İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan niyə müharibənin gedişi haqda indi danışır? - hiyləgər gediş, yoxsa acı etiraf?

1253 22.06.2023 09:03 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan 2 il yarımdan sonra 44 günlük müharibə zamanı yaşadıqları uğursuzluqlardan, ordunun onu aldatmasından, Azərbaycanın bütün şərtləri diqtə etməsindən danışıb. Öncə bir məqama diqqət edək:

Paşinyan 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatına canlı efirdə deyil, digər məkanda imza atmışdı. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı bir neçə dəfə çıxışında açıqlama da vermişdi ki, onun həmin vaxt hansı bunkerdə olması da bilinməyib... İndi - üzərindən 2 il yarımdan da çox keçəndən sonra Paşinyan 10 noyabr bəyanatı barədə danışmağa başlayıb. O deyib ki, Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə üçtərəfli bəyanat üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları 6 noyabr 2020-ci ildə başlayıb. Paşinyan bunu 44 günlük müharibədə baş vermiş hərbi əməliyyatların şəraitinin araşdırılması üzrə parlament komissiyasının iclasında deyib. Buradan belə aydın olur ki, Paşinyan bir növ bütövlükdə erməni xalqının hansı rəzil durumda olmalarını anlatmaq istəyib. O iddia edib ki, öncə bəyanatı bir şərtlə imzalamağa razılaşıbmış ki, orada Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizlə və Şuşa ilə bağlı müddəalar olmayacaq. Bundan əlavə, Ermənistan Hadrutun müqabilində Ağdam rayonunu geri qaytarmağı təklif edib. Paşinyan Rusiya prezidentinin vasitəçiliyi ilə danışıqları davam etdirdiyini qeyd edib və 8-9 noyabr tarixlərində onlar arasında 20-yə yaxın, müharibə davam etdiyi müddət ərzində isə 60-a yaxın telefon danışığı olduğunu əlavə edib: “Qısa müddət ərzində məlum oldu ki, Azərbaycan tərəfi Ağdamın Hadrutla dəyişdirilməsi planını qəbul etmir, buna görə də tərəflər Ağdam və Şuşa haqqında heç bir maddə yer almayan mətnlə bağlı razılığa gəliblər. Bəyanatın mətnində hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizində və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi yer alıb. Mən əslində noyabrın 8-dən 9-na keçən gecə o sənədi imzaladım. Sonradan məlum oldu ki, Azərbaycan bu sənədi imzalamır və daim yeni tələblər irəli sürür...”

Paşinyanın sözlərinə görə, bunun ardınca noyabrın 9-dan 10-na keçən gecə hərbi əməliyyatların intensivliyi artıb, həmçinin Xankəndi səmasında çoxlu sayda pilotsuz uçuş aparatlarının olması barədə xəbərlər yayılıb. Paşinyan əlavə edib ki, mürəkkəb və uzun sürən müzakirələrdən sonra məlum sənədi imzalayıb. Onun sözlərinə görə, oktyabrın 19-da Rusiya prezidenti ona Azərbaycan tərəfinin yeni tələbini - 90%-i azərbaycanlı olan şəhərə əhalinin geri qayıtmasına zəmanət verilməsi barədə məlumat verib: “Rusiya tərəfi üçün bu təklif başadüşüləndir, çünki illər əvvəl danışıqlar masası üzərində olan nizamlanmanın rus variantında qaçqın və köçkünlər məsələsi nəzərdən keçirilirdi”.

Beləliklə, Paşinyan hesab edib ki, bundan belə nəticə çıxır ki, Şuşa məsələsi həmişə danışıqlar masasında müzakirə olunub. Ancaq ortadakı həqiqət budur ki, Azərbaycan rəhbərliyi Şuşa ilə bağlı bütün danışıqları, şərt cəhdlərini iqnor edib və məhz hərbi yolla, ordumuzun gücü ilə Şuşa qeyd-şərtsiz azad edilib. Maraqlıdır, Paşinyan niyə indi danışır və bununla hansı mesajları verir? Bu onun hiyləgər bir gedişidir, yoxsa sadəcə erməni xalqına hansı rəzil və haqsız durumda olduqlarını anlatmağa çalışır?

Azər Badamov: Ərdoğan və İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində  TDT daha da inkişaf edəcək

Azər Badamov: “Azərbaycanın atəşkəslə razılaşmadığını deməsi düzdür”

Deputat Azər Badamov erməni baş nazirin buradakı niyyətlərinə toxundu: “Paşinyan etiraflarla müharibədə məğlub olmasını əslində Ermənistanda uzun illər hökm sürmüş Köçəryan və Sərkisyan hakimiyyətlərinin uğursuz nəticələri kimi təqdim edir. O, 44 günlük müharibədə acı məğlubiyyətə uğramasının günahlarını özündən əvvəlki rejimlərin üstünə atır. O bildirmək istəyir ki, köçəryanlar və sərkisyanlar orduya ayrılan vəsaitləri oğurlayıb. Bununla da ictimaiyyətin ona qarşı olan aqressiyasını neytrallaşdırmağa çalışır. Paşinyan etiraflarında Azərbaycanın atəşkəslə razılaşmadığını deməsi düzdür. Çünki Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərdə Şuşasız işimiz yarımçıq qalacaq deyirdi. Ona görə də Şuşa azad olunandan sonra üçtərəfli bəyanata imza atılıb. Üçtərəfli bəyanatın 9 noyabr səhəri imzaladığını deməsində həqiqət görmürəm. Ona görə ki, Paşinyanın o bəyanatı harada imzaladığını o vaxt prezident İlham Əliyev qeyd etmişdi. İmzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiya sənədidir. Bu bəyanat Azərbaycanın diktəsi ilə hazırlanıb və Paşinyan buna imza atmağa məcbur olub. Burada sual olunur ki, Paşinyan bu məsələləri niyə indi gündəmə gətirir. Paşinyan indi onun mövqelərinin 44 günlük müharibə dövründə olduğundan möhkəmləndiyini düşünür. İndi bu etirafları etməklə öz hakimiyyətini möhkəmlətməyə çalışır. Amma Paşinyan bilməlidir ki, o, Azərbaycanın təqdim etdiyi şərtlərlə yaxın zamanlarda tezliklə sülh müqaviləsinə də imza atacaq. Biz nə deyiriksə, Ermənistan onu etməlidir”.

Saakaşvilini kimlər, niyə aldatdı ...

Azər Hüseynov: “Paşinyan ona görə indi danışır ki...”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, bütün bunların kökündə erməni baş nazirin Rusiyadan qopmaq niyyəti dayanır: “Paşinyan ona görə indi danışır ki, manevr imkanları artıb. Müharibə vaxtı Rusiyadan çox asılı idi. İndi xarici işlər nazirini ora-bura göndərir. Türkiyə ilə yaxınlaşmaq istəyir. Rusların da başı Ukraynaya qarışıb. Paşinyan deyir ki, bizi Rusiya ilə bağlı olan korrupsiyalaşmış ordu uduzdurdu. Ermənilərin ən döyüş qabiliyyətli hissəsi qondarma Qarabağ qüvvələri idi. Onlar da ordumuzin quru qoşunları tərəfindən məhv edildi. Qaldı Ermənistanın rəsmi korrupsiyalaşmış Rusiya mirası ordusuna, o da durumunu göstərdi. Paşinyan həm də deyir ki, ay xalq mən sizi bu gündə ordunun müqabilində çox qırdırmaq istəmədim. Rusiyadan danışır. Ermənilərə mesaj verir ki, bizim evimizi Rusiyaya arxayınlıq yıxdı. Azərbaycan isə savaşa sistemli hazır idi. Ona görə hücum diplomatiyasında idi. Bir sözlə, Nikol Rusiyadan qırılmaq istəyir. Amma alınmır. Bir də bu onu göstərir ki, ermənilər başından böyük qidalanmaq istəyib, amma alınmayıb”.

Pentaqon generalları İrəvanda: intensivləşən səfərlərin pərdəarxasında  Azərbaycan “izi” - 2 rəy

Şəhla Cəlilzadə: “Azərbaycanla sülh müqaviləsi imzalamaq və münasibətlərdə yeni səhifə açmaq istəyirsə...”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə qeyd etdi ki, Nikol Paşinyan çox mübahisəli siyasi fiqurdur: “O, həm "Qarabağ Ermənistandır", həm də “Qarabağ Azərbaycandır” deyən şəxsdir. Siyasi mübahisələrin və çəkişmələrin içərisində Ermənistanı gətirdiyi nöqtədə öz mövqeyini itirməmək üçün, daha bir sıra maraqlı açıqlamaları ilə də tarixə düşə bilər. O, bəlkə də gələcəkdə Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk Ermənistan rəsmisi olacaq. Hazırkı ifadələri isə 44 günlük müharibəyə dair araşdırma aparılması üçün Ermənistanda yaradılan İstintaq Komitəsinin müvafiq suallarına cavablardır. Bu ifadələr həm də manipulyativdir. Paşinyan özünü təmizə çıxarmaq üçün daha çox Ermənistan revanşistlərini, keçmiş hakimiyyətləri günahlandırır, Azərbaycanın şərtləri ilə bəyanata imza atmasaydı, bütövlükdə Qarabağda ermənilərin mövcudluğunu sual altına qoymaqla erməni cəmiyyəti qarşısında günahının, eyni zamanda məsuliyyətinin ölçüsünü azaltmağa cəhd edir. Erməni cəmiyyətinə Azərbaycanın 30 ildir çatdırmaq istədiyi fikirləri bu gün Paşinyan erməni dilindəcə onlara çatdırır. Sanki, erməni cəmiyyətini “tərbiyələndirir”. Bunu qəbul etmək üçün isə təbii olaraq, zaman lazımdır. Bu transformasiya prosesi uğurlu olarsa, Ermənistanla Azərbaycan sülh masası ətrafında özünü taparaq, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmağa nail olacaqlar.

Burada vurğulanmalı olan digər bir məsələ İstintaq Komitəsinin Azərbaycanın işğaldan azad etdiyi ərazilər haqqında “işğal edilmiş ərazilər” ifadəsini işlətməsidir. Bu da Azərbaycan tərəfində haqlı narazılığa səbəb olur. Bilirik ki, Ermənistan tarixən “miatsum”u, yəni Qarabağın Ermənistana birləşdirilməsini dəstəkləyib. Bu, onların bir sıra qanunvericilik aktlarına da sirayət edib. Ermənistan Ali Şurası (Parlamenti) tərəfindən 8 iyul 1992-ci ildə qəbul edilən qanun faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü rədd edir, tanımır. Bu qanunun 2-ci maddəsi “DQR haqqında” adlanır və burada qeyd olunur: “Dağlıq Qarabağın Azərbaycan tərkibində saxlanacağı barədə istənilən bir sənədin imzalanması Ermənistan Respublikası üçün qəbuledilməzdir”. Odur ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq və münasibətlərdə yeni səhifə açmaq istəyirsə, Ermənistan müvafiq qanunun qüvvədən düşdüyünü açıq şəkildə qeyd etməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR