyə onların ağzından vurmur?

Demək, ürəyində özü də bu anormal yanaşmanın tərəfdarıdır. Təsadüfi deyil ki, erməni baş nazir dünənki müsahibədə sülh müqaviləsinin “Rusiya variantı”na üstünlük verdiyini söyləyib. Harada ki, “status” (oxu: “miatsum”) məsələsi sonraya saxlanılır. Yəni “bu dəqiqə Azərbaycana ərazi iddiamız-zadımız yoxdur, ancaq gələcəkdə olacaq!” məntiqi. Radikal müxalifətlə iqtidarın arasında incə fərq bax, budur.

Bütün dünyaya qarşı mübarizə, beynəlxalq hüquqa meydan oxumaq necə olur ki?

Sonra. 1992-ci ildə Ermənistan parlamentinin qəbul elədiyi və hələ də qüvvədə olan qanuna əsasən, heç bir erməni rəsmisi “Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi sənədlərə imza ata bilməz”.

Bu qanun indiyədək qüvvədədir. N.Paşinyan sülh istəyində səmimidirsə, öz xalqına həqiqətən müharibə, fəlakət yox, sülh arzulayırsa, nədən öncə həmin qanunu ləğv eləmir? Axı parlamentdə konstitusion çoxluq onun partiyasına məxsusdur.

Nikol və komandası nəhayət, sülh oyunlarına son qoymalı və qulağında sırğa eləməlidir: yalnız “sülh-sülh” deməklə Ermənistan sülh almayacaq. Hətta əksinə. Hələ ki, Paşinyanın öz xalqının xilaskarı olmaq şansı qalır. Hələ ki...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR