İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Kremlə xəyanət edir: Rəsmi İrəvan ABŞ və Rusiya arasında vurnuxur

2126 22.03.2022 19:51 Analitika A A

Ancaq hazırda Ermənistanın gələcək taleyi ABŞ və Rusiyadan daha çox, məhz Azərbaycan-Türkiyə İttifaqından birbaşa asılı vəziyyətdədir; Halbuki, rəsmi İrəvan Azərbaycan ilə sülh sazişinin müzakirəsi ilə bağlı prosesə bir-birinə düşmən olan ABŞ və Rusiyanı eyni vaxtda cəlb etmək cəhdilə Ermənistanın mövcudluq şansını növbəti dəfə riskə atır...

Ermənistan indiki qəliz geopolitik situasiyada çaşqın vəziyyətə düşdüyünü qətiyyən gizlədə bilmir. Rəsmi İrəvanın atdığı son addımlar xaotik xarakter daşıyır. Və gələcək nəticələri də kifayət qədər ciddi şübhələr doğurur.

Xüsusilə də, rəsmi İrəvan Ukrayna savaşına münasibətdə necə mövqe tutacağını hələ də müəyyən edə bilməyib. Çünki, bu qondarma dövlətin müstəqil xarici siyasət strategiyası mövcud deyil. Ona görə də, qəliz geopolitik situasiyalarda qeyri-ardıcıl davranışlar ilə ziddiyyətli addımlar atır.

Maraqlıdır ki, belə ziddiyyətli davranışlar rəsmi İrəvanın Ukrayna savaşına yönəlik addımlarında özünü göstərir. Əslində, Rusiyanın ikitərəfli və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə hərbi müttəfiqi kimi Ermənistanın mövqeyi açıq və konkret olmalıydı. Yəni, hərbi müttəfiqlik öhdəliklərinə görə, rəsmi İrəvan Rusiyanı dəstəkləməyə borclu idi. Üstəlik, rəsmi İrəvan II Qarabağ savaşında Rusiyadan məhz qeyd-şərtsiz, tərəddüdsüz hərbi dəstək gözlədiyini bəyanlayırdı. Hətta Kremli öz hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə suçlayırdı.

pasha-sorossss.jpg (92 KB)

İndi dövran dəyişib və rəsmi İrəvanın Rusiyaya qeyd-şərtsiz və tərəddüdsüz dəstək verməli olduğu situasiya yaranıb. Ancaq Paşinyan hakimiyyəti xaotik şəkildə gah sağa, gah sola istiqamət alır. Rusiyanı açıq şəkildə dəstəkləməyə cəsarəti çatmır. Çünki Nikol Paşinyanı hakimiyyətə gətirən "Soros" Fondunun timsalında ABŞ bundan narazı qala bilər. Hətta Ermənistanda Ukrayna savaşına ictimai reaksiya da rəsmi İrəvan tərəfindən qrafikləşdirilib. Ermənilər bir gün meydanlara toplanıb, Rusiyanı dəstəkləyirlər, növbəti gün isə prezident Vladimir Putinin Haaqa məhkəməsində mühakimə olunmasını tələb edirlər. Yəni, rəsmi İrəvan siyasi riyakarlığın bütün modellərini sınaqdan çıxarır. Həm ABŞ-a, həm də Rusiyaya eyni vaxtda yarınmağa çalışır.

Ancaq rəsmi İrəvanın unutduğu çox önəmli məqam da var. Belə ki, ABŞ-a və Rusiyaya eyni vaxtda yarınmağın həm təhlükəli, həm də mənasız olduğunu hələ də anlamaqda çətinlik çəkirlər. Çünki bu iki dövlətin eyni vaxtda Ermənistanı birlikdə müdafiə edəcəklərinə yalnız sadəlövhlər inana bilər.

Digər tərəfdən, Cənubi Qafqazda da bir çox şeylər artıq ciddi şəkildə dəyişib. Bu regionda həm Rusiyanın, həm də ABŞ və Qərbin öz maraqlarını təmin etmələri üçün Ermənistan həlledici faktor deyil. Və Ermənistanın geopolitik əhəmiyyəti çoxdan beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən artıq ciddiyə alınmır. İndi Cənubi Qafqazda maraqları olan supergüclərin ilk növbədə Azərbaycan-Türkiyə ittifaqı ilə anlaşmaya ehtiyacı var. Və indi Ermənistanın gələcək taleyi də məhz bu ittifaqdan birbaşa asılı vəziyyətdədir.

Ona görə də, hazırda rəsmi İrəvan üçün qondarma Ermənistan dövlətinin qorunması baxımından, iki qonşu Türk dövləti ilə münasibətlərin normallaşdırılması əsas hədəf olmalıdır. Əslində, rəsmi İrəvan bu reallığı anlasa da, hələ də Azərbaycan-Türkiyə ittifaqının geopolitik iradəsindən yayına biləcəyinə ümid bəsləyir. Bununla belə, ləng də olsa, həm Türkiyə, həm də Azərbaycan ilə "siyasi-diplomatik bazarlıq" cəhdləri edir.

Məsələ ondadır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılmasına böyük önəm verdiklərini etiraf etmək məcburiyyətində qalıb. Erməni nazir Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə münasibətlərin normallaşması istiqamətində müəyyən anlaşmaların əldə olunduğunu vurğulayıb. O, bildirib ki, bu, prosesin davamında atılacaq addımlar baxımından, böyük önəm daşıyır.

2f56a7d9af433314345d68d126d3107e.jpg (163 KB)

Ancaq erməni nazir Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Azərbaycanın rolu barədə danışmaqdan yayınmağa çalışıb. Çünki, heç kəsə sirr deyil ki, Türkiyə-Ermənistan münasibətləri böyük ölçüdə məhz rəsmi Bakının maraqları üzərindən tənzimlənir. Rəsmi Ankara Ermənistandan Azərbaycanın sülh sazişi ilə bağlı 5 əsas şərtinin qəbul olunmasını tələb edir. Və rəsmi İrəvanın buna qarşı çıxacağı təqdirdə, Türkiyə ilə münasibətləri normallaşdıra biləcəyi qətiyyən real deyil.

Təbii ki, Paşinyan hakimiyyəti rəsmi Bakının 5 şərtinə münasibətdə cığallıq etməyə çalışır. Ən azından, rəsmi Bakı ilə sülh sazişi imzalanması üzrə danışıqlar prosesini mümkün qədər uzatmağa cəhd göstərir. Və qazanılmış vaxtın sayəsində Ermənistana daha effektiv beynəlxalq dəstəyin verilmə ehtimalına ümid bəsləyir.

Ona görə də, rəsmi İrəvan Azərbaycanın 5 şərtinə ziddiyyətləri dərinləşdirə biləcək bəzi əlavələrin edilməsinə xüsusi həvəs göstərir. Bir tərəfdən, "Qarabağ xalqının hüquqlarının və status məsələsinin Ermənistan üçün prinsipial xarakter daşıdığını" bəyanlayır. Digər tərəfdən isə regionda uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayır. Və Ermənistanın belə mövqe tutmağa çalışmasının nə qədər ziddiyyətli olduğunu yəqin ki, rəsmi İrəvan da anlamamış deyil.

Məsələ ondadır ki, "Qarabağ xalqı" mövcud deyil, bunu rəsmi İrəvan son vaxtlar uydurmağa çalışır. Sadəcə, Azərbaycanın Qarabağ regionu, eyni zamanda, rus sülhməramlı qüvvələrin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə yaşayan erməni sakinlər var. Və rəsmi Bakı bu regionda heç bir halda, xüsusi statusun olmayacağını birmənalı şəkildə bəyanlayıb, bu mövqedən imtina edilməsi də artıq mümkün deyil.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Ona görə də, rəsmi İrəvan Cənubi Qafqazda davamlı sülh istəyirsə, Azərbaycanın bu mövqeyi ilə barışmaq məcburiyyətindədir. Üstəlik, rəsmi İrəvan onu da artıq nəzərə almalıdır ki, rəsmi Bakı Azərbaycanın Qarabağ regionu ilə bağlı heç bir məsələni Ermənistanla müzakirə etmək niyyətində deyil. Bu, yalnız Azərbaycanın daxili məsələsidir.

Ona görə də, rəsmi İrəvanın "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası" ilə bağlı təklifləri sadəcə, sülh sazişinin imzalanmasını gecikdirmək cəhdlərindən başqa bir şey deyil. Üstəlik, rəsmi İrəvanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların məhz Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi üzərindən aparılması təklifi də həm məntiqsiz, həm də mənasızdır. Çünki, rəsmi Bakı "Dağlıq Qarabağ münaqişəsi"nin artıq nizamlandığını birmənalı şəkildə bəyan edib və nəticədə Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyası sona çatıb.

Digər tərəfdən, Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üzrə danışıqlar prosesində vasitəçilik etməsi üçün də hüquqi mandatı mövcud deyil. Bu qurum Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesinə vasitəçilik etmək hüququ da yoxdur. Və belə vəziyyətdə Minsk Qrupu barədə mövzusunu gündəmə gətirmək situasiyanı qəlizləşdirmək cəhdidir.

Nəhayət, Minsk Qrupu həmsədrlərindən olan ABŞ artıq digər həmsədr ölkə Rusiyanı özünə düşmən elan edib. Eyni zamanda, üçüncü həmsədr Fransa da nə qədər Ermənistanın himayədarı olsa da, Rusiyaya qarşı ABŞ-la eyni düşərgədə yer alır. Yəni, rəsmi İrəvan bir-birinə düşmən olan həmsədrləri necə müzakirə masasına əyləşdirib, Cənubi Qafqazda sülh prosesinə nail olacağı yəqin ki, heç Paşinyan hakimiyyətinə də aydın deyil. Yəni, indi Minsk Qrupuna hansısa məsələnin həllini həvalə etmək həmin problemin heç vaxt nizamlanmayacağı anlamına gəlir. Ona görə də, rəsmi İrəvan əgər, həqiqətən sülh istəyirsə, birbaşa Azərbaycan ilə danışıqlar aparmağa məcburdur. Çünki, bundan sonra Ermənistana ümid bəslədiyi dəstəyi heç kim verməyəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR