İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan gedir... yerinə o gələcək? – Qərbin “B planı”

2265 30.01.2024 14:02 Siyasət A A

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hakim “Mülki Müqavilə” partiyasının üzvləri ilə münasibətləri “güclü inamsızlıq zonasına keçib”. Bu barədə “Hraparak” erməni qəzeti yazıb.

Nəşr iddia edir ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi düşərgədə Qriqoryan hansısa məqamda komandadan ayrılaraq “önə keçdiyi üçün” Nikolun daha öz qərbyönlü silahdaşına qarşı isti münasibəti yoxdur və hətta “artıq hamı Qriqoryanın Qərb tərəfindən seçilmiş və Paşinyanın varisi qismində görməkdədir”.

“Və əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, Azərbaycanla sülh sazişi imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun yerinə Armen Qriqoryanın gəlməsi mümkündür. Hansı ki, öz planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə reallaşdırsacaq” – qəzet vurğulayıb və onu da əlavə edib ki, əgər komandadaxili müzakirələrdə Paşinyan əvvəllər bu ssenarini ciddi qəbul etmirdisə, indi Qriqoryanın Qərblə “müstəqil oyunu”ndan narahat olmağa başlayıb...

Öncə qeyd edək ki, bir çox müşahidəçilərə görə, Nikol Paşinyan komandasında Bakı ilə sülh sənədi imzalanması ilə bağlı ən konstruktiv mövqe Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlamentin spikeri Alen Simonyan tərəfindən sərgilənir. Bu da diqqətçəkicidir ki, qatı anti-Rusiyaçı kimi tanınan Armen Qriqoryan az qala hər ay ABŞ-a səfər edən yeganə Ermənistan rəsmisidir. Onun Moskvaya axırıncı dəfə nə vaxt getdiyini isə heç özü də yəqin ki, xatırlamır.

Rusiyaya gəlincə, aydındır ki, açıq-aşkar qərbyönlü birisindənsə, ona Nikol Paşinyan daha sərfdir. Ancaq fors-major vəziyyətlər olmazsa (çevriliş və s.) bu, hakimiyyət dəyişikliyi Moskvadan asılı olmayan məsələdir. Çünki baş nazir təyinatını parlamentdəki çoxluq müəyyən edir ki, o da hakim “Mülki Müqavilə” fraksiyasına məxsusdur.

Hərgah Ermənistan hələ də Rusiyanın güclü asılılığında qalır. Onun Türkiyə və İranla sərhədlərini rus əsgərləri qoruyur, İrəvan beynəlxalq hava limanında təhlükəsizliyi FTX (“FSB”) təmin edir, ölkənin energetik sferası (təbii qaz təchizatı, Metsamor AES və s.), iqtisadiyyatı, hava məkanı əsasən Moskvanın nəzarətindədir, Rusiyada yüz minlərlə erməni əmək miqrantı ailəsinə çörək qazanır. Gümrüdəki rus hərbi bazası da öz yerində...

Lakin bu da var ki, İrəvanda ən çox (3 minə yaxın) əməkdaşı olan səfirlik məhz ABŞ-a məxsusdur. Yeri gəlmişkən, hələ indiyədək olmayıb ki, Birləşmiş Ştatlar Azərbaycandakı kimi Ermənistandakı yeni səfirinin təyinatını da aylarla, hətta bir ildən çox gecikdirsin.

Ötən həftə isə xəbər yayıldı ki, ABŞ Ermənistanda daha bir hərbi-bioloji laboratoriya yaratmaq niyyətindədir. Bununla da Birləşmiş Ştatların Ermənistandakı belə laboratoriyaların sayı 13-ə çatacaq. Yerli medianın yazdığına görə, bununla əlaqədar Ermənistanla ABŞ-ın müdafiə nazirlikləri arasında müqavilə imzalanıb. O da maraqlıdır ki, yeni laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək (Azərbaycanda belə laboratoriya yoxdur).

Əlbəttə, bütün bunlar Moskva ilə “ikili” oyunlara rəğmən, İrəvanın Vaşinqtonla yetərincə siyasi-diplomatik uzlaşma içində olmasından və sonuncunun tövsiyələri, hətta “yol xəritəsi” əsasında hərəkət etdiyindən xəbər verir. Demək, ABŞ-ın Paşinyanla bağlı “B planı” istisna deyil. Əsas odur ki, iqtidara sırf Rusiyaya bağlı qüvvə gəlməsin...

Bu Paşinyanın özünə də əl verir. Birinci o səbəbə ki, revanşistlərdən kiminsə baş nazir postunu tutması onun və ailəsi üçün risk deməkdir. Nikol Vovayeviç həbsə belə atıla bilər. İkincisi isə, A.Qriqoryan Paşinyanın imzaladığı bütün beynəlxalq sənədlərə, özəlliklə 10 noyabr (2020) üçtərəfli bəyanata sadiq qalacaq, hakimiyyətdə siyasi vərəsəliyi təmin edəcək.

Revanşist baş nazir haqda isə buna söyləmək çətindir. O halda sülh prosesi “sıfır nöqtəsi”nə qayıda, “Vaşinqton platforması” həmişəlik gündəmdən çıxa, həbi-bioloji laboratoriyalar məsələsi isə gündəmə gələ bilər. Yekun etibarilə Amerikanın Ermənistandakı dayaqlarının sarsıdılmasına başlanacağı istisna deyil.

Bu mənada Paşinyanla Qrioryan arasında hansısa gərginliyin yaşanması haqda iddiaların strateji yox, sırf cari xarakterli olduğu ehtimalı böyükdür. Şübhə yox ki, enində-sonunda Paşinyan onu məhz cəmiyyətdə pozitiv imicə malik qərbçi birinin əvəzləməsini istəyər, nəinki rusun “peşkası” rolunu oynayan radikal-revanşist Qarabağ klanından Eduard Şarmazanov tipli hər hansı qırğı...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR