İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hakimiyyətinə münasibətimizi dəyişməliyikmi?

1171 16.04.2022 11:05 Yazarlar A A

Dialektikanın banilərindən biri, yunan filosofu Heraklit həqiqətən də haqlıymış: zaman keçdikcə hər şey axır və hər şey dəyişir. Ona görə də bu gün Ermənistanda müşahidə etdiklərimiz nə utopiyadır, nə də yuxu, tamam-kamal gerçəklikdir.

Yadımızdan çıxmayıb, bir vaxtlar eks-prezident Levon Ter-Petrosyanın məşhur məqaləsi çıxanda hamımız necə də təəccüblənmişdik!

Bu məqaləyə indiyədək istinad olunur, Ter-Petrosyanın özü isə realist, xalqına həqiqəti deməyə çalışan siyasətçilərə aid edilir. Bəli, onun cəsarəti özünə də baha başa gəldi, istefa verməli oldu...

Bunları niyə xatırladırıq? İndi Ermənistanda Azərbaycanla sülhdən danışmaq adi haldır. Bu haqda Paşinyanın özü, onun nazirləri, deputatlar danışır. Ona görə də Paşinyan hakimiyyətinə münasibətimizi dəyişməliyik.

Ola bilsin, bu, bir qədər mübahisəli səslənəcək, amma erməni siyasətçilərinin, ictimaiyyətçilərinin və jurnalistlərinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə müstəvilərindəki sülh təşəbbüslərini qəbul etmələri üçün Paşinyan çox çalışır. Ona da bu asan başa gəlmir. Amma o, hər şeyi edir ki, sülh təşəbbüslərini cəmiyyətin daha çox təbəqələri qəbul və müdafiə etsin.

66.jpg (18 KB)

Bu günlərdə belə bir xəbər gəldi ki, erməni tərəfi Azərbaycanın təklif etdiyi beş baza prinsipini qəbul edib.

Bunun ardınca baş nazir N.Paşinyanın özü bəyan etdi ki, Bakı ilə sülh sazişi imzalamağa hazırdır.
Əvvəllər belə şey yox idi. Tərəflər illərlə ortaq məxrəc tapa bilmirdilər. Bakı mərhələli həll variantı, İrəvan isə paket variantı üzərində israr edirdi. İndi bunların heç biri yoxdur: Qarabağın statusu haqqında burada söz belə yoxdur. Vaxtilə tərəflər bu məsələdən ona görə çıxış yolu tapa bilmirdilər ki, Ermənistanın sərəncamında işğal olunmuş rayonlar vardı və onlar bununla Bakıya daima təzyiq edirdi. Sözsüz, indiki vəziyyət ümid verir və sevindirir.

Əlbəttə, əsas söz yox, işdir. Bu problem var. Amma zaman keçdikcə o də həllini tapacaq. İndiki vəziyyətdə biz başa düşməliyik ki, Paşinyan hakimiyyətilə işləyə bilərik. Bu hakimiyyətin əvəzinə daha yaxşı hakimiyyət yaxın dövrdə gəlməyəcək.

Ona görə də ona etimadla və konstruktiv yanaşmaq lazımdır. Ermənistana qarşı təzyiq rıçaqlarımızı da unutmamalıyıq– təcavüzkarı daim sülhə məcbur etmək lazımdır. Bu günlərdə məlum oldu ki, Stepanakertin qazla təchiz olunması Bakıdan asılıdır. Bunun özü çox ciddi təzyiq vasitəsidir...

Üstəgəl, Rusiyaya qarşı sanksiyalar Ermənistana da neqativ təsir göstərəcək. Ən müxtəlif səviyyələrdə Ermənistanın diqqətinə daim çatdırılıb ki, onlar ölkələrinin regional siyasətini dəyişsinlər, Türkiyə və Azərbaycanla yeni siyasət qursunlar, çünki hər bir dövlətin tərəqqisi onun qonşuları ilə münasibətlərindən asılıdır. Paşinyanın özünün diqqətinə bu, təkcə ABŞ diplomatı Con Bolton tərəfindən deyil, erməni əsilli amerikalı iqtisadşçı Daron Əcəmoğlu tərəfindən də çatdırılmışdı.

Hiss olunur ki, Paşinyan bu yazılmamış həqiqəti anlamağa yaxındır. Bu, çox ciddi məqamdır. Regionda Ermənistanın partnyorları İran və Rusiyadır. Amma onların hər ikisi ağır sanksiyalar altındadır. Etiraf edək ki, Moskvanın yadına indi Ermənistan düşmür. Yaxın gələcəkdə isə bu vəziyyət daha da gərgin olacaq, çünki Ukrayna ilə müharibə Rusiyanı tamamilə öz ağuşuna alacaq.

Bu günlərdə qonşu dövlətlərin – Polşanın, Litvanın, Latviyanın və Estoniyanın prezidentləri, buna qədər isə Böyük Britaniyanın baş naziri Kiyevə səfər etdi. Bu, çox ciddi mesajdır və mənası da budur ki, Kreml Kiyevi görməyəcəyini anlamalıdır...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR